Parlamentdə qumarxana söhbəti

milli-meclisDeputatlar nazir oğluna məxsus «Topaz»ı topa tutdular

Parlamentin dünənki iclasında deputat Məlahət Ibrahimqızı xərçəng xəstəliyi kimi Azərbaycanın hər yerinə yayılan “Topaz” mərc obyektlərinin bağlanmasının vacibliyini vurğulayıb. Modern.az-ın xəbərinə görə, deputat daha sonra deyib: “Gənclər bütün vaxtlarını orada keçirirlər. Universitetlərin bir çoxunda tələbələr bu qumarxanalara toplaşır. Buna son qoymaq lazımdır. Insanlar evlərini belə, burada uduzurlar”.
Məlahət Ibrahimqızı bildirib ki, gənclərin asudə vaxtının təşkili adı altında “Topaz” oyunları artıq xeyli sayda problemlər yaradıb:”13 nəfər ana mənə müraciət edərək bu oyunlardan şikayət edib. Elə şeylər baş verir ki, hətta evlərini uduzanlar da olur. Artıq belə hallar da var. Bunun qarşısını almaq lazımdır”
Deputatın sözlərinə görə, prezidentin sərəncamı ilə gənclərin asudə vaxtlarının təşkili üçün olimpiya kompleksləri tikilir. Bunun üçün də belə oyunların keçirilməsi ilə bağlı araşdırmalar aparmaq lazımdır.
Fazil Mustafa da “Topaz”la bağlı şikayətlər alıdığını vurğulayıb: “Bir növ qumar olan bu oyun nəticəsində ailələr dağılır, müflisləşir”.
Spiker Oqtay Əsədov isə deputata cavabında “Topaz” qumarxana deyil? deyə bildirib. Onun sözlərinə görə, “Lotereya haqqında” qanun müzakirə olunarkən deputatlar buna səs veriblər: “Biz bu qanunu sizin iştirakınızla qəbul etmişik. Dediyiniz məsələni isə araşdırarıq”. Spiker onu da bildirib ki, bütün hallarda bununla bağlı araşdırma aparılmalıdır.
Məlumat üçün deyək ki, “Topaz” nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədova məxsusdur.