Saakaşvili, yoxsa İvanişvili?

Azərbaycan Gürcüstanda kimin tərəfini tutacaq?

Gürcüstanda hökumət böhranı yaşanan bir dövrdə baş nazir Ivanişvilidən bir müddət sonra prezident Mixail Saakaşvilinin də Azərbaycana səfər etməsi hər iki şəxsin müəyyən dəstək almaq niyyətində olduğunu deməyə əsas verir. Saakaşviliyə Bakıda göstərilən sayğı və Əliyevin görüşdən sonra verdiyi bəyanatda Gürcüstanda son illər ərzində görülən işlərin məhz prezidentin xidməti olduğunu dilə gətirməsi, onun rəhbərliyi altında bu ölkənin inkişaf etdiyini deməsi, dəstək almaqdan xəbər verir.

Ancaq Saakaşvilinin prezidentlik dövrü başa çatmaqdadır. Belə olan halda onun Bakıdan dəstək almasına Gürcüstanın yeni hökumətinin reaksiyası necə ola bilər və bu iki ölkə arasında olan münasibətlərə nə kimi təsir göstərər?

Politoloq Razi Nurullayev hesab edir ki, Saakaşvilinin Azərbaycana səfəri iki ölkə arasında münasibətlərin möhkəmləndirilməsində müəyyən rol oynaya bilər. Ancaq Gürcüstan prezidentinin özünə yardım edə bilməz. Çünki onun hakimiyyətdən getməsinə az qalıb. Ivanişvili hökuməti də Saakaşvilinin hüquqlarını günü-gündən məhdudlaşdırır. Belə bir vəziyyətdə Saakaşvilinin Azərbaycanda yüksək səviyyədə qarşılanması ona dəstək kimi başa düşülməlidir.
Ekspertin fikrincə, Saakaşviliyə Bakıda belə yüksək qiymət verilməsi Ivanişvili hökuməti tərəfindən açıq şəkildə tənqid oluna bilməz, lakin bununla belə bu sayğıdan razı da qala bilməzlər. Amma istənilən halda bunun Azərbaycan-Gürcüstan münasibətlərinin kəskinləşməsinə səbəb olacağına əsas yoxdur. Çünki Gürcüstan bir çox iqtisadi məsələlərdə Azərbaycandan çox asılıdır. Bu asılılığına görə də Gürcüstan bəzən bir çox məsələlərə göz yummalı olur.
Ekspertin sözlərinə görə, Azərbaycan və Gürcüstanı Qərbin maraqları da bir-birinə bağlayır. Əgər bu dövlətlərdən biri digərindən imtina etsə, Qərbin ciddi təyziqləri ilə üzləşə bilər.

Gürcüstanda fəaliyyət göstərən “Qeyrət” Xalq Hərəkatının rəhbəri Əlibala Əsgərov yeni hökumətin müxtəlif təzadlı bəyanatlarının, Azərbaycan-Gürcüstan münasibətlərində müəyyən sualların ortaya çıxmasının bu ölkədə yaşayan azərbaycanlıları çox narahat etdiyini deyir. Ancaq Saakaşvili artıq öz hakimiyyətini başa vurmaq üzrədir. Azərbaycan dövləti də reallıqla barışmalıdır. Çünki Gürcüstanda yaşayan azərbaycanlıların taleyi məhz Azərbaycan-Gürcüstan münasibətlərinə bağlıdır.

Fizzə