Nəsiminin son sözləri

Elnur Astanbəyli

Türkiyənin məşhur “Haberturk” portalı tarixə damğasını vuran şəxsiyyətlərin (Arximed, Konfutsi, Sokrat, Mikelancelo, Çexov, Qoqol, Trotski, Rasputin, Göte, Volter…) son sözlərindən ibarət bir yazı hazırlayıb.  O yazıda Nəsiminin “son sözü” olaraq bu iki misra göstərilir:
Zahidin bir barmağın kəssən dönüb haqdan qaçar,
Gör bu miskin aşiqi, sərpa soyarlar, ağlamaz.
Yəni bu iki misranın Nəsiminin son sözləri olduğu iddia edilir.
Nəsimi klassik Şərq şeirinin işığlarından biridir. Onsuz Şərq ədəbiyyatı çox yoxsul və kölə, miskin görünərdi.
Nəsimi dünyagörüşünə görə edam edildi.
Bu o çağlar idi ki, Qərbdə artıq inkvizasiya başlamışdı. Elm və ədəbiyyat adamlarının yolu işgəncədən, repressiyadan, ağlına və düşüncəsinə görə cəzalandırmaqdan keçirdi.
Şərq şairləri və üləmaları isə saraylarda quyruq bulamaqla, əl və ətək öpməklə, itaətkarlıqla məşğul idilər. Hökmdarları, onların arvad-uşaqlarını vəsf edirdilər. Məddahlıq ədəbiyyatın təbii halı idi.   
Nəsimi isə yeganə istisna idi. Üsyan bayrağı açmışdı.
O, yalnız Şərq şeirinin deyil, bütövlükdə Şərq insanının namusunu, ləyaqətini qorumağa qalxmışdı. Və sonadək yaşadığı coğrafiyadakı hökmran düşüncəyə tabe və təslim olmadı, əvəzində isə gözlənilən, qaçılmaz cəzanı aldı.
Onun edamı təslimçiliyə, köləliyə, miskinliyə meylli Şərq təfəkkürünə vurulmuş ən ağır zərbə idi.
Bütün bunlar öz yerində.
Amma Nəsiminin yuxarıdakı iki misrası doğrudanmı, onun son sözləri idi?
Əvvəla, bu qəzəl “Ağlamaz” deyil, “Ağrımaz” rədifi ilə də bilinir.
Ikincisi, o qəzəl yalnız yuxarıdakı iki misradan ibarət deyil. 8 beytdən ibarətdir. Klassik standartlarla götürsək, mükəmməl bir nümunədir.
Yalnız göstərilən beyt yox, həmin qəzəlin sonuncu beyti də onu Nəsiminin edam ayağında yazdığını deyənlərin ehtimalını qüvvətləndirir:
Soyun, ey murdar sallaxlar, Nəsiminin tənin,
Bunca namərdi görün bir ər qıyarlar, ağrımaz.
Amma…
Işin “əmma”sı ondadır ki, Nəsimi edam edilərkən birnəfəsə belə bir şeiri necə deyə bilərdi?
Desəydi belə, bu, o anda necə və kim şeiri yazılı şəklə sala bilərdi?
Burada iki ehtimal meydana çıxır.
Bir: ya Nəsimi bu şeiri hələ zindanda olarkən, ona necə bir edam hökmü çıxarıldığını bildikdən sonra yazmış və müxtəlif yollarla çölə ötürmüş, müridlərinə çatdırmışdı.
Iki: ya da bu şeir Nəsiminin edamından sonra onun fikirdaşlarından biri tərəfindən, Nəsiminin ağzı ilə qələmə alınmış, sonra da Nəsimi şeiri kimi dillərə düşmüşdü.
Üçüncü variant da var: ola bilsin, Nəsimi, günümüzdə onun ölüm ayağındakı son sözləri kimi qələmə verilən iki məşhur beytini həqiqətən edam edildiyi zamanı söyləmiş, bu gün bizim “Ağlamaz” (bəzi nəşrlərdə “Ağrımaz”) kimi bildiyimiz qəzəlin əvvəli və sonrası isə tərəfdarları tərəfindən tamamlanaraq, bitkin şeir halına gətirilmişdir.
Hər bir halda 8 beytlik bir qəzəldən bir beyti ön plana çıxararaq onu Nəsiminin “son sözləri” kimi təqdim etmək xeyli dərəcədə şübhəlidir və əsla inandırıcı təsir bağışlamır.
Biz tarixə damğasını vuranların son sözlərini bilirik.
Bu adətən ya bir sözdən, ya da bir cümlədən ibarət olur.  
Məsələn:
Janna Darkın yandırılan zaman “Mən sizin Allahınızı qəbul etmirəm”, ya da Bayronun edamdan əvvəl “Ana!” qışqırması daha inandırıcıdır, nəinki Nəsiminin son sözü kimi qəbul olunan misralar.  
Unutmayaq: Söhbət tarixin o çağlarından gedir ki, onda nəinki Şərqdə, hətta Qərbin özündə belə, adil, sivil mühakimə yox idi, cəzalandırılanlara da nə bugünkü mühakimə hüququndan bildiyimiz ətraflı son söz haqqı tanınır, nə də onların son sözləri olduğu kimi yazıya köçürülür və saxlanılırdı.
Bu mənada Nəsiminin iki misrasını onun “son sözü” kimi qəbul etmək bəlkə də bədiilik, obraz yaratmaq baxımından cəzbedici görünür, amma tarixi gerçəklik nöqteyi-nəzərdən doğrudanmı, o misralar böyük şairin son sözləridir, – bax, bu xeyli dərəcədə mübahisəlidir.
Bəzi qaynaqlarda ustadın son sözləri kimi bu göstərilir: “Bir gün haqq qayıdacaq!”.
Və mən yuxarıdakı şübhələrimdən yola çıxaraq Nəsiminin son sözləri kimi məhz bunu daha real və inandırıcı sayıram.

“Pinin həyatı” və qələbəsi

“Oskar” mükafatının builki qalibləri məlum oldu.
Qaliblər arasında “Pinin həyatı” filmi də var. Həm də 4 nominasiyada.
Bu film kanadalı yazıçı Yann Martelin eyniadlı romanı əsasında çəkilib.
Bəs 85-ci “Oskar” mükafatçıları arasında məhz “Pinin həyatı”nı fərqləndirməyimin mənası nədir?
Filmi izləməmişəm. Deməli, bu qeydlərin səbəbi də onun builki digər “Oskar” mükafatçılarından daha yüksək dəyərləndirməyim deyil.
Səbəb çox sadədir:
“Pinin həyatı” ən nüfuzlu kino ödülü almamışdan cəmi bir gün əvvəl eyniadlı romanın Azərbaycan dilində işıq üzü görməsidir. Bəli, 4 nominasiyada “Oskar” mükafatı alan filmə qanad verən həmin romanı son vaxtların ən uğurlu ədəbiyyat layihəsi olan “Alatoran Yayınları” seriyasından oxumaq imkanınız var.
Hələ 2002-ci ildə ən nüfuzlu ədəbi mükafatlardan olan “Buker”i qazanan bu romanın dilimizə çevirisini kitab mağazalarından əldə edə bilərsiniz.
“Pinin həyatı” bir insanın yaşamaq uğrunda apardığı və aparmalı olduğu mübarizənin son onilliklərdə yaranan ən parlaq bədii öykülərindən biridir. Bəlkə də birincisidir.
Onda Cek Londonun “Həyat eşqi”ndən, Heminqueyin “Qoca və dənizi”ndən daha sehirli şeylər var.
Qəzaya uğrayan gəminin həyatda qalan yeniyetmə sərnişininin yaşam naminə fövqəladə mübarizəsindən bəhs edən bu roman sizə, bizə, hamımıza – qəzaya uğramış bir ölkənin sakinlərinin həyat uğrunda savaşına bir ayna olacaqdır.   

Doğma dildə daha bir oxunmalı kitab

“Volterin yaradıcılığında ”fəlsəfi povestlər” adlanan janrda yazılmış əsərlər çox böyük bir yer tutmaqdadır. Bu povestlərin içində ən uğurlusu isə onun 1758-ci ildə yazdığı “Kandid, yaxud optimizm” adlı əsəridir. Bu povestin çap olunması Fransada və Avropanın çox ölkəsində yasaqlansa da, ancaq bütün bunlara baxmayaraq , əl altından yayılıb, Avropanın ən oxunaqlı kitabına çevrilə bilmişdi. Kitab yazılandan vur-tut bir il sonra, onun Ingiltərədə beş ayrı-ayrı tərcüməçinin çevirdiyi variantları çap olunmuşdu. “Kandid” povesti dünya ədəbiyyatında ən çox oxunan ilkin kitabların sırasında olmuş və ona olan maraq bu gün də azalmaq bilmir”.
Bu, “Alatoran Yayınları” seriyasından təzəlikcə işıq üzü görmüş daha bir uğurlu nəşrin ön sözündəndir.
Ön söz, həm də “Kandid”in çevirməni olan Araz Gündüzə aiddir.
Volterin əvvəlki bir çox fəlsəfi baxışlarına qarşı çıxması kimi yozulan bu əsəri dilimizdə oxumaq təqdirəlayiqdir, diqqətəşayandır.
Buna görə zəhməti keçən hər kəsdən təşəkkürlərimizi qəbul etmələrini diləyir, oxuculara isə “Kandid”i kitab mağazalarından mütləq əldə etmələrini məsləhət görürük.
Mən birnəfəsə oxudum və insan gücünə inancım daha da qüvvətləndi.
Tunelin sonundakı işığın daha gur yanması üçün oxuyaq və oxutduraq!