Rəhim Qazıyev İran İslam İnqilabı Keşikçilər Korpusunun fikirlərini cəfəngiyyat adlandırdı
Iran Islam Inqilabı Keşikçilər Korpusunun (SEPAH) sabiq komandanı Möhsün Rzayinin Qarabağ müharibəsinin ilk dövrlərində ermənilərə qarşı “Sepah”ın da döyüşdüyünü deyib. O bildirib ki, müharibədə çoxlu sayda iranlı da iştirak edib, şəhid düşüb:
“Yaralılar Irana göndərilirdi, şəhid düşənlərin çoxu isə Bakıda dəfn olunub. Qarabağ müharibəsində Azərbaycan ordusunun lazımi hərbi təchizatlarla təmin edilməsi və hərbi təlimlərin keçirilməsi ilə bağlı şəxsən əmr vermişəm. Bizlər Azərbaycanın çətin günlərində yanında olmuşuq. Bu gün də onların yanındayıq. Qarabağın geri qaytarılmasında da onlara yardım etməyə hazırıq. Qarabağ Islam torpağıdır və Azərbaycan Respublikasının bütün torpaqları sülh yolu ilə geri qaytarılmalıdır”.
Sabiq müdafiə naziri Rəhim Qazıyev isə Möhsün Rzayinin söylədiklərini cəfəngiyyat adlandırıb. O, “Azadlıq”a bildirib ki, Iran tərəfi vaxtaşırı bu tip absurd açıqlamalar verir: “Mən hərəkəta qoşulandan fəaliyyətim Qarabağla bağlı olub. Nə həmin dövrdə, nə də mən müdafiə naziri Irandan Azərbaycana hər hansı yardım gəlməyib və heç bir iranlı da Qarabağda döyüşməyib. Mən o zaman Azərbaycanda səfir olan Nəhavəndiyanla dəfələrlə görüşmüşəm. Özü də onuq öz təşəbbüsü ilə. Məni Irana dəvət edib, deyib ki, prezident Rəfsəncani sizi gözləyir. Mən isə bildirmişəm ki, biz ordu yaradırıq, Iran da bir müsəlman ölkəsi kimi bizə yardım etsin. Amma heç bir yardım olmayıb. Bir dəfə mərhum Rövşən Cavadov Irana getmişdi. Oradan gələndə mənə yağın içində tapança gətirdi və dedi ki, Rəhim bəy sizin xətrinizi orada çox istəyirlər və bu silahı da sizə hədiyyə göndəriblər. Vəssalam. Bundan başqa Irandan Azərbaycana hər hansı silah yardımı olmayıb. Əksinə biz Ağdərəni azad edəndə ermənilərdən xeyli tibbi ləvazimat götürdük. Hamısı Iran istehsalı idi”.
Namiq