Müxalifət qorxusu

Qardaşımı rayon polis idarəsinə çağırıblar. Polis rəsi, iki yardımçısı, 2 müstəntiq onu sorğu-suala tutub. Proses 3 saat çəkib. Polisə çağırma nədəni belədir: alınan operativ bilgiyə görə, Şamil Hacıbəyli (AXCP Saqatlı rayon qurumunun başçısı) rayonda sabitliyi pozur. Sabitliyi pozmaq nədəni: martın 3-də yığıncaq keçirmək istəyir. Bir neçə gün qabaq rayona Çevik polis alayı yeridilib. Polisə sabitliyi göz bəbəyi kimi qorumaq tapşırığı verilib: partiya yığıncağının qarşısı alınmalıdır! Ya Saqatlıda olduğu kimi: çağırıb sabitliyi pozmamaq öhdəliyi götürtməklə, ya da Sabirabaddakı kimi: narkotik dolaşdırmasıyla. Inciməyə dəyməz: bu, H.Əliyev rejimidir!
2006-cı ildə indiki ölkə başçısı I.Əliyev iki gurultulu çıxışda bulunmuşdu: 1) 2008-ci ildə Azərbaycanda indiki müxalifət olmayacaq; 2) 2008-ci ildən Azərbaycan demokratiyaya qapılarını açacaq. Bununla I.Əliyev özünün xarakterik dünyagörüşünü sərgiləmişdi: bir yandan müxalifəti əzib sıradan çıxarır, o biri yandan xalqın üzünə demokratiya qapılarını açırdı. Belə bir-birindən PARADOKSAL, gerçəkdə xalqı aldatmağa yönəlmiş çıxışlarla o, prezidentliyinin 10 ilinə gəlib çıxdı. Yumorsuz, sarkazmsız deyirəm: olduqca böyük uğurdur – 21-ci yüzildə xalqı aldatmaqla, ölkəni rüşvət-korrupsiya bataqlığına batırmaqla, çürüdə-çürüdə 10 il hakimiyət sürəsən. Sonra da üçüncü dönəm prezidentliyə yiyələnmək üçün bütün ölkə boyu müxalifətin üzərinə hücuma keçəsən. Yox, bu görsənişin adı uğur deyil, uğursa da bu bir düşməm uğuru, düşmənçilik uğurudur.
2008-i çoxdan arxada qoyub, 2013-cü ilə yetişmişik. Seyrək demokratiyadan qatı diktaturaya gəlib çıxmışıq. I.Əliyev 10 illik hakimiyəti boyunca bunu bacardı, ancaq çox çalışsa da, içdə-dışda milyonlarla pul töksə də, müxalifəti bitirə bilmədi, bacarmadı. Bir il qabaq gülə-gülə xalqa “Azərbaycanda müxalifət yoxdur” deyən adam indi daha da genişlənmiş, daha da qorxulu xarakter almış bir müxalifətlə – Xalq müxalifəti ilə qarşılaşıb. Buna görə indiyədək rayonlarda müxalifətin yığıncaqlarını vecinə almayan I.Əliyevin ALI BAŞ KOMANDANLIĞI prezidentliyindən qabağa keçib. Buna görə indi I.Əliyev özünü prezidentdən qat-qat artıq ALI BAŞ KOMANDAN olaraq göstərməyə çalışır – Antibəşərin ölkəsində (Suriyada) baş verənlərin tezliklə Azərbaycana keçəcəyini düşünürmüş kimi tez-tez çöl komandirlərinin geyimində görünür, snayper, pulemyot arxasında şəkil çəkdirir. Bununla o hansısa ermənini-zadı yox, Azərbaycan xalqını qorxutmaq istəyir. Özü ən böyük qorxu içində ola-ola Xalqı qorxutmağa çalışır!
Onu qorxudan quruca hakimiyət itkisi deyil, 20 illik hakimiyət boyunca Xalqı, Ölkəni yağmalamaq yoluyla əldə etdikləridir: milyardlarla pul, bir ucu burda, bir ucu dünyanın o başında olan böyük biznes imperiyasıdır. Bu gün yoxsul duruma gətirilmiş müxalifətin, bütünlüklə soyulub-yağmalanmış xalqın itirəcəyi nəsə yoxdur, ancaq Əliyevlər üçün hakimiyəti itirmək Azərbaycan boyda, Azərbaycandan qat-qat böyük gəlir qaynağını itirmək deməkdir. Çağdaş dünyada siyasi KRIMINAL yoluyla qazanılan milyardların sonluğuna ən gözəl örnək 30 illik hakimiyətdən sonra xalqdan oğurladıqlarını əldən verib TÜRMƏLIK olan Hüsnü Mübarəkdir!
Ölkədən milyardlarla pul oğurlayıb çıxaran I.Əliyev total oğurluq prosesinə son vermək yerinə… dönməz xarakter verir. Ölkəni, dövlət strukturlarını başdan-başa bürüyən rüşvət-korrupsiya faktlarına qarşı çıxmaq yerinə… güc orqanlarını DAHA da GÜCLƏNDIRILMIŞ iş rejiminə keçirir. Yoxsulluq içində olan xalqın aylığını beş manat, pensiyasını 50 qəpik artırır (qiymətləri durmadan qaldırmaqla), Avropada kilsə-muzey təmirinə milyonlar! Sumqayıtda Qriqoryanın başçılığı ilə törədilən qırğınla bağlı kino çəkməyə 1 milyon pul ayırmır, erməni Akopyanın istəyilə Londonda keçiriləcək şahmat turnirinə 5 milyon ayırır…