Zahid Oruc: «Yerli qurumlar qeyri-qanuni işlərə heç də öz təşəbbüsüylə getmir»
Azərbaycanda son vaxtlar bir sıra kiçik məmurlar rutvətxorluqda günahlandırılaraq həbs olunub. Amma görünən budur ki, həyata keçirilən həbslər ölkədə korrupsiya ilə bağlı duruma qətiyyən təsir göstərmir.
Korrupsiya şikayətləri siyahısında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ön sıralardadır. Bu nazirlik sistemində dəfələrlə korrupsiya faktının üzə çıxması idarəçilikdə qüsurların olmasına dəlalət edir. Amma maraqlıdır ki, daha çox şikayət gələn və korrupsiyada ittiham olunan bir qurumda islahatlar, dəyişiklər baş vermir, həmin nazirliyin rəhbərliyi cəzalandırılmır.
Milli Məclisin Təhlükəsizlik Komitəsinin üzvü Zahid Oruc da bu fikirlə razılaşır. Deputat deyir ki, dövlətin əhalinin aztəminatlı hissəsinə aid çox mühüm proqramları məhz Əəmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vasitəsilə reallaşdırılır: “Ünvanlı sosial yardımların həyata keçirilməsi, şəhid ailələriylə bağlı tədbirləri və s. bu nazirlik reallaşdırır. Həmin nazirlik hansısa innovasiyaları həyata keçirdiyini elan etsə və bunu xeyli dərəcədə ekranlara daşısa da, gerçəklik tamam başqadır. Ünvanlı yardımların böyük bir hissəsi vətəndaşlara çatmadı və yaxud da ünvansız yardımlara çevrildi. Əgər bir nazirliyin 6-7 nəfər tibbi sosial ekspert komissiyasının rəhbəri həbs olunaraq, hər biri müxtəlif əlillik dərəcəsinin verilməsindəki korrupsiya qalmaqalına görə cəzalandırılırsa, heç şübhəsiz, bu, həmin nazirlikdəki işin yarıtmaz təşkili və vətəndaşlar qarşısında məsuliyyətin yerinə yetirilməməsi, bu dövr ərzində insanlarla mütəmadi görüşlərin həyata keçirilməməsi, beynəlxalq təcrübənin əhəmiyyətli şəkildə öyrənilməməsinin nəticəsidir”.
Z.Oruc onu da qeyd edir ki, yerli qurumlar heç də öz təşəbbüslərilə özəl maraqlara, qeyri-qanuni işlərə getmir. Deputatın sözlərinə görə, onların üzərində xüsusi bir mexanizm var ki, bu tip faktlar baş verir: “Bu da birbaşa həmin nazirliyin, bilavasitə nazirin özünün məsuliyyətidir. Əslində, bunu sonrakı dönəmdə də nəzərə almalıyıq ki, anti-korrupsiya tədbirləri çərçivəsində müxtəlif idarəetmə təcrübələri olmalıdır. Hökumətin hesabatları dönəmində qanunlara əməl edilməsi çərçivəsində tədbirlər həyata keçirilirsə və bir neçə qurum mənfi şkalada önə çıxıbsa, buna adekvat da münasibət olmalıdır”.
Nigar