Uzaqdan gələn cinayətkarı gözləmək

Salam Sarvan demişdi: “Getmək imkanı olub bu ölkədən getməyənlər cinayətkardı”. Deyəsən, 2005-də demişdi. Qürbətdə oxumuşdum onun bir müsahibədə dediyi bu fikri. Oxuyandan bir il sonra ölkəmə qayıtdım. Bir daha getməmək niyyəti ilə.
Indi uzaqdan gələnim var. Gözləyirəm. Niyə gəlirlər? Vətənəmi? Vətən əslində sadəcə hər kəsin öz doğulduğu, soy-kökünün bağlı olduğu coğrafi məkana verdiyi bir ad deyilmi? Vətən təkcə torpaq deyilmi? Diriykən sən onu çürüdür, əkirsən, öldünmü, səni ona əkirlər, o səni çürüdür. O torpaq.
Qaranquş qışı haraya uçub getsə də, yazda yenə öz yuvasına qayıdan kimi, insan da hara getsə, yenə öz yuvasına, vətən adlanan yerə can atır. Ancaq insan heyvan deyil ki, soyuq olanda yuvasını atıb gedə, yaz gələndə, havalar isinəndə yenə dönüb gələ.
Yox, deyəsən, quşlardan elə də fərqimiz yox. Vətən bizə soyuq olduqca ondan qaçırıq. Qaçmağımız həm də quşlar kimi qida üçün, dolanışıq üçündü. Ama quşların qışda çıxıb getməsi sırf qida ilə də bağlı deyil. Onun canı soyuğa dözmür. O, qışda mütləq isti ölkələrə uçub getməlidi. Qidaya qalsa, qidanı elə qışda da əldə eləyə bilər. Ancaq onun bədəni soyuğa dözmür. Soyuqda tələf olur. Daha isti ölkələrə uçub getmək quşların qanındadı. Qışda bizim ölkəmizə uçub gələn quşlar da olur. Daha soyuq ölkələrdən gəlirlər. Qışlamağa. Demək, burda da yaşamaq olar. Lakin…
Ən dəhşəti isə bilirsinizmi nədir? Gedəsən və gələ bilməyəsən. Getmək də əzablıdı, ancaq bilirsən ki, bir gün yenə vətənə günəş qayıtsa, sən də qayıda bilərsən. Ancaq biləndə ki, sən gedmisən, ancaq geri dönə bilmirsən, dönsən, səni soyuq zülmət gözləyir, o zaman fəlakət olur.
Insan da quş kimi həm də qidaya görə gedir gedəndə, ancaq quşdan tək fərqi ondadı ki, o fəsillərə görə getmir. Insan üçün əsas olan tək şey var: Insanlıq fəsli. O fəsil varsa, yəni ekvator xəttində iqlimlər dəyişmədiyi kimi insanlıq fəsli də heç vaxt dəyişməsə, insan vətənini atıb heç yana getməz. Yuvaya qalsa, hər yerdə yuva qurmaq, yemək tapmaq olur. Avropaya sığınanlara yuva da, qida da verirlər. Həm də əlini ağdan-qaraya vurmadan. Ancaq sığınacaq alan adam bilir ki, onun ölkəsinə qayıtmaq şansı ancaq qaçdığı rejimin çöküşündən sonra ola bilər. Yəni məchul bir zamanda. Avropada yaşayan, ancaq ölkəyə gəlmək izni olmayan nə qədər dostlar var ki, necə iztirab çəkdiklərini bilirəm. Insan təkcə torpağından ayrı düşmür. Dediyim kimi, torpağa nə var ki, yer kürəsinin üçdə biri torpaqdı, daha yaxşı havası, daha yaxşı suyu və insana insan kimi yanaşma var. Ancaq yenə də vətən adamı çəkir. Çünki bizim canımızda, qanımızda o vətənin müsbət yüklü maqniti var ki, daim bizi vətənin mənfi yüklü maqnitinə doğru cəzb eləyir. Quş necə deyir:
Gəvən evim, gənc evim,
Yatım səndə dinc, evim…
Bu qədər sadədi, ama biz bu cazibəni romantikləşdirib vətən sevgisi adlandırırıq. Insanlararası cinsi cazibəni sevgi adlandırdığımız kimi…
“Azərbaycana ona görə gəlirdim ki, ora mənim vətənimdir. Vətən üçün darıxıram. Əgər vətən mənə belə münasibət göstərirsə, deməli, fasilə verməliyəm və bunu edirəm”,- bu sözləri Rüstəm Ibrahimbəyov “mediaforum”a müsahibəsində deyib. Bu sözlərdəki ağrını hiss edirsizmi? Dünya şöhrətli bir sənətkarın bu cür incidilməsini hələlik bir yana qoyaq. Sadə bir insanı və onun vətən üçün darıxmasını, vətənə gəlmək istəyini düşünək. Sadəcə, dəhşətdi. Insanlıq fəslinin bitdiyi yerə nədən gəlsin ki? Gələrsə, onu həbs etməsələr belə, başını mənasız istintaqlar, sorğu-suallarla qatıb canından usandıracaq, yaradıcılığından uzaqlaşdıracaqlar. O, bu ölkəyə həm də ona görə gəlirdi ki, buralara da insanlıq fəslinin gəlməsində yardımçı olsun, indi özü gələ bilmir. Gəlmək istəmir. Mövsümi fasilə verir.
“Azərbaycanda o qədər hadisə oldu ki, yazdıqlarım kitablardan çıxarıldı, əsərlərim teatrlarda oynanılmır. Burada yaşamaq getdikcə çətindir. Ölkəmdən getməyə qərar versəm, Türkiyəyə gedərəm. Özümü ölkəmdən sonra yaxşı hiss edə biləcəyim yer Türkiyədir”,- bu sözləri isə Əkrəm Əylisli deyib. Biri bu ölkəyə gələ bilmir, biri getmək zorunda qalıb. Yaxşı, bəs bu ölkənin milyonlarla insanı haraya getsin? Onlar insan deyillərmi? Axı onlar da insanlıq fəslində yaşamaq istəyirlər, ancaq o fəsil yoxdu.
Salam Sarvanın sözlərinə inansaq, bu ölkənin vətəndaşlarının 99 faizi cinayətkardı. Çünki onların hamısının getmək imkanı var. Ən azı o dünyaya. Mən isə daha bir uzaqdan gələni gözləyirəm. Deməli, cinayətkarın biri də artır…