Putin plagiatda ittiham olunur

Rusiya prezidentinin dissertasiyasının bir hissəsi köçürmə imiş…

Amerikanın “Time” jurnalı uzun müddət apardığı araşdırmalardan sonra belə nəticəyə gəlib ki, Rusiyada bir sıra siyasətçi və tanınmış biznesmenlərin diplomları, elmi işləri saxtadır. “Time”ın əməkdaşı Saymon Şuster yazır ki, onlar öz dissertasiyalarını ya kimlərdənsə alırlar, ya da bir orta səviyyəli avtomobilin qiymətinə yazdırırlar. Sovet Ittifaqının dağılmasından sonra da Rusiyada bu praktikaya son qoyulmayıb.
Müəllif yada salır ki, Rusiyanın baş naziri Dmitri Medvedev fevralın 6-da saxta elm adamlarının üzə çıxarılmasıyla bağlı kampaniya elan etməklə bu mövzu ilə bağlı tabunu sındırdı. Bu bəyanat məmurlar və alimlərlə görüşdə verilmişdi…
“Time”dakı məqalənin bu hissəsində müəllif Saymon Şuster soruşur: “Medvedev nə qədər uzağa getməyə hazırdır?”
Eyni zamanda, xatırladır ki, Medvedev plagiatlıq haqda ilk dəfə ötən ilin sentyabrında özünün videobloqunda bəhs etmişdi: “O zaman baş nazir aşağıları hədəfləmişdi – şagirdlər və tələbələri öz işlərini internetdən köçürməməyə çağırmışdı. Hərçənd, bundan bir həftə sonra Rusiyanın xəbər saytı olan ”Slon” konkret siyahı açıqladı: “Sergey Şoyqu, Ramzan Kadırov, Vladimir Medinski, Putin”.
“Slon” yazırdı ki, adları çəkilən şəxslərin dördü də plagiatlıqda ittiham olunub, buna baxmayaraq, onların işləri araşdırılmayıb. Onlar ya ittihamları rədd edib, ya da konkret, Putinin timsalında, hər hansı şərh verməyib”.
Bir sıra elm adamları, o cümlədən Elm və təhsil nazirinin müavini Iqor Fedyukin yanvar ayında Moskva Dövlət Universitetinin tarix fakültəsində 25 dissertasiyanı araşdırmaqla Rusiyada plagiatın miqyasını ifşa edib. Məlum olub ki, biri istisna olmaqla, qalan dissertasiyalarda mətnin ən azı 50 faizi, hətta bəzilərində 90 faizi plagiatdır.
“Bu nəticə təhsil sahəsində çalışanlarda belə qənaət yaradıb ki, problem kütləvidir”, – deyə Fedyukin “Time”a müsahibəsində bildirib.
Saymon Şuster yazır ki, həmin müsahibə zamanı söhbət Putin və digər yüksək vəzifəli məmurlardan düşəndə Fedyukin əsəbiləşdi. Amerikalı jurnalist Fedyukindən prezident Putinin dissertasiyasının yoxlanılmasının mümkün olub-olmadığı haqda soruşanda nazir müavininin cavabı belə olub: “Istənilən dissertasiyanı yoxlamaq olar, əgər buna əsas varsa…”
Şuster yada salır ki, Putin 1996-cı ildə Sankt-Peterburqda iqtisadiyyat üzrə dissertasiya müdafiə edib. Onun dissertasiyasının yoxlanılması üçün əsas isə 2006-cı ildə Vaşinqtondakı “Brookings Institution” analitik mərkəzdə hazırlanmış məruzədə öz əksini tapıb. Adıçəkilən mərkəzin iki əməkdaşı Putinin 218 səhifəlik elmi işini gözdən keçirərkən onun 16 səhifəsinin 1978-ci ilin nəşri olan iqtisadiyyat üzrə Amerika dərsliyinin rus dilinə tərcüməsindən götürülərək, çox cüzi dəyişikliklərlə köçürüldüyünü müəyyənləşdiriblər.
Putin və onun mətbuat katibi isə dəfələrlə müraciətlərə baxmayaraq, məsələyə münasibət bildirməkdən imtina edib.
Sözügedən məruzənin müəlliflərindən biri olan Klifford Heddi isə “Time”a telefonla açıqlamasında deyib: “Bu sanki otaqda filə bənzəyir – hamı bunu bilir, amma heç kim bu barədə danışmaq istəmir”.
“Time” xatırladır ki, plagiatlıq ittihamı son dövrlərdə siyasətçi rəqiblərin sevimli silahına çevrilib. Bu yerdə deputat Ilya Ponomaryovun Jirinovskini elmi dərəcəni satın almaqda ittiham etməsi yada salınır.
“Bir çoxları Medvedevin bu problemi aradan qaldıracağına inanmır. Bəzi ekspertlər hesab edir ki, Medvedevin plagiatlığa qarşı mübarizəyə başlaması əslində, onun əleyhinə kampaniya aparan Putinin mühafizəkar ətrafına cavab vermək üçün istifadə etdiyi üsuldur. Əsas hədəflərdən biri isə baş nazir postuna onun əvəzinə əsas namizəd kimi adı hallanan Şoyqudur”, – deyə Şuster qeyd edir.
Bununla belə, müəllifi bu kampaniyanın Putinə təsir edəcəyini düşünmür.

Aytən