«Prokurorluq Elşad Abdullayevdən qorxur, onun ağzını yummaq üçün Gülər Əhmədovanı qurban verirlər»
Sabiq deputatla Sevinc Babayeva YAP-ın iclasında tanış olub; Rəfiqəsi Gülər Əhmədovaya hava limanından nə yazıb?
Gülər Əhmədovanın vəkili Eldar Qədimi son vaxtlar eks-deputatın özü və ailəsi ilə bağlı bəzi mətbuat orqanlarda yer alan məlumatlar haqqında Moderator.az saytına geniş müsahibə verib.
Gülər Əhmədovaya Azərbaycanda müayinə olunmağa imkan verməyiblər
Eldar Qədimi əvvəlcə Gülər Əhmədova və həyat yoldaşı Fikrət Əhmədovun hansı səbəbdən Gürcüstana getmək istədiyinə aydınlıq gətirib. Vəkil bildirib ki, bu, sabiq deputatın səhhəti ilə bağlı olub: “Gülər Əhmədova prokurorluqda ifadə verərkən ondan başqa yerə getməmək haqqında iltizam alınmamışdı. Yəni ona ölkəni tərk etməməsi bildirilməmişdi. Baxmayaraq ki, o özü bunu prokurorluqda soruşmuş, ancaq ona sərhəddi keçməmək barədə ”stop” qoyulmadığı bildirilmişdi. Buna baxmayaraq onları Qazaxdan qeyri – qanuni, nəzarət altında geri qaytarıblar. Geri qaytarandan sonra Fikrət Əhmədovdan da soruşublar ki, niyə Gürcüstana keçmək istəyirlər. O da deyib ki, Gülər Əhmədova xəstə idi, onu həmin ölkəyə ciddi həkim müayinəsindən keçirməyə aparırmış. Gürcüstan parlamentinin keçmiş vitse-spikeri çox məşhur bir kardioloqdur və Gülər xanımla şəxsi tanışlıqları olub. Yəni parlamentari kimi bir – birilərini tanıyıblar. Onun yanına gedirmişlər ki, Gülər xanım müayinədən keçsin, başqa bir məqsəd olmayıb. Ora getmək istəklərinin də səbəbi o olub ki, Gülər Əhmədova Azərbaycandakı məşhur dövlət xəstəxanalarının birinin baş həkiminə müraciət edərək yoxlamadan keçmək istədiyini bildirəndə ona deyiblər ki, xahiş edirik bizə müraciət etməyin, çünki jurnalistlər tökülüb gələcək, baş – beynimiz ağrıyacaq. Bu söz də Gülər xanıma pis təsir edir ki, hər şey bir tərəfə qalsın, mən xəstəyəm, yoxlanmaq haqqım var, özü də duz – çörək kəsdiyi bir insanın xəstəxanasına müraciət edibmiş. Belə qərara alıblar ki, bir halda burda müayinə olunmaq kiməsə baş ağrısı yarada bilər, yaxşısı budur Gürcüstana getsinlər”.
Sevinc Babayeva bir neçə dəfə plastik əməliyyat keçirib
O, bildirib ki, Gülər Əhmədova Kürdəxanı təcridxanasında həkimlərin nəzarətindədir. “Təcridxanaya düşməmişdən qabaqkı bütün epikrizlərini, analizlərin cavablarını, tomoqrafiya görüntülərini də həkimlərə təqdim etmişik”, – deyə vəkil əlavə edib.
O, sabiq deputatın ikiadamlıq kamerada saxlanıldığını deyib. Gülər Əhmədovanın dustaq yoldaşına gəlincə, vəkil bildirib ki, həmin insanın kimliyi onlar üçün maraq doğurmur.
Eldar Qədimi sabiq deputata qəzet verilmədiyini və hazırda bu problemi yoluna qoymağa çalışdıqlarını deyib. “Gülər xanıma qəzet verilməməsinə də aydınlıq gətirilməlidir. Qanun hər kəsə eyni qaydada tətbiq olunmalıdır. Əgər ona qəzet verilməlidirsə, verilməlidir, verilməli deyilsə, verilməməlidir. Amma Gülər xanım dedi ki, təcridxanaya 500-ə yaxın televizor alıblar və bu yaxınlarda bütün otaqlar televizorla təchiz olunacaq”,- deyə vəkil əlavə edib.
Eldar Qədimi Elşad Abdullayevlə Gülər Əhmədova arasında vasitəçi olan, bir neçə ay əvvəl Türkiyədə müəmmalı şəkildə ölən Sevinc Babayeva ilə sabiq deputatın necə tanış olmaları barədə də danışıb: “Sevinc Babayeva YAP-ın iclaslarının birində Gülər Əhmədova ilə tanış olublar. Bundan sonra o dəfələrlə, yüzlərlə, minlərlə digər vətəndaşlar kimi Gülər xanımın yanına gəlib müəyyən xahişlər edib. Münasibətləri bir müddət davam etsə də bunlar çox yaxın rəfiqə olmayıblar. Hətta Sevinc Babayevanın atası rəhmətə gedəndə Gülər heç onun yasında iştirak etməyib. Amma maraqlansanız Sevinc Babayevanın yas mərasimində bəlkə də neçə deputat iştirak edib. Sevinc Babayevanın zəhərlənmə məsələsinə gələk. Gülər Əhmədova Sevinc Babayevanı zəhərləyə bilməzdi. Bu sərsəm fikir onun oğlu tərəfindən ortaya atılıb. Axı niyə bu jurnalistlər onu araşdırmır ki, Sevinc Babayeva onların özlərinin dediklərinə görə hələ burada beş xəstəxanaya müraciət edib. Hamınız da bilirsiniz ki, hər hansı bir xəstə xəstəxanaya müraciət edirsə həkim ondan şikayətlərini soruşur. Əgər o desəydi ki, zəhərlənmişəm, ürəkbulanmam var, mütləq o ilk növbədə toksikologiya şöbəsinə yerləşdirilməliydi. Orda bundan dərhal qan, sidik analizləri götürülməliydi. Ən azından bu adam bu beş xəstəxananın heç birində ”zəhərlənmişəm” sözünü deməyib. Başqa bir məsələ. Bu xanımın müraciət etdiyi həmin xəstəxanalarda onun nədən şikayət etdiyi barədə epikrizlər də var, əgər həkimlər analizlərə baxıb zəhərlənmə ehtimalı görsəydilər hökmən onu toksikologiya şöbəsinə göndərərdilər. Sevinc Babayevanın müalicə olunduğu xəstəxanalarda stasionar kartları qalır və bu kartlara baxaraq onun hansı xəstəliklərdən müalicə olunduğunu öyrənmək çox asandır. Digər tərəfdən, bizdə olan məlumata görə Sevinc Babayeva bir neçə dəfə narkoz altında plastik cərrahiyyə əməliyyatı keçirib. Ola bilsin ki, bu məqam da onun səhhətinə təsir göstərsin”.
“…sağlıq olsun, Elşadın vayına oturacam”
Vəkil Sevinc Babayevanın Gülər Əhmədova tərəfindən yola salındığı barədə iddiaların da əsassız olduğunu bildirib: “Gülər Əhmədovanın yaşadığı binanın dörd bir tərəfində, bütün blokların girişində kamera var. Bu kameralarda da göstərilir ki, Gülər Əhmədova blokdan neçədə içəri girir və ya çıxır. Sevinc Babayeva yola düşdüyü vaxt axşam saat 23 radələrində Gülər Əhmədova evə girib və 3-4 sutkadan sonra evdən bayıra çıxıb. Gülər Əhmədovanın qanadı yoxdur ki, balkona çıxıb uçsun. Ikincisi də lap fərz eləyək ki, Gülər Əhmədovanın qanadı və ya vertolyotu olub, uçub gedib aeroporta onu yola salmağa. Əgər Gülər xanım onu hava limanından yola salmalıydısa orda da min dənə təhlükəsizlik kamerası var, bir dənəsini göstərsinlər ki, Gülərin özü və ya ailə üzvlərindən kimsə onu yola salıb”.
Onun sözlərinə görə, Sevinc Babayeva Türkiyəyə gedərkən hava limanında Gülər Əhmədovaya iki mesaj yazıb: “Hər iki mesaj prokurorluqda var. Gülər xanımın telefonunu da prokurorluq götürüb, ona görə də onların təxmini məzmunu deyə bilərəm ki, Gülər, məni bağışla, sənin heç bir günahın yoxdu, bu zibilə səni mən saldım. Ikinci mesajın da əvvəlkindən 15-20 dəqiqə arası olub və yazıb ki, mən gedirəm, sağlıq olsun, Elşadın vayına oturacam. Bu mesajlar prokurorluq orqanlarında da var. Onu heç kim zorla ölkədən çıxarmayıb. Hava limanında da dörd yerdən yoxlamadan keçib, lap təyyarəyə minəndə də deyə bilərdi ki, mən getmirəm. Deməyim odur ki, onun zorla aparılıb aeroportdan keçirilməsi iddiası da yalandır. Bu qadın öz xoşuyla çıxıb gedib Türkiyəyə və orda da azad şəkildə yaşayıb. Sevinc Babayeva ilə əlaqədar prokurorluğun elan etdiyi ittihamın əsassız və qurama olduğunu bilmək üçün heç hüquqşünas olmağa da gərək yoxdur. Ittihamda bildirilir ki, Sevinc Babayevanın işi üzrə onun 03 oktyabr 2012-ci il tarixində AR CM-nin 178.3.2 maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmasını, barəsində axtarış elan edilməsini, 05 oktyabr 2012-ci il tarixində həbs qətimkan tədbiri seçilməsi haqqında qərarın qəbul olunduğunu bilərək, şəxsi münasibətlərinə görə 26 sentyabr 2012-ci il tarixində onu Türkiyəyə yola salıb. Sual olunur, Gülər Əhmədova 7 – 10 gün qabaqcadan Sevinc Babayeva haqqında prokurorluğun hansı qərarı qəbul etməyə hazırlaşdığını hardan bilə bilərdi? Sevinc Babayevanın oğlu və bacısı Türkiyəyə uçublar, orda onun yanında da bir neçə gün qalıblar. Əgər orda Sevinc Babayevanı kimlərsə qoruyurdusa, yaxud hansısa şübhələri vardısa niyə birlikdə qayıdıb Azərbaycana gəlmədilər? Oğlu iddia edir ki, Gülər Əhmədova anamı orda saxlayırdı, gedəydin orda polisə şikayət edəydin ki, anamı burda kimsə zorla saxlayır. Niyə etməyib? Nəhayət, prokurorluq gedib Sevinc Babayevanın anasından, bacısından, oğlundan izahat alıb. Oğlu deyib ki, mən prokurorluq orqanlarına dedim icazə verin gedib anamı gətirim. Onlar isə mənə cavab verdilər ki, biz sənin ananın yerini bilirik, istədiyimiz vaxt özümüz gedib gətirəcəyik. Yəni bu adamın yerini prokurorluq orqanları da bilib”.
Elşad Abdullayevin videoları montajdır
Eldar Qədimi Elşad Abdullayevin yaydığı videoların montaj edildiyini vurğulayaraq görüntülərin orijinal variantda yayılmasının tələb etdiklərini bildirib: “Elşad Abdullayev həmin çəkilişin orijinal variantını, heç bir qayçı dəyməmiş, heç bir sözə toxunmadan göndərsin, bütün xalq da baxsın ki, orda nələr deyilib və kim nə deyib. Elşad Abdullayev internetə yerləşdirdiyi bütün yazılarda özü özünü təkzib edir. Hər görüntüdə guya verilmiş pulların miqdarı, kimə verildiyi, necə və hansı şəraitdə verildiyi müxtəlif cür təqdim edilir. Məsələn, Elşad Abdullayevin Sevinc Babayeva ilə olan bir videogörüntüsündə Gülər Əhmədova ilə Sevinc Babayevanın prezident aparatının binasında Ramiz Mehdiyeva pul verilməsi iddia olunur. Sevinc Babayeva hətta onu da bildirir ki, pul çemodanı açılmırdı, ”otvyorka” ilə açılıb. Maraqlıdır, Gülər Əhmədova və Sevinc Babayeva çəkisi 20 kiloqrama qədər olan bir çemodan pulu prezident aparatına necə keçirib? Kimliyindən asılı olmayaraq orda ciddi yoxlama aparıldığını Elşad Abdullayev yaxşı bilirdi. Hər kəs qeydiyyata alınır, ciddi yoxlamadan keçirilir, çantalara baxılır, üstəlik, kameranın yaddaşına düşür. Onlara qəbula yazılmaq üçün əvvəlcədən sifariş verilir. Elşad Abdullayev Sevinc Babayevaya bir neçə sual verməklə onun yalan danışdığını müəyyən edə bilərdi. Məsələn, Ramiz Mehdiyevin yanına hansı qapıdan keçdi, onun iş otağı neçənci mərtəbədədir, liftdən çıxanda sizi kim qarşıladı, köməkçisi, katibəsi kimdir, iş otağı nə boydadır, mebellərin rəngi necədir və s. Ancaq Elşad Abdullayev bilərəkdən bunu etməyib, çünki ona həqiqətin üzə çıxması sərf etməzdi.
Ümidvaram ki. prokurorluq 2005-ci ildə Gülər Əhmədova ilə Sevinc Babayevanın birlikdə prezident aparatında olmadıqlarını qeydiyyat kitablarına baxmaqla müəyyən edəcək. Digər bir videogörüntüdə Elşad Abdullayevlə Sevinc Babayevanın söhbəti zamanı danışıqlarından məlum olur ki, Sevinc Babayeva ümumiyyətlə prezident aparatının binasında olmayıb. Başqa bir audioyazısında Elşad Abdullayev Sevinc Babayevaya deyir ki, mən Gülər Əhmədovaya pul vermişəm ki, ondan pulumu tələb edim? Deməyim odur ki, onun yaydığı audio və video yazılarda ziddiyyətlər həddindən artıq çoxdur və bu suallara cavab tapmaq üçün Elşad Abdullayev hökmən istintaqa gəlməli və Gülər Əhmədova ilə üzləşməlidir.
Onu da deyim ki, Gülər Əhmədovanın təqsirləndirildiyi hər iki maddə üzrə istintaq heç bir sübut təqdim etməyib. Heç tapa da bilməzdilər, çünki həqiqətdə də heç bir sübut yoxdur. Sadəcə təqsirləndirilmə haqqında qərar var, lakin bu insanın təqsirkar olduğunu sübut edən dəlil yoxdur. Bəzən məndə belə bir fikir yaranır ki, prokurorluq orqanları Elşad Abdullayevdən qorxur, onun ağzını yummaq üçün Gülər Əhmədovanı qurban verirlər”.
Axtarış zamanı Gülər Əhmədovanın kosmetikasını da aparıblar
Gülər Əhmədovanın həyat yoldaşı Fikrət Əhmədovun da Moderator.az a müsahibəsində maraqlı məqamlar var. Fikrət Əhmədov sabiq deputatın məşhur “ağzımı açdırmayın” bəyantından danışarkən deyib: “Gülər xanımın nəyi bilib nəyi bilmədiyini deyə bilmərəm. Amma onu deyə bilərəm ki, bir halda ki, o ”ağzımı açdırmayın” deyib, onun haqqında danışan insanlar ki, vardı, onlar haqqında kifayət qədər məlumatı var. Ən azı gərək özün mənəviyyatca təmiz və saf insan olasan ki, başqalarını da ittiham etməyə üzün ola”.
Fikrət Əhmədov həmçinin bildirib ki, Elşad Abdullayevin videolarından sonra dost-düşmənləri tanıyıblar: “Gülər xanım deyir ki, hərdən içimdən Elşad Abdullayevə qəribə minnətdarlıq hissi keçir ki, dostumuzla düşmənimizi bizə tanıtdı. Illərlə bizimlə bir süfrə arxasında oturub Gülər Əhmədovadan həm maddi, həm mənəvi dəstək alan insanlar elə bil birdən-birə yoxa çıxdılar. Insan da bu qədər unutqan ola bilərmi? Illərlə kəsdiyi duz-çörəyi günün içərisində heçə saymaq, o insanı tanımamış kimi davranmaq bəzi insanlar üçün nə qədər də asan imiş. Sanki Gülər xanımın xəstəliklə və şantacla üz-üzə qaldığı o ağır günlərində telefonla da olsa bir kəlmə ilə əhvalını soruşsaydılar bu insanları çarmıxa çəkəcəkdilər. Sözün açığı bəlkə də Elşad Abdullayevin bu videosu olmasaydı, biz bu insanların əsl simasını tanıya bilməzdik. Elə bil bu hadisələrdən sonra onların sifətlərinin maskası çıxarıldı. Bizə də onların necə dost olduqları bəlli oldu”.
O, evlərində aparılan axtarışla bağlı da maraqlı məqamlar açıqlayıb: “Gülər xanımla bağlı 13 fevraldakı məhkəmə qərarından sonra mənzilimizdə və bağ evimizdə axtarış aparıldı. Ailəyə məxsus bütün kompüterlər, telefonlar, audio-video kasetlər, hətta uşağın multfilm diskləri götürüldü. Bundan başqa evdə olan Gülər xanıma məxsus bütün kosmetikanı, dərmanları, hətta şampuna qədər götürüb apardılar.
Fikrət Əhmədovun sözlərindən o da bəlli olub ki, Gülər Əhmədovanın kiçik oğlu anasının həbsindən xəbərsizdir: “Ondan gizlətmişik. Demişik ki, Gülər xanım məzuniyyətdədir. Mətbuat ağzına gələni yazdığından onun harda qalmasıyla bağlı çox danışmaq istəmirəm, sadəcə onu deyim ki, yaxın qohumumuzgildə qalır. Təbii ki, uşaq olsa da ailədən ayrı düşməsi heç şübhəsiz onun psixikasına da ciddi təsir edir. Ancaq neynəmək olar, bu bir sınaqdır və ona sinə gərməyə məhkumuq.