Gülər Əhmədova 20 il əvvəl ifritə deyildi…

Iyirmi ildir hakimiyyəti zorla zəbt edən 25-30 quldur daha çox ölkəni çapıb-talamaq üçün işsiz-gücsüz, pulsuz-parasız camaatın başını növbəti qladiator oyunları ilə qatmağa çalışırlar. Bu köşəni yazmazdan əvvəl məşhur “Qladiator” filminə bir də baxdım, qladiator oyunları haqqında yazılar oxudum. Hamı bilir ki, “qladiator – tamaşaçıları əyləndirmək üçün başqa bir qladiatorla, vəhşi heyvanlarla və ya cinayətkarlarla ölüncəyə qədər vuruşan döyüşçüdür”.

Başqa ölkələrdə qladiator oyunlarına hələ eramızdan əvvəl son qoyulsa da, bizdə 20 ildir çiçəklənmə dövrünü yaşayır. Yayılan son məlumatlara görə, YAP arenasında son nəfəsinədək əla şəkildə döyüşən və ağır vəziyyətdə həbsxanaya yerləşdirilən qladiator Gülər Əhmədova olmuşdur. Elə ona görə də son 4-5 ayda qəzet səhifələrini, xəbər portallarını G.Əhmədovanın müxtəlif illərdə çəkdirdiyi şəkillər və haqqında yazılan ilginc xəbərlər bəzəyir: “Gülər Əhmədovanın gizli videoları yayıldı”, “Gülər Əhmədova həbs olundu”, “Gülər Əhmədovanın arenadan zindanadək olan şəkilləri”, “Gülər Əhmədovanın beyni quruyur”, “Gülər Əhmədova öldürülə bilər”, “Gülər Əhmədova namaz qılmağa başlayıb”… və s.
Yayılan şəkillər və xəbərlər sayəsində G.Əhmədova elə məşhurlaşdı ki, “Gülər” deyən kimi söhbətin peşəkar qladiatordan getdiyi o dəqiqə məlum olur. Zarafat deyil, elə jurnalist var ki, az qala son aylardakı köşələrinin, məqalələrinin hamısını Gülərin Milli Məclisdə necə qılınc oynatmasına, ölkədə necə at çapmasına, “Azadlıq” qışqıranlara necə nizə atmasına həsr edib. Amma onu KIM qladiator etdi? Nədən Gülərin qəddarlığından ən xırdalığına kimi yazanlar, onu cinayətkar edən yüksək vəzifəli məmurlar haqqında heç nə yazmırlar? Bəli, biz bilirik ki, mitinqdə “Azadlıq!” qışqıran balaca qızın anası üçün Gülər bar qadını deyirdi. Biz bilirik ki, Gülər “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallını şərləyərək həbs etdirib, övladlarının gözünü yolda qoyub. Və nəhayət, Elşad Abdullayevin yaydığı videolardan sonra məlum oldu ki, G.Əhmədovanın Ramiz Mehdiyev üçün fırlatdığı “Deputat mandatı” bazarı olubmuş. Güləri cinayət, günah işlər görməyə məcbur edən, mələk kimi dünyaya gələni fırıldaqçıya, oğruya, caniyə çevirən bu OYUNBAZ hakimiyyətdir! Ən azı Gülərin 27 yaşınadək olan şəkilləri onun ifritə, qladiator kimi dünyaya gəlmədiyini sübut edir. Indi ən ağır təhqirlərə məruz qalan, “facebook”da, qəzetlərdə hər cür alçaldılan, danışığı, hərəkətləri ilə ikrah doğuran o qadın vaxtilə məsum uşaq, gözəl-göyçək, sadə bir xanım olub axı.
Ən faciəvi olan odur ki, bu qəddar oyunlara baxa-baxa gözəl insan kimi qalanlar da vəhşiləşir, ürəyi daşlaşır. Məsələn, 20-25 il əvvəl bir qonşum danışırdı ki, anası balaca küçükləri diri-diri basdırdığına görə həmişə yerin altından zingildəyən küçük səsləri eşidir, gecələr rahat yata bilmir. Amma 2-3 il əvvəl özü anasından betər qəddarlıq etdi: təzə arvadının könlünü xoş etmək üçün oğlunu, gəlinini, nəvələrini evdən qovdu. Nəvələri küçələrdə balaca küçüklərdən betər zingildəyəndə, o, gecələr çox rahat yata bilirdi. Doğrudur, adamlar danışır ki, 3-4 ay öncə yaşlı kişi can verəndə qoca köpək kimi hürürmüş, hətta Əzrayıl ona kəlmeyi-şəhadətini demək üçün şərait yaratmayıb. Gənclərdən kimsə “hürən qoca”nı çəkib internetdə yaymaq istəyibmiş, amma molla deyib ki, bazarımı bağlama, hamı elə bilər ki, günahı olan öləndə hürəcək, bu isə çox yüngül cəzadır.
Eh, adamlar o qədər günaha batıblar ki, öləndə çaqqal kimi ulayanların, eşşək kimi anqıranların, siçan kimi civildəyənlərin say-hesabı bilinməyəcək. Son 15-20 ildə qılıncının qabağı da, arxası da kəsən G.Əhmədova indi qurbanlıq qoç kimi “ustadları”nın ayağı altında mələyir: hələ bilmək olmur onun başını kəsib yeddi məmur qapısına paylacaqlar, yoxsa bir daha mələməmək üçün beynini qurudacaqlar. Kim bilir, bəlkə də onu “hüquq müdafiəçisi” edib, Bakının mərkəzində ofis də verəcəklər. Heç şübhəsiz, silah-sursatı əlindən alınan keçmiş deputat əgər Elşad Abdullayev kimi vaxtında ölkədən qaça bilsəydi, daha ilginc savaş, rüşvət videoları ilə camaatı heyrətləndirəcəkdi. Axı bir zamanlar Elşad Abdullayev də bu gün tənqid, ifşa etdiyi hakimiyyətin hesabına ABU-da at çapıb, qılınc oynatmaqla milyonlar qazanırdı. Yalnız qardaşı oğurlanandan sonra qəzəbləndi, hakimiyyətdən qisas almaq fikrinə düşdü.
Amma keçmiş rektor gecikmiş qisasında da səmimi deyil və dolayısı ilə hakimiyyətin ömrünü uzadır: Elşad Abdullayev ara sakitləşən kimi bir yeni video yayır, aləm dəyir bir-birinə. Bu bilirsiniz nəyə bənzəyir? Striptiz nümayişinə. Ölkə üçün çox önəmli olan bir ildə, prezident seçkilərinə 6-7 ay qalmış başı dərddə olan camaata “striptiz oyunu” lazımdır? Yaxşı olar ki, o “zəhrimarlar” birdəfəlik çıxarılsın, onsuz da hamı bilir axırda nə çıxacaq, nə görünəcək…