Rusiyanın Azərbaycandakı yeni Qızıl Ordusu

Saakaşvilinin Rusiyanın Azərbaycanda hakimiyyəti dəyişmək istədiyi barədə xəbərdarlığına yapçıların, rejimə açıq və gizli simpatiya duyanların dərhal, özü də təsdiqləyici tonda cavabları çox düşündürücüdür. 
Bu, Əliyevçi rejimə “ayı xidməti”dir. Saakaşvilinin açıqlamasının ardınca ölkənin içində “Azərbaycanın bütün qüvvələrini birləşməyə” çağırışların artması da bunu göstərdi. Yavaş-yavaş hamıdan tələb olunur ki, ölkənin demokratikləşməsi, avtoritarizmin ləğvi istiqamətində mübarizəni, səyləri bir kənara qoyun, gəlin Kremlin yeni işğal planına qarşı birləşək.
Bir sözlə, Saakaşvilinin açıqlaması və onun ətrafında yaradılan ajiotaj məqsədlidir. Məqsəd – seçki ilində vətəndaş təşəbbüslərini azaltmaq, ölkədə köklü demokratik dəyişiklik cəhdlərini aparıb Rusiyanın quyruğuna bağlamaq üçün indidən zəmin hazırlamaqdır.
Mən o bəyanatın sözlərini öz xalqının dostu olan, amma demokratik dəyərləri də Gürcüstanın maraqları naminə həmişə çox asanlıqla arxa plana atan Saakaşvilinin qulağına Bakıdakı səfəri zamanı yaptokratların pıçıldadığını da istisna etmirəm. Hətta Gürcüstan prezidenti özünün hansısa bilgilərinə, duyumlarına dayanıb da bu açıqlamanı verə bilər. Olsun. Fərq etmir. Hər bir halda bu, Ilham Əliyevlə razılaşdırılmış bəyanatdır, hətta onun Bakıda deyil, Tiflisdə verilməsi də razılaşdırılıb (Kremlin quyruğunu daha bərkdən tapdamamaq üçün!), hər bir halda isə yuxarıda yazdığımdan başqa niyyət güdülmür. Niyyət ölkədəki demokratik hərəkatı boğmaq üçün yeni əsaslar yaratmaqdır – bizləri “Rusiya agenti”, “rus casusu” çıxarmağın ucunu qoymaqdır.
Necə ki, dünənədək bunu recimə qarşı olan hər kəsi “Qərb agenti”, “Amerika şpionu”, “masonların əlaltısı” elan etməklə edirdilər.
Niyyət aydındır, istəyirlər ki, biz bundan sonra işimizi-gücümüzü ataq, yaptokratiyanın ətrafında hansısa mücərrəd, qeyri-müəyyən “işğal planına” qarşı sıx birləşək. Oysa bu işğal 1993-cü ildə xalq hakimiyyətinin devrilməsi ilə gerçəkləşib və biz 20 ildir Rusiyanın keçmiş Sovet coğrafiyalarında öz varlığını davam etdirmək adına istifadə etdiyi yeni “silah”lara – korrupsiyaya, hüquqsuzluqlara, antidemokratik idarəçiliyə qarşı döyüşmək məcburiyyətindəyik.
Bəli, bu gün Rusiya postsovet məkanında gücünü, hegemonluğunu artıq Qızıl Ordu ilə nümayiş etdirmir, Qızıl Ordunun missiyasını indi korrupsioner, ədalətsiz hakimiyyətlər yerinə yetirir. Nə qədər korrupsioner və ədalətsizsənsə, Kremlə bir o qədər sərf edirsən! Vəssalam.
Xalqsız və haqsız hakimiyyətlərin qorxuları
Ümumiyyətlə, fikir vermisinizsə, son vaxtlar yapçılar xaricdən hansısa hakimiyyət dəyişikliyi ssenarisinə çox aludə olmağa başlayıblar.
Indi Saakaşvilinin ağzı ilə hansısa “rus planı”ndan danışan yapçılar özləri dünənəcən demir və yazmırdılarmı ki, Almaniya Əli Kərimlinin əli ilə Azərbaycanda hakimiyyəti dəyişmək istəyir. Indi isə eyni şövqlə “Lukoyl”un prezidenti Vahid Ələkbərovun, Rusiyanın əli ilə hansısa hakimiyyət dəyişikliyindən danışırlar. Axı bu nə vəsvəsədir, xofdur? Bu əndişə ordanmı qaynaqlanır ki, bunlar özləri hakimiyyəti 20 il əvvəl məhz qaranlıq güclərin çirkli sövdələşmələri nəticəsində xalqdan oğurlayıblar, ona görə də indi bunun travmasını yaşayır və elə fikirləşirlər ki, xalq-zad boş şeydir, hər hansı dəyişim yalnız hansısa xarici güc tərəfindən edilə bilər. Mümkündür, özləri kələklə gəldikləri kimi, küləklə də gedəcəklərini düşünürlər. 20 il əvvəl fırtına əkmişdilər, qorxurlar ki, indi qasırğa biçsinlər. Odur ki, hər tərəfə atəş açırlar – Rusiyaya, Irana, ABŞ-a, Avropaya.
Sadəcə, atəşin hədəfləri dəyişir – dünən Almaniya idi, bu gün Rusiya. Sabah bir də gördüz, Monqolustanı da ittiham etdilər.
Bəli, bir hakimiyyət gücünü xalqdan almayanda, onun iradəsinin nəticəsi kimi meydana çıxmayanda belə qorxuları olur – hər kəsə şübhə ilə yanaşır. Zərbəni hər yerdən gözləyir.
***
Hakimiyyətə BP ilə yiyələnəndə, onun sayəsində illərdir taxt-tacı bir ailənin girovu kimi saxlayanda sabah bir “Lukoyl”un da səni devirmək istəməsinə hazır olmalısan.
Bu işlər əvvəlindən əyri başlamışdı, bundan sonra isə düz getməsini gözləmək mənasızdır.