aliyev-turkey

İsrail Əliyevin sirrini açdı

aliyev-turkeyTürkiyəyə görə dondurulan kəmər məsələsi yenidən gündəmə gətirilib

İsrailin nüfuzlu nəşrlərindən olan “Haaretz” qəzeti qısa müddət ərzində ardıcıl ikinci məqaləsində Azərbaycan hakimiyyətinin ünvanına sərt ittihamlar səsləndirib. Ölkədə insan haqları və demokratiya sahəsində acınacaqlı vəziyyətə toxunan “Haaretz” eyni zamanda Israil-Azərbaycan və Türkiyə-Azərbaycan münasibətlərinə də toxunub. Yazıda Azərbaycan-Türkiyə münasibətlərindəki gərginliyə də müəyyən dərəcədə aydınlıq gətirilib.
Əgər bu vaxta qədər Azərbaycan tərəfi gərginliyin yaranmasının səbəbini Türkiyə tərəfində görürdüsə, “Haaretz”ın yazdıqları bunun əksini sübut edir. Azərbaycan neftinin Türkiyə ərazisindən daşınmasına baxmayaraq, bu iki ölkə arasında diplomatik münasibətlərdə gərginliyin olduğunu yazan qəzet Azərbaycanın Ceyhandan Aşdod limanına qədər sualtı kəmərin çəkilişilə bağlı Israillə danışıqların bərpa edildiyini də qeyd edir. Bu danışıqlar 2010-cu ilin mayında 9 türk hərbçisinin ölümü ilə nəticələnən “Mavi Mərmərə” gəmisinin ələ keçirilməsi insidentindən sonra dayandırılmışdı. Qəzet Israil diplomatlarına istinadən qeyd edir ki, Azərbaycanla Türkiyənin çox yaxın olmasına baxmayaraq, Ankara ilə Təl-Əviv arasında münasibətlərin korlanması Azərbaycan-Israil müttəfiqliyinə təsir göstərmədi. Azərbaycan rəsmiləri sadəcə, Israil və Türkiyə tərəflərini yenidən bir araya gətirməyə çalışırdı.
Yazıdan da göründüyü kimi, Türkiyə ilə münasibətlərin gərgin olmasında Azərbaycanın rolu daha böyük olub. Rəsmi Bakı Türkiyə-Israil münasibətlərindəki gərginliyə məhəl qoymadan Israillə əlaqələri genişləndirməkdədir.
“Haaretz”da yazılanlara münasibət bildirən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu da Azərbaycan hakimiyyətinin bəzən Türkiyə ilə münasibətlərə xələl gətirən addımlar atdığını deyir.
Ekspertin sözlərinə görə, Türkiyə Azərbaycanın Israillə iqtisadi əməkdaşlığına etiraz etmir. Sadəcə olaraq bir müddət əvvəl Israillə münasibətlər gərginləşəndə Ankara Azərbaycandan Israillə hərbi əməkdaşlığa göz gəzdirməyini istədi. Azərbaycan hakimiyyəti isə Türkiyənin bu istəyinə soyuq yanaşdı. Halbuki Türkiyə Ermənistanla əlaqə qurmaq istəyəndə Azərbaycan məsələyə qarışdı və Türkiyə bu addımı atmadı.
Ekspert Ceyhan lmanında sualtı kəmərin çəkilməsi məsələsinə də Türkiyənin iradlarının olmadığını bildirdi. Çünki Türkiyə də Ceyhan limanının əhəmiyyətinin artmasında maraqlıdır.
Ekspert məqalədə Azərbaycan hakimiyyətinin tənqid ediləsinə də toxundu: “Bu vaxta qədər yalnız Qərb mətbuatı Azərbaycan hakimiyyətini tənqid edib. Indi artıq Israil mətbuatı da demokratiya məsələlərinə diqqət yetirir. Digər tərəfdən, indiyə qədər Azərbaycanın daxili məsələlərinə qarışmayan Türkiyənin dövlət televiziyası da ölkəmizdəki vəziyyəti təhlil edərkən alternativ fikrə diqqət yetirir. Artıq Israil və Türkiyə də başa düşür ki, bütün yumurtaları eyni səbətə qoymaq mümkün deyil. Onlar artıq ölkədəki daxili vəziyyətə də diqqət yetirməyə başlayırlar”.

Fizzə