Fuad Qəhrəmanlı: «Hakimiyyətin bir müddət əvvəl başlanmış dayaqlarını itirmək prosesi son fazaya daxil oldu»
Azərbaycan hakimiyyətinin Qərbdəki yəhudi lobbisinin dəstəyini qazanmaq istəyi Iran, Rusiya, hətta Türkiyə ilə münasibətlərinə mənfi təsir etsə də, rəsmi Bakı geri çəkilmək niyyətində deyil.
Israil tərəfinin də Azərbaycan hakimiyyətinə münasibəti müsbət idi. Bu vaxta qədər Qərb mətbuatı dəfələrlə Azərbaycanda insan haqları və demokratiya sahəsində problemlərdən yazsa da, Israil mətbuatı susub. Lakin bu günlərdə Israilin nüfuzlu nəşrlərindən olan “Haaretz” qəzeti Ilham Əliyev hakimiyyətini sərt tənqid edib. Qeyd edək ki, Israildə və Şimalı Amerikada dərc olunan “Haaretz” ölkənin siyasi həyatına təsir edən qəzet sayılır. “Antisemitizmin olmadığı ölkə” başlıqlı məqaləsində “Haaretz” Əliyevlər rejimini “oğru hakimiyyəti” adlandırıb. Yəhudilərə Azərbaycanda xoş münasibət bəsləndiyini deyən müəllif vurğulayır ki, “azlıqlar üçün təhlükəsizliyin əsl zəmanəti diktatorun xoş münasibəti yox, yalnız demokratiya ola bilər”. Bu məqalədən bir gün sonra qəzet daha bir məqalə ilə çıxış edərək Əliyev hakimiyyətini neft pullarını mənimsəməkdə, insan hüquq və azadlıqlarını kobud şəkildə pozmaqda, həmçinin Qərbin tənqidlərinə aqressiv şəkildə yanaşdığını qeyd edib.
Əliyev hakimiyyəti ilə dost olan Israilin nüfuzlu nəşrində bu tip yazının dərc edilməsi iqtidara xəbərdarlıqdı, yoxsa burda başqa səbəblər axtarmağa dəyər?
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı hesab edir ki, müstəqil mətbuatın mövqeyini birmənalı olaraq rəsmi münasibət kimi təqdim etmək mümkün deyil. Eyni zamanda qəzet üçün Israilin mənafelərinin üstün prioritet olduğunu nəzərə aldıqda Ilham Əliyevin diktator adlandırılması, tənqid olunması dünya ictimai rəyində Azərbaycan hakimiyyəti ilə bağlı formalaşmış ictimai rəylə hesablaşmağın göstəricisidir. Bu həm də onun anonsudur ki, Ilham Əliyevin hakimiyyətinin avtoritar, insan hüquq və azadlıqlarının boğan diktator obrazı möhkəmləndikcə, onun ən yaxın dostları belə əvvəlki formada müdafiə edə bilmirlər. Onlar da artıq adekvat münasibət göstərməyə məcburdular. Bu baxımdan “Haaretz”in Ilham Əliyevlə dərc etdiyi yazı hakimiyyətin bir müddət əvvəl başlanmış dayaqlarını itirmək, siyasi baxımdan təcrid olma prosesi artıq son fazaya daxil oldu. Hakimiyyətin ən yaxın müttəfiqlərinin çıxışları ondan məsafəli davranmağa çalışdıqlarının simptomudur.
Fizzə