Sakinlər hökumətin hərəkətsizliyindən narahatdır
«Nə sürüşmənin, nə uçqunun qarşısını alırlar, nə də bizi köçürürlər»
Bakının Badamdar və “20-ci sahə” adlanan sahəsində yenə uçqun olub. Sözügedən ərazilərdə tez-tez bu cür hallar baş verir. Burada yaşayanlar isə hər anlarını qorxu içərisində keçirirlər…
“Bibiheybətdən Qurd qapısına qədər əhəngdaşlar yuxarıda qırılmış şəkildə qalıb”
Növbəti dəfə sürüşmə və uçqun dörd gün öncə baş verib. Elmlər Akademiyasının Coğrafiya Institutunun landşaftşünaslıq və landşaftların planlaşdırılması şöbəsinin aparıcı elmi işçisi Mirnuh Ismayılov deyir ki, Binə Ticarət Mərkəzinə gedən yol, Bibiheybət məscidindən tutmuş 20-ci sahəyə qədər ərazi uçqun riski olan ərazilərdir: “Burada daha bir neçə ərazidə uçqun baş verə bilər. Bunun qarşısını almaq üçün təcili tədbir görmək lazımdır”.
“Uçqun kütləsi əhəngdaşlarıdır, bu əhəng daşları atmosfer yağıntılarının təsirindən aşınmaya məruz qalıb. Meylliliyin yüksək olması aşınmış materialların aşağıda yerləşən fərdi yaşayış evlərinin üzərinə gəlməsinə səbəb olub. Dünən biz hadisə yerində olmuşuq. O ərazidə yerləşən evlərin dam örtüklərinə ziyan dəyib. Dəymiş ziyanı sakinlər özləri aradan qaldırır” – bu sözlərin müəllifi isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Sadiq Əmiraslanovdur. O deyir ki, əhəngdaşlarının ən maksimal ölçüsü 1 metrə qədər olub. Uçqun zamanı bu ölçüdə təxminən 10 belə əhəngdaşı tökülüb: “Bibiheybətdən Qurd qapısına qədər əhəngdaşlar yuxarıda qırılmış şəkildə qalıb. Buna görə də həmin daşların aşınıb yer səthinə düşmə ehtimalı daha böyükdür”.
Sürüşmə və uçqunu nə yaradır?
Ötən gün Badamdar və “20-ci sahə”yə gedib baş verənlərlə maraqlandıq.
Ərazidə yaşayanlar deyir ki, sürüşmədən üç gün keçməsinə baxmayaraq hökumət ciddi tədbir görməyib: “Üç gündür burada sürüşmə baş verib. Bir iş görülmür. Gəlib deyirlər ki, narahat olmayın, hər şey qaydasına düşəcək. Ancaq ortada heç nə yoxdur. Yola bir dənə beton qoyublar bununla işlərini bitmiş sayırlar. Nazirliyin nümayəndəsi gəlib əraziyə baxıb gedib. Hər dəfə uçqun, yaxud sürüşmə olanda bir bəhanə tapırlar. Keçən dəfə sürüşmə olanda dedilər ki, bunun səbəbi kanalizasiya sularıdır. Kimi aldatmaq istəyirlər? Kanalizasiya suyu ilə sürüşmə olur?”.
Sakinlərin bu dediklərini ekspertlər də təsdiqləyir. Onların fikrincə, bölgələrdə və Bakının əksər yerlərində kanalizasiya sistemi olmadığı üçün sürüşməyə bu amilin də təsir etdiyi barədə söylənilənlər əsassızdır: “Mərkəzləşmiş kanalizasiya sistemi olmadığı yerlərdə də sürüşmə baş verir ki, bu da tullantı suların axıdılması səbəbindən uçqun olması arqumentini təkzib edir”.
“Burada hər kəs özünə belə bir ev tikə bilməz! Hər bir villaya gedən yolun qarşısında qadağa ”znak”ı qoyulub. Bunu mən, sən edə bilmərik. Böyük adam olasan ki, bunu elətdirə biləsən də!” deyən sakinlər təpənin üstündə tikilən villalara işarə edirlər.
“Villaların sahiblərinə heç kim bir söz demir. Ancaq sadə camaatın üstünə gəlirlər. Sürüşmənin əsas səbəbi bu villalardır. Yüksəklikdə tikilib, özülü qazılan zaman ciddi fəsadlar törədilib. Indi də qarşısını ala bilmirlər”- bunu da sakinlər dedilər.
“Hökumət bizi buradan köçürsün”
“20-ci sahə”də yaşayan sakinlər deyirlər ki, onlara heç bir yardım edilmir: “Dövlətdən heç bir kömək dəymir. Nə uçquna, nə də sürüşməyə görə gəlib mənzillərə baxış keçirmirlər. Yaşamaq təhlükəlidir, deyib gedirlər. Təhülkəli olduğunu biz də bilirik, konkret iş görmək lazımdır. Yuxarıdan iri-iri daşlar tökülür. Evlərin damını yarasız hala salır. Camaat öz hesabına təmir edir. Belə özbaşınalıq olmaz”.
Bizimlə söhbət edən sakinlər onu da bildirdilər ki, bir neçə gün əvvəl bəzi evlərin damına düşən daş mənzilləri tamam yararsız hala salıb: “Hər yerə şikayət etdik. Televiziyalar gəlib çəkdi, ancaq heç bir nəticəsi yoxdur. Nə sürüşmənin, nə uçqunun qarşısını alırlar, nə də bizi buradan köçürürlər”.
Bu ərazilərdə yaşayan vətəndaşların hökumətdən bir istəyi var ki, o da ərazidən köçürülmələrini təmin etməkdir: “Burada yaşayanların əksəriyyəti 10 ildən çoxdur məskunlaşıblar. Bakıya gələndə bu ərazilər boş idi. Hər yerdə torpaq baha olanda məcbur olub bu qayalıqda ev tikdik. Çünki imkanımız yox idi. Imkanlı adam burada ev tikməz. Illər getdikcə vəziyyət daha da pisləşir. Biz istəyirik ki, dövlət bizi buradan köçürsün. Normal kompensasiya versin və biz gedək özümüzə balaca bir koma tikək. Pul vermirlərsə, mənzillə təmin etsinlər”.
“Sadəcə bizi aldadırlar”
“Biz hökumətə kömək üçün dəfələrlə müraciət etmişik. Hələ ki, bir nəticə yoxdur. Hər gün qorxu içərisində yaşayırıq. Sürüşmə, uçqun həyatımızı məhv edib. Ölüm belə bizim üçün adiləşib. Qorxumuz təkcə övladlarımızdı. Uşaqlara görə narahatıq”, – deyə sakinlər bildirirlər.
Badamdar qəsəbəsindən “20-ci sahə”yə gedən yol birtərəfli bağlıdır. Maşınlar bir xətt üzrə hərəkət edirlər. Yolun o biri tərəfinə isə daş və qum tökülüb. Hökumət yalnız təpədən gələn iri daş parçalarının qarşısını almaq üçün bir metr hündürlüyündə hasarlar tikir və bununla da iş bitmiş sayılır. Sakinləri də ən çox hiddətləndirən elə budur: “Bir metr hündürülüyündə tikilən hasar sürüşmənin, yaxud uçqunun qarşısını ala bilər? Təbii ki, yox. Sadəcə bizi aldadırlar. Görüntü yaratmaq istəyirlər ki, hər şey yaxşıdır. Bu cür bərkitmə işləriylə heç nəyin qarşısını almaq olmaz. Ciddi tədbir görülməlidir”.
Ramin DEKO