Azərbaycanı sevmək dərsləri – 2

Bəli, Ilham Əliyev və ətrafı bizi tez-tez “Azərbaycanı sevməməkdə” ittiham edir, amma heç vaxt da soruşmurlar: biz hansı Azərbaycanı sevmirik? Biz necə bir Azərbaycanı sevmirik?
Korrupsiyanın, rüşvətin at oynatdığı;
Hüquqsuzluğun diz boyu olduğu;
Cəhalətin və səfalətin həyat tərzinə çevrildiyi;
Adamlardan yüksəlmək üçün alçalmağın tələb edildiyi;
Hamıdan bir nəfərin beyni ilə düşünüb, bir nəfərin ağzı ilə danışmağın istənildiyi bir ölkəni sevmək olarmı? Biz indi bu ölkəni dəyişdirmək, biz o ölkəni çağdaş, sivil dünyanın bir parçasına çevirmək istəyirik ki, hər kəs onun vətəndaşı olması ilə qürur duysun.
Heç kim bu ölkədə doğulduğuna görə taleyini söyməsin, fələyə qarğamasın.
Azərbaycanın adının korrupsiya, işgəncə hesabatlarını bəzəməsindən utanmasın.
Öz ölkəsini bir kənara qoyub, rifahı, firavanlığı başqa ölkələrdə aramasın.
Azadlıqların, ədalətin olduğu ölkələrə kənardan həsədlə baxıb, ağzının suyunu axıtmasın.
Yaptokratlar yaxşı bilirlər ki, əslində, biz onların arzu etdikləri, qurduqları “Azərbaycan” modelini sevmirik: bir neçə adamın dədə mülkünə çevirdiyi, yerdə qalan hər kəsi qapısının qulu, rəiyyəti sandığı bir Azərbaycanı!
Düzünə qalsa, yaptokratlar da bizim xəyallarımızdakı Azərbaycana qarşıdılar. Onlar da bizim arzuladığımız Azərbaycanı sevmirlər. Onlar Azərbaycanı azadlıqlar, hüquq, ədalət, rifah ölkəsi görmürlər, görmək istəmirlər. Onlar Azərbaycanın hər kəsin özgürcə, qardaşca, bərabərcə yaşadığı bir ölkə olmasını öz səltənətlərinin, öz taxt-taclarının sonu sayırlar.
Onlar üçün Azərbaycan yalnız bir ailə və onun ailəvi dostlarından ibarətdir. Bizdən “Azərbaycanı sevməyi” tələb edəndə isə məhz özlərini sevməyimizi tələb edirlər. Özləri ilə Azərbaycan arasına bir bərabərlik işarəsi qoyublar, ona görə də Ilham Əliyevi, Kəmaləddini, Ziyanı sevməmək bunların aləmində Azərbaycanı sevməməkdir.
Guya, gülü sevirsənsə, mütləq üstündəki tikanları da sevməlisən. Guya, tikanı sevməmək gülü də sevməməkdir.
***
Bunu da yazım, mövzuya nöqtə qoyaq.
Mən həmişə vətən və millət sevgisi haqqında bəlağətlə danışanlardan qorxmuşam. Vətən sevgisini başqalarının gözünə soxanlardan hürkmüşəm.
Həmişə də qorxularımda haqlı çıxmışam.
Bu ölkədə illərdir kim daha ucadan “vətən” qışqırıbsa, onun, oğul-uşaqlarının səsi də daha yüksək vəzifələrdən gəlib.
“Millət, millət” deyə hayqıran şairlərin axırını da gördük. Zaman keçdikcə gördük ki, əslində, onlar üçün təklikdə “millət” sözü yoxdur, o sözün arxasında mütləq bir “vəkil” sözü də var.
Əvəzində isə hələ də bu ölkədə o adamların övladları şəhid olur ki, özləri “vətən”, “millət” sözlərindən bol inşa belə, yazmayıblar.
Tanrı bizi Şərlə mübarizədən qorxan, Şərlə mübarizə adamlarına nifrət edən adamların vətən və millət “sevgisindən” qorusun!
Hansı ki, o “sevgi” Şərin özündən heç də az təhlükəli deyil.
Bir yazının ardından
Srağagün “Nəsiminin son sözləri” başlıqlı bir yazı yazmışdım.
O yazı ilə bağlı diqqətli oxuculardan bir neçə məktub aldım.
Təşəkkür də vardı, irad da, yeni bilgilər də.
Təşəkkürlərə təşəkkürlə qarşılıq verib, bir iradı və bir bilgini buradan paylaşmaq istəyirəm.
Irad yazıda Bayronla bağlı yanlışlığa görə idi. “Bayronun edamından əvvəl” yazmışam, amma o, edam edilməyib, bunu əfvinizə sığınaraq düzəldirəm.
Bilgi: yazıda Bayronun son sözü kimi “Ana” dediyini yazmışam. Məgər təkcə Bayronun deyil, Vaslav Nijinski, Anatol Frans, Cüzeppe Qaribaldinin də son sözləri “Ana” olub.
Haqlı irad və maraqlı bilgi üçün də sevgili oxuculara təşəkkürlər!