ADP-çi gənc niyə həbs olunub?

Cəmil Hacıyev: «Rəsul Mürsəlov siyasi fəallığına, kampaniyalarda, aksiyalarda aktiv iştirakına görə cəzalandırılıb»

Azərbaycanda insan hüquqları və demokratiya sahəsindəki real durumu beynəlxalq aləmə çatdırmaq məqsədilə ötən il Bakıda keçirilən “Eurovision” ərəfəsində təşkil olunan “Sing for democrasy!” (Demokratiya naminə oxu!) kampaniyasının fəal iştirakçılarından ADP Gənclər Təşkilatının üzvü Rəsul Mürsəlov musiqi yarışmasından az sonra – iyulun 18-də həbs olundu.
Rəsul Mürsəlov bu həbsdən bir müddət əvvəl Ictimai Palatanın 22 aprel mitinqinə çağırış vərəqəsi yaydığına görə ADP Gənclər Təşkilatının sədri Cəmil Hacıyevlə birlikdə Nəsimi rayonu ərazisində saxlanılaraq, 22-ci polis bölməsinə aparılıb. Polis bölməsində gənclər zorakılığa məruz qalıb, “hakimiyyət əleyhinə ixtişaşlara sövq etmək” ittihamı ilə barələrində 15 sutkalıq həbs qərarı çıxarılıb və Binəqədidəki müvəqqəti saxlama tədricxanasına aparılıblar. Bu inzibati həbsdən çıxandan sonra da Rəsul Mürsəlov ictimai-siyasi aksiyalarda aktiv iştirak edib. Iyulun 19-da isə onu Zaqatala-Balakən bölgəsində sərhəd pozuçuluğunda günahlandıraraq, yenidən həbs ediblər. CM-nin 318-ci (dövlət sərhədini qanunsuz keçmə) maddəsilə ittiham olunan gənc ADP-çi fəal Balakən məhkəməsinin hökmü ilə 1 il 6 ay azadlıqdan məhrum edilib. Hökmdən verilən apellyasiya şikayətinin də xeyri olmayıb – hökm qüvvədə saxlanılıb. Rəsur Mürsəlov hazırda 14 saylı cəzaçəkmə müəssisəsində saxlanılır.
ADP Gənclər Komitəsinin sədri Cəmil Hacıyev deyir ki, hələ istintaq dövründə müstəntiqlə görüşüb işin təfərrüatlarını  öyrənməyə dəfələrlə cəhd göstəriblər. Lakin buna nail ola bilməyiblər: “Rəsulun özünə də deyilib, biz də öyrənmişik ki, o, məhz ictimai-siyasi fəallığına, kampaniyalarda, aksiyalarda iştirakına görə cəzalandırılıb. Biz Rəsul Mürsəlovun həbsilə bağlı beynəlxalq təşkilatlara, xarici ölkə səfirliklərinə də müraciət etmişik”.

İlham Hüseyn