İcra başçısına ağır ittihamlar

Bu rayonun sabiq icra başçısı rayonun indiki rəhbəri Razim Məmmədovun fəaliyyətini kəskin tənqid etdi

KXCP-nin Ali Məclisinin sabiq sədri, Xətai rayonunun keçmiş icra başçısı Zəlimxan Məmmədli Xətai rayon Icra Hakimiyyətinin başçısı Razim Məmmədovun fəaliyyətini sərt şəkildə tənqid edən bəyanatla çıxış edib.
“Milli azadlıq hərəkatının nəticəsi olaraq əldə etdiyimiz müstəqilliyimiz qürur yerimizdir. Konstitusiyada hakimiyyətin xalqa məxsus olduğu ehtiva olunub.
Hakimiyyət xalqın iradəsinin ifadəçisi olaraq onun qurduğu dövlətin təhlükəsizliyini qoruma, onu quran hər bir vətəndaşın rifah halının daha da yaxşılaşdırma vasitəsidir.
Xətai rayonunda orta hesabla 400000 sakin yaşayır.
Onların da dövlətin imkanlarından bəhrələnmə, sosial rifahını yaxşılaşdırma, istirahət hüququ və haqqı vardır.
Hamı istirahət üçün bulvara, bahalı istirahət yerlərinə gedə bilmir. Xətai sakinlərinin böyük əksəriyyəti bu kateqoriyaya aid insanlardır. Çox ləyaqətlidirlər. Onlar evlərinin yaxınlığında vaxtilə salınmış xiyabanlarda, parklarda əylənmək, istirahət etmək, boş vaxtlarını səmərəli keçirmək istəyirlər.
Xətainin indiki başçısı Razim müəllim görəsən bunları bilirmi? Ya bilir, ya da bilməməzliyə vurur. Belə omasaydı Xətai rayonunda istirahət məkanlarını dağıdıb, yerində budkalar, yöndəmsiz “obyektlər” tikdirməzdi, hər biri xalqın minlərlə manatı hesabına böyümüş, on illərlə yaşı, həm də oksigen mənbəyi olan ağacları qəddarcasına kəsməzdi.
Indi də keçiblər Xətaidə Məhəmməd Hadi küçəsini vəhşicəsinə talamağa, qırıb dağıtmağa, soyqırıma məruz qoymağa… Ay başçı, axı bu cinayətdir, obyekt satdığınız yerlər “qırmızı” xəttə düşür. Xətainin 3500 hektara yaxın ərazisi var.
Məhəmməd Hadidən 6 saylı poliklinikaya dönən döngədə ağaclar bizdən, həm də məndən imdad diləyir: “Haqsızlığa niyə susursan, ay keçmiş cəbhəçi, icra başçısı Zəlimxan?” deyə mənə müraciət edirlər. Yadıma həzrəti Əlidən sitat salırlar ki, haqsızlığı görüb ona susmaq həmin zalımlara şərik olmaqdır. Nə deyim onlara, yoldaş Razim müəllim? Deyim ki, onlar (yəni siz) ümummilli məsələlərlə məşğuldurlar? Deyə bilmərəm. Çünki yalançılar Allahın düşmənləridir. Mən isə böyük yaradana hər zaman səcdədə olanlardanam.
Sadəcə ayıbdır! Təbiətə təcavüzü dayandırın. Allahdan qorxun. Bu məmləkəti sizlərin dağıtması üçün qurmamışıq!”