Tofiq Yaqublunun məhbəsdən müsahibə verdi: «Mövqeyimi dəyişsəydim, mən də azadlıqda olardım, Nigar da»
İsmayıllı hadisələrinin təşkilində günahlandırılaraq həbs olunan və hazırda Kürdəxanıdakı 1 saylı istintaq təcridxanasında saxlanılan Müsavat başqanının müavini, “Yeni Müsavat” qəzetinin əməkdaşı Tofiq Yaqublu “mediaforum”un suallarını cavablandırıb:
– Sizi Ismayıllı hadisələrində günahkar bilirlər. Həbsinizin əsl səbəbləri haqda nə düşünürsüz?
– Mənə qarşı ittihamın heç bir əsası yoxdur, orda yazılanlar cəfəngiyatdır. Bəzi YAP-çılar, o cümlədən Siyavuş Novruzov iddia edir ki, mənim əməllərimdə cinayət tərkibi olmasa, həbs edilməzdim. Onlara sadəcə olaraq bunu deyirəm ki, ayıbdır. Onu da, digər həmkarlarını da məhkəməmə dəvət edirəm. Qoy gəlib öz gözləri ilə görsünlər ki, bu ölkədə hüquq və ədalət adına heç nə yoxdur. Mənim daşdan keçən arqumentlərim var. Ilk növbədə builki prezident seçkisində qalib gələcəyi şübhə doğurmayan Isa Qəmbərin müavini olduğuma görə həbs olunmuşam. Guya ki, labüd prosesin qabağını almaq istəyirlər, amma alınmayacaq. Əksinə, belə hərəkətlərlə odun üstünə yağ tökürlər.
– Ismayıllıya getməzdən əvvəl də həbs təhlükəsi hiss edirdinizmi?
– 1993-cü ildən bu yana dəfələrlə həbs edilmişəm. Baxın mətbuata, elə il varmı ki, həmin il üç-dörd dəfə həbs edilməmiş, polis bölmələrində işgəncələrə məruz qalmamış olum? Mən və ailəm bu qəddar rejimdən gələn repressiya təhlükəsini hər an hiss etmişik.
– Necə oldu ki, Ismayıllıya getməyə qərar verdiniz? Siz ora Ictimai Palatanın nümayəndəsi kimi getmişdiniz, yoxsa “Yeni Müsavat” qəzetinin əməkdaşı kimi?
– “Yeni Müsavat” qəzetinin əməkdaşı kimi. Mən Tiflisdə Gürcüstan ÿparlamentinin keçmiş spikeri Nino Burcanadzenin təşkil etdiyi məşhur 26 may mitinqindən, o qırğının və leysanın içindən gecə yarısı “Yeni Müsavat” qəzetinə hadisə yerindən birbaşa xəbər vermişəm. Abaşidze-Saakaşvili qarşıdurması zamanı Çoloki çayının üstündə baş vermiş silahlı münaqişədən birbaşa xəbər vermişəm. Ötən il Moskvada Rusiya müxalifətinin ən izdihamlı mitinqindən reportac hazırlamışam.
Demək istəyirəm ki, siyasətçi olmaqla yanaşı, həm də “Yeni Müsavat” qəzetinin əməkdaşıyam. Qəzetdən aldığım qonorarla ailəmi saxlayıram, YAP-çılar kimi ölkəni talamıram. Bu dəfə də qəzetimiz məni növbəti qaynar nöqtəyə ezam etmişdi və mən də həvəslə ora getmişdim. Getdiyimə də qətiyyən peşman deyiləm. Mənim Ismayıllıya getməyim yox, getməməyim təəccüblü olardı.
– Qızınız Nigar Yaqublu həbsdədir. Bu həbsiniz sizi onunla “bir dam altına” apardı. Nə hisslər keçirirsiniz?
– Səadət Cahangir bu haqda bir şeir yazıb. Buradan bir daha ona təşəkkür edirəm. O şeiri dərhal əzbərlədim. Səadət xanım mənim keçirdiyim hissləri çox gözəl ifadə edib. Nə mən, nə də Nigar həbsdən qorxuruq. Əksinə, mübarizə əzmimiz daha da artır. Indi mən bu rejimə qarşı daha qəti və daha cəsarətli mübarizə aparmaq əzmindəyəm. Məncə, bizim həbsimiz cəmiyyətin bu rejimə qarşı nifrətini bir az da artırıb. Mənim və Nigarın həbsi təkcə qanunsuzluq deyil, həm də misli görünməmiş tərbiyəsizlikdir ki, YAP rejimi bunu da etdi…
– Saxlanıldığınız təcridxanada Nigarla görüşmək imkanınız olubmu? Üz-üzə gəlmisinizmi?
– Burada Nigarla görüşmək imkanım yoxdur. Görüş üçün təcridxana rəhbərliyinə rəsmi müraciət yazdım. Onlar da rəsmi cavab verdilər ki, bu mümkün deyil. Hətta elə olur ki, Nigarın da, mənim də vəkillərim eyni zamanda gəlirlər, amma dəhlizdə bir anlığa da olsa, rastlaşmamağımız üçün birimizi tez, birmizi gec gətirirlər vəkillə görüşə.
– Sizcə, Nigarın həbsi həm də sizi mübarizədən çəkindirmək üçündümü? Siyasi fəaliyyətinizdə dəyişiklik etsəydiniz, Nigarı və özünüzü həbsdən qoruya bilərdinizmi?
– Sözsüz ki. Mövqeyimi dəyişsəydim, indi mən də azadlıqda olardım, Nigar da. Bu haqda mənə dəfələrlə müxtəlif yerlərdən ismarışlar da gəldi. Amma bu mümkün olan şey deyil. Mən hansı hiss və qətiyyətlə Qarabağa döyüşməyə getmişdimsə, bu mübarizədə də eyni ruhdayam. Mənim qəti düşüncəmə görə, hər bir xalq üçün demokratiya torpaq qədər irəlidir. Demokratiyanın olmaması torpaq itkisi qədər dəhşətlidir.
– Saxlanma şəraitiniz və təcridxana əməkdaşlarının sizə münasibəti necədir?
– Saxlanma şəraitimdə heç bir problemim yoxdur. Rejim qaydalarına əməl olunur. Ancaq qəzetlərin verilməməsi işgəncədir.
– Dustaq yoldaşlarınız, təcridxana işçiləri Nigarın atası olduğunuzu bilirlərmi? Bu barədə nə deyirlər?
– Mənim burada başqaları ilə təmas imkanım yoxdur. Amma əməkdaşlar bilirlər və hər ikimizə hörmətlə yanaşırlar.
– Yaxınlarınıza, dostlarınıza bir mesajınız varmı?
– Biz mütləq görüşəcəyik. Tək məni və Nigarı yox, yüzlərlə, bəlkə də minlərlə insanın həbsxanaya atılmasında rolu olmuş hər kəsin layiqli cəza alacağına da şübhə etmirəm. Görüşəcəyik!