Artıq eşitmiş olarsınız, Bakıda fantastik qiymətə olimpiya stadionu tikilir. Onun ilkin qiyməti 650 milyon dollardır, sonradan xərclər arta da bilər. Stadionun qiyməti niyə bu qədər bahadır? Hələ heç bir açıqlama verilmir. Biz iddia edirik ki, bu qiymət şişirdilib. Əgər hökumət bunu qəbul etmirsə, qiymətin necə yarandığını nə üçün açıqlamır?
Məsələn, 2011-ci ildə istifadəyə verilən məşhur “Yuventus Stedium” 130 milyon dollara tikilib, klub isə öz səhmdarları və hətta azarkeşləri qarşısında bu qiymətlə bağlı stadionun tikildiyi 3 il ərzində əvvəldən axıracan hesabat verib. Xatırladaq ki, “Yuventus Stedium” 5 ulduz kateqoriyasına daxildir, 41 min tamaşaçı tutur. Avropanın elit stadionlarından sayılır.
Yaxud Rusiyanın həm də olimpiada məqsədləri üçün tikdiyi “Kazan Arena” 250 milyon dollara başa gəlir, amma ölkə ictimaiyyəti hələ də sorğu-sual edir ki, bu arena niyə belə baha qiymətə tikilir. Korrupsiyalaşmış dövlət olan Rusiya “Soçi-2014″-ün açılışı üçün tikdiyi olimpiya stadionuna 550 milyon dollar xərcləyir, yenə də Rusiyada bu mövzuda suallar bitmir, bu qədər bahalı stadionun tikilməsi heyrətlə qarşılanır, tənqid edilir. Bəs biz Rusiyadan çoxmu varlı ölkəyik ki, 650 milyonluq stadion tikirik? Axı bu pullar ictimai vəsaitlərdir, ARDNŞ dövlət şirkəti olduğu üçün, onun pulları da ictimai vəsait sayılır və nəyə görə 650 milyon dollarlıq xərcə heç bir izah gətirilmir?
Bəs bilirsinizmi ki, bu stadionu hansı şirkət tikir? Yenə də “Tekfen”. Bu şirkət haqda həmkarım Anar Mahmudoğlu yazmışdı və orada mənim “Tekfen”lə bağlı əvvəlki araşdırmalarımı da xatırlatmışdı. Məsələ ondadır ki, “Tekfen”in ARDNŞ sifarişlərini yerinə yetirməsi bir ənənə halını alıb. Guya məhz bu şirkət həmişə tenderləri udur. Məsələn, Neft Şirkətinin 230 milyon dollarlıq ofisini də “Tekfen” tikir. Halbuki, həmin şirkətə bu sifarişlərin verilməsi qanunsuzdur, başqa sözlə “Tekfen” ARDNŞ-in heç bir tenderində iştirak edə bilməz. Səbəbi də çox sadə və qətidir…
Bu iki şirkətin şərikli qurduğu daha bir şirkət var – “Asfen”. Deməli, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsi (“Dövlət satınalmalarında maraqların ziddiyyəti” adlanır) satınalan təşkilatdan hüquqi, maliyyə və ya təşkilati asılılığı olan malgöndərənlərin (podratçıların) həmin təşkilat tərəfindən keçirilən satınalma proseduralarında iştirakını qadağan edir. Burada maraqlar toqquşa bilər, böyük dövlət vəsaitinin bu cür xərclənməsi cinayətdir.
Üstəlik, 2009-cu ildə ARDNŞ “Tekfen” holdinqlə bu qurumun qolu olan “Tekfen Inşaat”ın satın alması haqda memorandum imzalayıb, düzdür, alqı-satqı hələ reallaşmayıb, amma həmin memorandum da qüvvədən düşməyib. Bu amil də maraqlar toqquşması kimi dəyərləndirilə bilər. Amma şirkətlərin “Asfen” ortaqlığı qəti olaraq “Tekfen”in ARDNŞ tenderlərində iştirakını qadağan edir ki, bu hal qanun qarşısında tenderi öz oğluna, yaxud qardaşına vermək kimi bir şeydir.
Əslində, tender deməyə də adamın dili gəlmir. Bu məqama diqqət edin. ARDNŞ-in 230 milyonluq binasının təməli qoyulan zaman Rövnəq Abdullayev söyləmişdi: “2010-cu ilin martında Dövlət Neft Şirkətinin yeni inzibati binasının tikintisi üzrə xidmətlərin göstərilməsi üçün açıq müsabiqə elan edilmişdir. Dünyanın 8 nüfuzlu tikinti şirkətinin iştirak etdiyi tenderdə Türkiyənin ”Tekfen Inşaat” şirkəti qalib gəlmişdir”.
Amma gerçək necədir? Gülməyin. Hələ 2008-ci ildə əksər Türkiyə qəzetləri yazmışdı (http://www.porttakal.com/haberler/ekonomi/socar-in-merkezini-tekfen-yapacak-139458.html) ki, ARDNŞ-in yeni inzibati binasını “Tekfen Inşaat” tikəcək: – “Tekfen Inşaat ve Tesisat A.Ş ve Azerbaycan devlet petrol şirketi Socar arasında Socar’ın yeni yönetim binasının yapımı hususunda Bakü’de bir protokol imzalandığını duyurdu. 09 Ekim 2008″.
Yəni 2010-cu ildə keçirilən bir tenderin qalibi hələ 2008-ci ildən hamıya bəlli idi. Tarix belə bir tender görməyib.
Eyni üsul, eyni gizlinlər, eyni qanunsuzluqlar davam edir. Qiymətlər və xərclər də yenə ağlasığmaz dərəcədə böyükdür. Əslində, böyük oğurluq oyunları davam edir. Olimpiya oyunları da bu işdə köməyə çatır. Elə məşhur Türkiyə şirkəti də.

Azərbaycan korrupsiyasında məşhur türk şirkəti
•