İntiqam Əliyev «Homo Homini» mükafatını aldı
«Mənim üçün ən böyük mükafat ədalətli cəmiyyətdə yaşamaq olardı…»
Azərbaycanın tanınmış hüquq müdafiəçisi Intiqam Əliyevə Praqada “People in Need” insan haqları təşkilatının mükafatı təqdim olunub. “Homo Homini” adlanan və hər il insan haqları sahəsində fədakarlıq göstərən fəallara verilən bu mükafatı yüzlərlə yerli və xarici qonağın iştirakıyla Intiqam Əliyevə Çexiyanın xarici işlər naziri Karel Shwarcenberg təqdim edib.
Nazir çıxışında Azərbaycandakı insan haqları ilə bağlı vəziyyətə tənqidi fikirlər söyləyib. O eyni zamanda Qərb insan haqları problemlərinə daha həssas yanaşmağa çağırıb. Nazir Qərbin davranışını dəvəquşunun başını quma soxması kimi izah edib. Yeri gəlmişkən, builki mükafatlandırma mərasiminin əsas simvolu da dəvəquşu olub.
“Azərbaycanda insanların əksəriyyəti xoşbəxt deyil”
Intiqam Əliyev mükafatı Azərbaycanda ədalətli cəmiyyətin qurulması uğrunda çalışan insanlara verilən qiymət kimi dəyərləndirib. Hüquq müdafiəçisi Azərbaycandakı real durumdan bəhs edərək bildirib ki, bu ölkə təbii sərvətlərlə zəngindir, gözəl təbiəti və gözəl insanları var. Amma burada insanların əksəriyyəti xoşbəxt deyil. Hüquq müdafiəçisi səbəbini də izah edib:
“Çünki insanların özlərini xoşbəxt hiss etmələri üçün həm də onların özlərinə vətən saydıqları ölkədə azadlıqların olması vacibdir. Təəssüf ki, ölkəmdə yaşayan insanlar uzun illərdir bu azadlıqların əksəriyyətindən məhrum ediliblər. Onlar hakimiyyətin formalaşmasının yeganə legitim yolu olan azad seçki hüququndan məhrum ediliblər. Azərbaycan müstəqilliyini əldə etdiyi son iyirmi ildə bu ölkədə bütün seçkilər saxtalaşdırılıb. Siyasi opponentlərin sıradan çıxarılması istiqamətində uzun illər həyata keçirilən sistemli və davamlı siyasətin nəticəsində ölkədə təkpartiyalı siyasi sistem formalaşıb. Parlament, məhkəmə, media tamamilə hakimiyyətin tam nəzarəti altındadır.
Azərbaycanda insan hüquqlarının müdafiəsi ilə məşğul olmaq riskli bir işdir. Buna görə insanı öldürə bilərlər, jurnalist Elmar Hüseynov və yazıçı Rafiq Tağı kimi… Qondarma ittihamlarla həbs edə bilərlər… Evinə kamera qoyub, intim həyatını internet və telekanallar vasitəsilə yaya bilərlər.
Çex deputatlar niyə korrupsioner, avtoritar rejimi müdafiə etdi?
20 ildir ki, Azərbaycanın vətəndaş cəmiyyəti Avropa Şurası və digər beynəlxalq təşkilatlarla birgə siyasi məhbus probleminin çözülməsi, onun birdəfəlik aradan qaldırılması yönündə səylər göstərirlər. 20 ildir ki, siyasi məhbuslarla bağlı iş bizim vaxtımızın, enerjimizin, əsəblərimizin böyük hissəsini alır. Amma problem həllini tapmayıb və mövzu yenə də gündəmin prioritetləri sırasında qalır. Hər il yeni-yeni insanları – siyasətçiləri, jurnalistləri, gənc fəalları, hüquq müdafiəçilərini həbs edirlər, bir neçə il həbsdə yatandan sonra beynəlxalq təşkilatların səyləri nəticəsində onlar azad olunur, əvəzində yeniləri saxta ittihamlarla həbsə atılır.
Yeri gəlmişkən, Azərbaycanın vətəndaş cəmiyyəti AŞ PA-nın qız sessiyasında Ştrasserin hazırladığı siyasi məhbus layihəsinin əleyhinə səs verənlər arasında Çexiya parlamentarilərinin də olması xəbərini dərin məyusluq hissi ilə qarşıladı. Toplumda suallar yaranır: Necə oldu ki, demokratik ölkənin parlamentariləri korrupsioner, avtoritar rejimlərin, siyasi baxışlarına görə insanların təqib olunması və Avropada siyasi məhbuslar kimi utanc gətirən biabırçı durumun mövcudluğuna səs verdilər? Niyə demokratik ölkələrin hökumətləri öz ölkələrinin vətəndaşlarına qaz vermək üçün başqa bir ölkədə öz azadlıqlarını reallaşdırmaq istəyən insanları həbsə atan avtoritar hakimiyyətlərə dəstək verirlər? Azərbaycan hakimiyyəti həmin ölkələrin bu dəstəyinə öz ölkəsində yeni həbslərlə və cinayət işləri ilə cavab verdi və siyasi məhbusların siyahısına yeni adlar əlavə olundu. Bu, çox kədərlidir.
“Bu hakimiyyət ölkədə qiymətli nə varsa, məhv edir”
Azərbaycanda hakimiyyətə müxalifətdə olmaq heç zaman asan iş olmayıb. Son illər daha da çətinləşib. Həm də ona görə ki, hakimiyyət indi təkcə döydürmür, gözdən salmır, həbs etdirmir. O, xalqdan oğurladıqları hesabına hüquq müdafiəçilərini, jurnalistləri, siyasətçiləri, vəkilləri pulla alır. Vaxtilə döyülməkdən, tutulmaqdan, öldürülməkdən qorxmayan insanlar indi o məbləğlərin qarşısında davam gətirmir. Hakimiyyət etirazları zərərsizləşdirmək üçün təkcə öz ölkəsinin vətəndaşlarını deyil, həm də beynəlxalq təşkilatları, xarici diplomatları, parlamentariləri, hökumətləri də pulla almaqdan çəkinmir. Azərbaycan hakimiyyətinin Avropa Şurasındakı bu istiqamətdə fəaliyyəti ilə bağlı “Kürü diplomatiyası” adlı hesabatda ətraflı danışılır.
Öz ölkəsində müəlliminə, həkiminə 150-200 avro əməkhaqqı verən, kəndlərini qaz, su, işıq, yolla təmin etməyən hakimiyyət “Evrovision”a Almaniya, Norveç, Isveçdən qat-qat çox pul xərcləyir, Meksikada Heydər Əliyevin heykəlinin qoyulması üçün parkın açılmasına və buna oxşar layihələrə milyonlarla pul ayırır. Ölkədə yaradılan çirkab bataqlığı cəmiyyətdə qiymətli nə varsa – təhsili, elmi, ədəbiyyatı, mənəviyyatı bu çirkabın içərisində məhv edir. Bu hakimiyyət həm də buna görə təhlükəlidir.
Amma tükənməyən təzyiqlərə, repressiyalara baxmayaraq Azərbaycan cəmiyyətində son illər bir canlanma var. Insanlar 21-ci əsrdə feodal qaydaları ilə idarə olunan cəmiyyətdə yaşamaq istəmirlər. Məhrumiyyətlərə baxmayaraq, dəyişikliklər uğrunda, avtoritarizmə qarşı mübarizə aparan insanların sayı bu ölkə çoxdur. Müdafiə etdiyim insanlar arasında da belələri az deyil. Onların arasında hazırda həbsdə olan insanlar – jurnalistlər, siyasətçilər, vətəndaş cəmiyyəti fəalları var. Bu mükafat ilk növbədə həmin insanlara və toplumun azadlıqlar uğrunda çalışan kəsiminin səylərinə verilən qiymət və dəstəkdir”.
Hüquq müdafiəçisi çıxışını belə yekunlaşdırıb: “Bu çətin dövrdə ölkəmizin vətəndaş cəmiyyətinə, demokratik qüvvələrinə dəstək verən hər kəsə sonsuz təşəkkürlərimizi çatdırırıq. Ədalətli cəmiyyətdə yaşamaq insan üçün ən böyük mükafatdır. Hər birinizə bu mükafata sahib olmağı arzulayıram”.
Aytən Məmmədova