Maraqlı proseslərə şahidlik edirik. Ölkə təlatüm içindədir. Bunu hər kəsdən yaxşı hakimiyyətdəkilər bilir. Informasiyaları bol, manevr imkanları genişdir. Yerlərdən gələn xəbərlər yaxşı heç nə vəd etmir. Ona görə rayonlara qorxu toxumu səpirlər. Fəalları, fəalların yaxınlarını şərləyirlər, bunun çıxış, xilas yolu olduğunu düşünürlər. Doğrudanmı buna inanırlar?!
Başqa üstünlükləri də var. Müxalifət liderlərindən fərqli olaraq istədikləri rayona istədikləri vaxt gedə bilirlər. Heç kim də qabaqlarına çıxıb “bura niyə gəlmisən” demir. Demək fikrinə düşənin də taleyi bəllidir. Ölkə başçısının
rayonlara səfəri vaxtı şikayətçilərin qarşısının necə alınması barədə dəfələrlə yazılıb. Potensial şikayətçilərin girov götürülməsi, döyülməsi, türməyə salınması halları olub…
Ilham Əliyev Qəbələyə gedib. Qubernatoru Kəmaləddin Heydərov olan Qəbələni bunlar turizm zonasına çevirmək istəyirlər. Olsun. Gəlirli, həm də ölkəni tanıtmaq baxımından faydalı sahədir. Bunun üçün ancaq gərəkdir ki, ordakı əhalinin maraqlarına toxunmayasan, əmlakını, torpağını əlindən almayasan, meşəsinə göz dikməyəsən, öz vətəndaşınla insan kimi davranasan. Yoxsa gələn turistə sənin vətəndaşın zülmlü-zillətli günlərindən danışacaq, qonağın istirahətini gözündən tökəcək. Lap danışmasa belə, gələn qonaq özü gəzəcək, gəzməyə, görməyə gəlib axı. Yerli əhalinin durumunu, gün-güzəranını görəcək. Gəldiyinə də, buranı seçdiyinə də peşman olacaq.
Bir də turizm zonaları elə-belə seçilmir. Turistlər getdikləri ölkə haqda hərtərəfli informasiya topladıqdan sonra istirahətə yollanırlar. Çox yox, bircə yol internetə baş vurmaq yetərlidir ki, həmin turist qardaşımız (bacımız da ola bilər) fikrindən daşınsın. Rüşvət, korrupsiya, insan haqlarının pozulması, dövlət səviyyəsində adam oğurluğu, avtoritar hakimiyyət… sadalamaqla qurtarmayan üz qarası ilə qarşılaşacaq. Nüfuzlu beynəlxalq təşkilatların hesabatları onları seçim qarşısında qoymayacaq. Belə ölkəni kim seçər? “Ümummilli liderləri” qurduğu sistemdən hələ neçə il qabaq özü dəhşətə gəlmişdi (bunu özünü hakimiyyətin bütün qollarını bürüyən rüşvətdən xəbərsiz göstərmək kimi də qəbul etmək olar), məşhur “yazıq yapon” ifadəsi hələ də yaddan çıxmayıb. Ondan sonra nə qədər yaponlar, arabullar, zülfüqarlılar bu rejimin qurbanı olub…
Bilməyənlər üçün xatırladım ki, dövlət başçısı Ilham Əliyev Qəbələyə Kəmaləddin Heydərovun fermasının açılışına gedib. Buna taleyin ironiyası deyirlər. Fevralın əvvəlində məmurları hədələyir ki, sahibkarlara mane olursuz, onların qazancın əlindən alırsız, işləmələrinə, bizneslərini inkişaf etdirməyə imkan vermirsiz. Fevral ayının tamamında özü məmur-oliqarxın fermasının qırmızı lentini kəsməyə gedir. Telekanallarda, qəzetlərdə də təbliğat aparırlar ki, Ilham Əliyevin konfransda qarşıya qoyduğu tapşırıqlar yerinə yetirilməlidir. Kimsəyə ehtiyac qalmadı. O özü verdiyi “tapşırıqları” yerinə yetirməyə Qəbələyə – sahibkar-nazir Kəmaləddin Heydərovun fermasının açılışına getdi. Hələ utanmaz-utanmaz dedilər ki, bu layihə (ferma layihəsi) Iqtisadi Inkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun güzəştli krediti hesabına başa gəlib. Həm də bir yox, iki ferma. Dediklərinə görə, bu iki fermaya fonddan 17 milyon manat güzəştli kredit verilib. Sonra da bəziləri Ilham Əliyevdən islahat gözləyir. Buyurun, bu da sizə islahat!..

Sahibkar Kəmaləddinin fermasının qırmızı lenti
•