Vermək məsələsi

Bizim işimiz yazmaqdı. Ölkədəki hər şeydən. Yaxşı və pis. Hamısından. Indi neynəyək ki, yaxşı dediyimiz heç bir şey yoxdu və ya o qədər cüzi, o qədər mikroskopik və o qədər gərəksizdi ki, sayı-hesabı olmayan pislərin içində onu görməyə çalışmaq, axtarıb-tapmaq izafi əməkdən başqa bir şey deyil. Hətta fizik əməyi belə bundan qat-qat dəyərlidi, çünki sonunda yenə də daşı dağın başına qaldırmaqdan alınan həzz var. 
Uzun izafi əməkdən sonra yaxşı bir şey tapmışam. Yolüstü piyada keçidlərdə cansız pillələr əvəzinə eskalatorların quraşdırılması. Burda milli psixologiyanın tam nəzərə alınması var. It tənbəli olan bizlərdən kimsə 30-40 pilləni ayaqla qalxıb, sonra da daha 30-40 pilləni öz əzələləri və enerjisinin hesabına enməkdənsə mütləq özünü şütüyən maşınların qənşərinə atıb yolu keçəcək. Bu tənbəlliyin və tələskənliyin ucbatından nə qədər adam həyatını itirib və nə qədər sürücünü dərdə salıb. Baxın, mən bu yaxşını tapmışam, heç onu da demək istəmirəm ki, cansız pillələr yerinə eskalator quraşdırmaqla büdcədən daha artıq pul silə bilmək məsələsi var.
Ancaq indi bu çəlimsiz yaxşı işi azman murdarlığın qarşısına necə çıxarasan, “bu hakimiyyət həm də yaxşı işlərə imza atır”, deyəsən, bilmirəm. Vicdanı, ləyaqəti və dərrakəsi olan oxucu adamın üzünə tüpürər belə yaxşı işlərdən yazdığına görə. Təsəvvür eləyək ki, üç gün qabaq hərbi xidmətdən ölü olaraq (öldürülərək və ya, nə fərqi ki, intihar edərək) “tərxis olunan” əsgər Seymur Allahverdiyevin valideyninə hakimiyyətin bu tip yaxşı işlərindən danışırsan. Ən mədəni halda, qayıdıb deməzmi ki, dur … cəhənnəm ol! Deyər.
Indi biz bu pis əməllərdən yazırıq. Məsələn, rüşvətdən, korrupsiyadan. Yazar olaraq az da olsaq, varıq. Bir qismimizi şərləyib həbs ediblər, illərini oğurlayıb, ailə-uşağının ürəyini çürüdüblər, kiminin alnına güllə sıxıblar, kiminin ürəyinə bıçaq soxublar, kiminin üstündən “Kamaz” sürüblər, kimini döyüb şikəst ediblər, kimini oğurlayıb dərs veriblər, kimini ölkədən didərgin salıblar, daha nələr, nələr və kimilərinin də hər an başına bu hekayətlər gələ bilər. Kimsə sığortalanmayıb. Indi sən bu vahimələr, qorxular, stresslər içində yazırsan, qəpik-quruş alırsan ki, təmiz adını qoruyub saxlayasan, gücün sadəcə ona çatır ki, övladların acından ölməsin və bir də normal təhsil alıb sabah həm özlərinə gün ağlaya bilsinlər, həm də cəmiyyət üçün layiqli vətəndaş olsunlar.
Ancaq məsələ bu qədər sadə deyil. Təkcə çörək puluyla canını qurtara bilərsənmi? Xeyr! Sənə evdə deyirlər ki, məsələn, qara yollu kimi 8 mart gəlib çatıb, məktəbin bütün oğlan və qız şagirdləri heç bir normal dərs keçməyən müəllimləri üçün ən rəhmli halda 20 AZN-dən yığırlar. Üstəlik, övladın oğlan isə, hələ Allah saxlasın, ikisi varsa, onda… döy başına, yan Koroğlu. Rüşvətə qarşı həyatın bahasına başa gələ biləcək yazı yaz, aldığın qonorarı da kor qoyulmuş təhsilin müəllimlərinə rüşvət ver. Avaragor təhsilin avaragor müəllimlərinə. Və yəqin hər kəs anladı ki, söhbət parada deyil. It aparan olsun, deyib, verərsən. Ömrümüzü, sabahımızı oğurlayırlar, 20-30 manatı başına fırlayıb vermək nədi ki…
Hələ bu, dərd yarıdı. Övladına “Vermə, sən də indidən bu murdalrığa qarşı dur, savaş” kimi sözlər deyəndə, belə cavab almaq ehtimalı var: “Axı istəyirlər, necə verməyəsən? Bir güllə bahar olarmı?”.
Eh… görəsən cənab Əliyev bizim kimi yazarların yerində olsa, bu suala necə cavab verərdi? Və yaxud o 20-30 AZN-i verərdimi? Inanmıram. Heç pensiyaları 50 qəpikdən artıq qaldıra bilmir, 20 AZN-i hardan gətirəcək? Ama cavab versə, yəqin ki: “Adamdan çox şey istərlər. Elə nə istəsələr verəməyəcəksən ki?..” – deyərdi.
Nəysə, yoldaş prezident, baxın, indi biz sayənizdə belə iyrənc suallarla qarşı-qarşıyayıq. Daha gerisini siz düşünün…