Azərbaycanı sevmək dərsləri – 1

Bilirsiniz ki, indi bizdə başqalarının ölkəyə və xalqa bağlılığını ölçmək dəbə çevrilib. Bəri başdan yazaq: “xalq düşməni”, “vətən xaini” ittihamlarının havada uçuşduğu bir ölkə çağın çox gerisində qalmış bir ölkə deməkdir, adamların damarlarında “milli qan” axtarışlarının dəbə çevrildiyi bir ölkə insanlıq dəyərlərinin unudulduğu bir ölkə deməkdir. 
Bizə gəldikdə isə: burada pulu, hakimiyyəti, deputat mandatını hamıdan çox sevənlər Azərbaycanı hamıdan çox sevdiklərindən danışırlar. Bir az fərqli düşünmək, tənqidçi düşünmək, müxalif düşünmək isə onlar tərəfindən “vətən xaini”, “xalq düşməni” olmaqla assosiasiya edilir.
Ümumiyyətlə, “vətən xaini” ittihamlarından həmişə o rejimlər istifadə edirlər ki, onlar üçün vətən neft buruğu, qaz, qızıl yatağı, vəzifə kürsüsü, isti, işıqlı kabinetləri boydadır, cibləri və “CIP”ləri boydadır, üstəlik, belə rejimlərin ağlınca, sən korrupsiyanın dostu deyilsənsə, deməli, xalqın düşmənisən.
Sən yalan danışmağı, yalmanmağı sevmirsənsə, deməli, öz ölkəni də sevmirsən.
Yaptokratiyanın da bu üslubdan istifadə etməsində qəribə heç nə yoxdur, bunlar da o cür çağdışı, anti-insani rejimlərin xurcuntayıdırlar.
***
Düzü, mənim heç vaxt bu ölkəyə sevgimi izhar etmək kimi bir dərdim olmayıb. Heç indi də yoxdur. Ilham Əliyev və ətrafının bu talançı, istilaçı rejimə qarşı olanları “Azərbaycanı sevməyən qüvvələr” elan etməsindən də heç bir kompleks keçirmirəm. Mən Azərbaycanı sevməsəydim, korrupsioner olardım – bu ölkənin dünyadakı korrupsiya reytinqlərində “lider” mövqeyinin daha da güclənməsinə töhvə verərdim, beləcə, Azərbaycanın dost-düşmən yanında daha da biabır olmasına kömək edərdim.
Mən Azərbaycanı sevməsəydim – gedib qutuya saxta bülleten atardım. Beləcə, saxta seçkilərə öz töhvəmi verib Azərbaycanın adının dünyada qara siyahıların lap önünə çıxmasına yardımçı olardım.
Bunu mən demirəm, bunu adi məntiq deyir. Adi məntiq deyir ki, Azərbaycanı sevməyən adam büdcənin talan edilməsinə, seçkilərin saxtalaşdırılmasına qarşı olmamalıdır, əksinə, sümürücülüyün, saxtakarlığın çiçəklənməsinə öz dəstəyini və töhvəsini verməlidir ki, Azərbaycanın adı qara siyahıları, utancverici hesabatları bəzəsin.
Azərbaycanı sevmirəmsə, məntiqlə korrupsiyadan yana olmalı deyiləmmi? Azərbaycanı sevməyən axı niyə bu ölkədə korrupsiyanın kökünün kəsilməsini istəsin ki?
Azərbaycanı sevməyən niyə bu ölkədə hüququn, ədalətin, demokratiyanın təntənəsini arzulasın ki?
Azərbaycanı sevməyən məntiqlə bu ölkənin orta çağ bataqlığında çabalamasından…
Çağdaşlığın min ağac gerisində qalmasından…
Hüquqsuzluğa, köləliyə, yalana təslim olmasından yana olmalı deyilmi?
Azərbaycanı sevməyən məntiqlə onun bir az da cəhalətə gömülməsini, bir az da səfalətə yuvarlanmasını istəməli, bunun üçün də Misir Mərdanovun təhsili, Oqtay Şirəliyevin səhiyyəni batırmasına sevinməli, onların şəninə təriflər söyləməli deyilmi?
***
Mən Azərbaycanı sevməsəydim – yandırılan hotel mənim olardı.
Müstəqilliyin əleyhinə səs verib sonra da “Istiqlal” ordenini mən alardım.
Elşad Abdullayevin videolarında mandat alveri eləyirdim.
Bu iyrəncliklərlə məşğul olub sonra da başqasının öz ölkəsinə, xalqına bağlılığını, sevgisini sorğulamaq həqiqətən həyasızlığın son həddidir.
***
Nə qədər çətin, mümkünsüz olsa da bir anlığa təsəvvür edək ki, yaptokratlar həqiqətən, səmimi-qəlbdən xirtdəyəcən batdıqları bu qədər pisliyin, çirkabın içində də Azərbaycanı onlardan başqa heç kimin sevmədiyini düşünürlər, onlardan olmayan hər kəsin Azərbaycana düşmən olduğuna inanırlar, yağmaçılığın, yalanın da Azərbaycanı sevməyə mane olmadığı qənaətindədirlər. Hə, nə olsun? Bəyəm bu qədər sərvətlə, mal-mülklə, bank hesabları ilə Azərbaycanı sevməkdə qeyri-adi nə ola bilər?
Bu ölkənin neftinə, qazına, qızılına sahib olub onu sevmək asandır.
Bu qədər ofşor şirkətlərlə Azərbaycanı nənəm də sevər.
Amma oğul ona deyirəm bir də bu ölkəni bizim yerimizə olub sevsin – boş ciblə, cırıq ayaqqabı ilə, nimdaş pencəklə, xirtdəyəcən borcla.
Fantaziyanızı zorlayın, sonra baxın görün siz nəqliyyat naziri yox, nəqliyyat qoçularının döydüyü taksi sürücüsü olan Ziya Məmmədovun Azərbaycan sevgisini təsəvvür edə bilirsinizmi?