Jurnalistin atası qətldə siyasi hakimiyyəti günahlandırdı
Sabir Hüseynov «Özlərini tutası deyillər ki?!»
Bu gün “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətlindən 8 il ötür. 8 il öncə prezident Ilham Əliyev qatillərin tapılacağına söz verdi və istintaqı nəzarətə götürdü. ABŞ və Türkiyə xüsusi xidmət orqanlarından mütəxəssislər dəvət olundu. Az sonra istintaq Tahir Xubanovla Teymuraz Əliyevin qətli törətdiyini və onların Gürcüstanda gizləndiklərini açıqladı. Amma həmin şəxslər hələ də həbs olunmayıblar.
“Qatillər hakimiyyət dəyişəndən sonra tapılacaq”
E.Hüseynovun atasıÿSabir Hüseynov “Azadlıq” radiosuna açıqlamasında deyib ki, qatillərin kim olduğunu hamı bilsə də, heç kim açıqlamır: “Hamısını bilirəm, kimdir, nədir. Amma əmələ gəlmir. Hamı bilir, deyən yoxdur. Eynulla gedib Gürcüstanda həmin adamları tapdı. Onu da tutdular dama saldılar, 4 il 3 ay yatdı. Dəqiq deyən yoxdur, kimlərdir. Ancaq heç kim də tutulmayıb. Bilirik kimdir, nəçidir. Ancaq durub neyləyəcəm bundan sonra? Siz məndən də yaxşı bilirsiniz. Niyə tuturlar axı? Özləridir də. Özlərini tutası deyillər ki. Öz-özünü tutan adam varmı? Nə isə, əvvəl-axır açılacaq, vaxt lazımdır”.
S.Hüseynov bildirib ki, qatil siyasi hakimiyyət dəyişəndən sonra tapılacaq: “Başqa cür mümkün deyil. Gör neçə ildir, 8 ildir artıq. Hər dəfə gedib Ilham Əliyevin qapısını kəsən deyiləm. Hər kəs öz dediyinin dalında durmalıdır. Deyib tapılacaq, eləmir etməsin. Tələbkar Eynulla idi, tutdular 4 il 3 ay iş verdilər. Tələb edəni tuturlar. Indi kim tələb edəcək qorxusundan?”.
İstintaq 10 il yaxındır iki nəfəri niyə tapa bilmir?
“Elmar Hüseynovun işi üzrə əməliyyat-axtarış tədbirləri davam etdirilir”. Bunu, E.Hüseynovun istintaqı ilə ilə bağlı açıqlamasında MTN-nin ictimai əlaqələr mərkəzinin rəhbəri Arif Babayev deyib(“Media forum”). Onun sözlərinə görə, qətl üzrə başlanan cinayət işi MTN-in Istintaq Baş Idarəsinin icraatına verildiyi vaxtdan 1000-ə yaxın müxtəlif istintaq və prosessual hərəkətlər həyata keçirilib: “Əvvəllər də məlumat verdiyimiz kimi, iş üzrə keçirilən əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində 2005-ci ilin mart ayında curnalist Elmar Hüseynovun qətlinin törədilməsində Gürcüstan vətəndaşları Teymuraz Əliyev və Tahir Xubanovun iştirakları sübuta yetirilib. Bu şəxslərin təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunmaları üçün barələrində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib, Interpol xətti ilə beynəlxalq axtarış elan edilib. Eyni zamanda Interpolun Milli Mərkəzi Bürosu 180-dən artıq ölkə ilə əlaqə saxlayır və adları çəkilən şəxslər barəsində müvafiq məlumatlar həmin ölkələrə göndərilib. Istintaq orqanı Azərbaycan Baş Prokurorluğu vasitəsilə Gürcüstanın Baş Prokurorluğuna bu cinayət işi ilə bağlı hüquqi yardımın göstərilməsi, Teymuraz Əliyev və Tahir Xubanovun tutulub ekstradisiya olunması barədə 6 vəsatət göndərib. Əməliyyat-istintaq qrupunun üzvləri həmin vəsatətlərin icrası ilə əlaqədar dəfələrlə Gürcüstana ezam ediliblər. Istintaq qrupu Gürcüstanın hüquq-mühafizə orqanları vasitəsilə çoxsaylı istintaq hərəkətləri, o cümlədən dindirmələr, baxışlar, axtarışlar, götürmələr həyata keçiriblər. Nəticədə Teymuraz Əliyev və Tahir Xubanovun Elmar Hüseynovun qətlə yetirilməsində iştirakları bir daha öz təsdiqini tapıb. Bu cinayət hadisəsi ilə bağlı bütün məlumat və detalların araşdırılması, Elmar Hüseynovun qatillərinin tam dairəsinin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilmələrinin, həmin cinayətin iştirakçılarının ədalət mühakiməsi qarşısında cavab vermələrinin təmin edilməsi prinsipial məsələdir. Başlıcası odur ki, cinayətin əsas iştirakçıları məlumdur. Gec-tez onlar tutulub istintaqa veriləcək. Bu istiqamətdə də əməliyyat-axtarış tədbirləri bir an belə səngimədən davam etdirilir”.
Axtarışda olan T.Əliyev və T.Xubanovun fotolarının niyə Interpolun internet səhifəsində olmamasına gəlincə, A.Babayev bunları deyib: “Bəzi ”ekspertlərin” əməliyyat-axtarış fəaliyyətinin nədən ibarət olması, hansı səpkidə istintaq hərəkətlərinin getməsi, əməliyyat-axtarış tədbirlərinin necə həyata keçirilməsi haqda məlumatları yoxdur. Buna baxmayaraq elə hey nəsə etmək haqda danışırlar. Onlar bu məsələlərin mahiyyətinə varmadan fikir söyləyirlər. Əməliyyat-axtarış fəaliyyəti çoxşaxəlidir. Ona görə də bu fəaliyyətin necə, hansı formada aparılmasını da istintaq orqanı özü dəqiq bilir”.ÿ
“İctimaiyyəti aldadırlar”
Hüquqşünas Müzəffər Baxışov isə istintaqla bağlı ictimaiyyətin aldadıldığını deyir: “Gürcüstan öz Konstitusiyasına uyğun olaraq mühakimə üçün öz vətəndaşını başqa dövlətə vermir. Deyirlər ki, bu şəxslər barəsində sübutlar varsa, göndərin, biz də qanunvericiliyin tələbinə uyğun olaraq onları cinayət məsuliyyətinə cəlb edək. Problem ondadır ki, Azərbaycan tərəfinin əlində qətli bu şəxslərin törətdiyini təsdiq edən heç bir sübut yoxdur. Nəyi axtarırsan? Sən bilirsən ki, bunlar Gürcüstan vətəndaşlarıdır və dəfələrlə buradan jurnalistlər gedib müəyyən ediblər ki, bu şəxslər Gürcüstanda sərbəst gəzirlər və onlara heç kim heç bir söz demir”.