Əliyevin kitabının pulunu Elşad Abdullayev ödəyib

Elşad Abdullayev: «Aqil Əliyev məni yanına çağırtdırıb kitabla bağlı Heydər Əliyevin göstərişini çatdırdı…»

Kitab hakimiyyət daxilində ciddi qalmaqala səbəb olub

Bugünlərdə məlumat yayıldı ki, Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevdə gizli videosu olanlar arasında “Azərbaycan” qəzetinin baş redaktoru, deputat Bəxtiyar Sadıqov da var. Bir sıra başqa hakimiyyətyönlü qəzetlərdən fərqli olaraq, “Azərbaycan”ın Elşad Abdullayevə “hücum etməməsi” də məhz bununla əlaqələndirilir.
Hazırda Fransada mühacirətdə olan Elşad Abdullayev ötən gün “Azadlıq”a göndərdiyi açıqlamada məsələyə aydınlıq gətirib. Elşad Abdullayev yazır:
“Azərbaycanda olduğum və ABU-ya rəhbərlik etdiyim vaxtlarda müntəzəm olaraq, dövlət qəzetlərində, o cümlədən ”Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”ndə dövlətçilik problemlərilə bağlı geniş həcimli məqalələr dərc etdirmişəm.
2001-ci ildə mərhum Heydər Əliyevin qardaşı akademik Aqil Əliyev məni dəvət edərək dedi ki, prezident seçkisi yaxınlaşır. Heydər Əliyev də bildirib ki, özündən sonra Ilham Əliyevi prezident görmək istəyir. Ona görə də tapşırıq verib ki, hüquq professoru Elşad Abdullayevə deyin, Ilham Əliyevin “Dövlət quruculuğu” kitabını 2003-cü il prezident seçkilərinə qədər nəşr etdirsin. Heydər Əliyev tapşırıb ki, kitab akademik dildə yox, “qara camaatın” başa düşəcəyi sadə dildə yazılmalıdır. Aqil Əliyev məndən soruşdu ki, Ilham Əliyev haqqında kitabı nə qədər vaxta nəşr etdirmək olar? Mən də bildirdim ki, həmin kitabı ən tezi 3 il ərzində nəşr etdirə bilərəm. Mərhum akademik Aqil Əliyev mənimlə razılaşmadı. Xahiş etdi ki, kitab 6 aya hazır olsun. Dedi ki, 2002-ci ildə Ilham Əliyevin ad günündə kitab Heydər Əliyevə təqdim olunmalıdır. Xatırladım ki, Ilham Əliyev 1961-ci ilə dekabrın 24-də anadan olub.
Biz gərgin çalışıb, Ilham Əliyevin “Dövlət quruculuğu” kitabını onun ad gününə bir gün qalmış hazır vəziyyətə gətirdik. Ertəsi gün Aqil Əliyev “Dövlət quruculuğu” kitabını Heydər Əliyevin Zaqulbadakı evində təqdim etdi. Kitab vaxtında nəşr olunduğu üçün Aqil Əliyev Heydər Əliyevin adından mənə təşəkkür etdi.
Lakin bu kitab iqtidar düşərgəsində birmənalı qarşılanmadı. Hətta hazırda Ramiz Mehdiyevin komandasına daxil olan bir sıra vəzifəli şəxslər mənə ciddi iradlar da tutdu. Kitab nəşr olunduqdan bir ay keçməmiş “Azərbaycan” qəzetində  Ilham Əliyevin “Dövlət quruculuğu” kitabını tənqid etməyə başladılar, özü də anonim şəkildə, müəllifin imzası olmadan. Bu ərəfədə Aqil Əliyev ağır xəstə olmasına baxmayaraq, mənə tapşırdı ki, “Azərbaycan” qəzetində Ilham Əliyevin “Dövlət quruculuğu” kitabının kim tərəfindən tənqid olunmasını araşdırım. Buna görə də “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqovla iş otağında görüşdüm. Ona dedim ki, həmişə qəzetinizə hörmətlə yanaşmışam, müntəzəm olaraq dövlətçilik haqda çoxsaylı məqalələr çap etdirmişəm, belə getsə, sizinlə əməkdaşlıq etməyəcəyəm, məqalə verməkdən imtina edirəm. Bildirdim ki, Ilham Əliyevin kitabı haqqında tənqidi münasibəti sifariş verənin adını akademik öyrənmək istəyir, xahiş edirəm, sifarişçinin adını deyin.
Xeyli səmimi söhbətdən sonra “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov mənə səmimi şəkildə bildirdi ki, Elşad müəllim, bizim qəzet Prezidentin Icra Aparatının rəhbəri Ramiz Mehdiyevə tabedir. Ilham Əliyevin “Dövlət quruculuğu” kitabıyla bağlı tənqidi məqalənin sifarişçisi də odur, bu məsələdə mənlik heç bir problem yoxdur. Həmin ərəfədə bunu başa düşmək çox çətin idi…
Bundan sonra Aqil Əliyev ağir xəstə olmasına baxmayaraq, Novxanıdakı bağ evindən xidməti telefonla Heydər Əliyevə məlumat verdi, şikayətləndi. Daha sonra o, Ramiz Mehdiyevə zəng elədi, onun yadına salıb dedi ki, sizi o vəzifəyə mən gətirmişəm, qalmışdın işsiz. Iradlarını bildirdi. Həmin vaxt akademik Aqil Əliyev Cəlal Əliyevdən də sərt danışdı…
Azərbaycanda adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar dəstə özlərini gizlətmək, ictimai rəyi çaşdırmaq məqsədilə şayiələr yayırlar. Bu cür addımlar Mahir Abdullayevin işilə əlaqədar Ilham Əliyevin sərəncamıyla Baş Prokurorluqda yaradılan Müstəqil Istintaq Komissiyasının fəaliyyətinə maneçilik törədir. Yaradılmasından 5 ay keçməsinə baxmayaraq, Müstəqil Istintaq Komissiyası MTN zabiti Mahir Abdullayevin Azərbaycanda adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar dəstə tərəfindən oğurlanmasına dair açıq cinayət faktına hüquqi qiymət vermək əvəzinə, Ramiz Mehdiyevin sifarişilə zərərçəkmişi susdurmaq üçün təhdid xarakterli hərəkətlər edirlər”.

İnformasiya şöbəsi