Böyük sənətkarlardan «alınan dərs»
Musiqi tariximizdə öz sənəti ilə əbədi iz buraxan görkəmli sənətkarlardan biri də qarmonçu Abutalıb olub. O, dövrünün ən böyük klassikləri ilə çiyin-çiyinə çalışaraq, musiqi mədəniyyətimizin zənginləşməsində önəmli rol oynayıb. Abutalıb Kərbəlayı Muxtar oğlu Yusifov 1884-cü ildə Şuşada anadan olub.
Hələ erkən yaşlarından musiqiyə böyük maraq göstərib. Bu onun ailəsindən qaynaqlanan bir maraq idi. Onun atası Kərbəlayı Muxtar Qarabağda mərsiyəxan və xanəndə kimi məşhur idi. O, tarzən Əli Əsgər ilə Qarabağda və Iranın bəzi şəhərlərində məclislərdə iştirak etmişdi. Abutalıbın qardaşı Behbudun da gözəl səsi vardı. Atası Abutalıbın da musiqiyə həvəsini görüb ona qarmon almışdı. Kərbəlayı Muxtar oğlanları ilə birlikdə xalq şənliklərində iştirak edirdilər.
Onlar xalq arasında çox sevilirdilər
Həmin vaxtlar vaxtlar Şuşa şəhərində qurulan məclislərdə çıxış edən Məşədi Isi, Dəli Ismayıl, Cabbar Qaryağdı oğlu, Sadıqcan, Məşədi Zeynal və məşhur qarmonçalan Isi bəy kimi böyük sənətkarların tükənməz yaradıcılıqlarından ilham alan gənc Abutalıb gecə-gündüz öz üzərində çalışır, musiqi sənətinin sirlərini öyrənirdi. Abutalıb qarmonçu Isi bəyin çalğısı ilə çox maraqlanırdı və onun iştirak etdiyi musiqi məclislərinin birini də buraxmazdı, saatlarla onun yanında oturub gözlərini bir anlığa belə Isi bəyin barmaqlarından çəkməzdi. Isi bəy bu istedadlı gəncin sənətə hədsiz həvəsini nəzərə alıb toy zamanı qarmonunu Abutalıba verib bəzi oyun havalarını çaldırardı. Abutalıb oyun havaları içərisində “Mirzəyi”, “Innabı”, “Vağzalı”, xüsusilə ən qədim milli hava sayılan “Tərəkəmə”ni bütün havalardan gözəl çalardı.
Abutalıb artıq 20 yaşında kamil bir qarmonçu kimi xalq şənliklərində şöhrət qazanmışdı. Abutalıb eyni zamanda tar çalmağı da öyrənmiş, toylarda qarmonda oyun havalarını çalmaqla, xanəndəni isə tarda müşayiət edirdi. O dövrün gənc müğənniləri məhz Abutalıb ilə məclislərdə çıxış etməyə üstünlük verirdilər. Abutalıb gözəl tar çalmağı bacarsa da xalq arasında əvəzsiz virtuoz qarmonçu kimi daha məşhur idi.
Atasının vəfatından sonra Abutalıb məşhur xanəndə Məşədi Məmməd Fərzəliyevlə birlikdə Gəncəyə, oradan Tiflisə gedir. Abutalıb burada yaşayıb yaradan bir çox azərbaycanlı ziyalıları ilə, o cümlədən Eynəli Sultanov, Cəlil Məmmədquluzadə, Həmidə xanım Cavanşir, Zülfüqar Hacıbəyov, Hüseyn Cavid, Ibrahim Isfahanlı, Mustafa Mərdanov, Mirzağa Əliyev, Seyid Şuşinski, Məşədi Zeynal, Məcid Behbudov və başqaları ilə yaxından tanış olur. O, Tiflisdə verilən teatr tamaşalarında, “Şərq konsertləri”ndə, ədəbi gecələrdə yaxından iştirak edir.
“Kim qarmonda Orta mahur” çala bilərsə…”
“Qafqaz” qəzeti 1911-ci il 2 avqust tarixli nömrəsində teatr elanlarının birində yazırdı: “3 mart 1911-ci ildə ”Gürcü dvoryan teatrı”nın binasında Zülfüqar Hacıbəyovun “Əlli yaşında cavan” operettası tamaşaya qoyulacaqdır. Tamaşada ilk dəfə olaraq Münəvvər xanım Məmmədquluzadə və opera artisti Mirzağa Əliyev iştirak edəcəklər. Tamaşanın musiqisini qarmonçu Abutalıbın iştirakı ilə Şərq çalğı alətləri orkestri ifa edəcəkdir”.
Görkəmli musiqişünas Firudin Şuşinski “Azərbaycan xalq musiqiçiləri” kitabında yazır: “Abutalıb həm də milli muğam ifaçılığı üsuluna möhkəm yiyələnmiş sənətkar idi. Özünəməxsus fərdi yolu, ədası, vərdişi olan virtuoz çalğıçı idi. Abutalıb ”Segah”, “Bayatı-Qacar”, “Şikəsteyi-fars” muğamlarını, bütün oyun havalarını, xüsusilə “Tərəkəmə”ni çalanda elə gəzişmələr, incə xırdalıqlar, elə şirin barmaqlar işlədərdi ki, adamlar onu dinləməkdən doymazdılar. Cəsarətlə demək olar ki, çalğı musiqimizin tarixində Abutalıb kimi “Tərəkəmə” çalan ikinci bir qarmonçu olmamışdır…”.
Islam Abdullayev, Qurban Pirimov, Seyid Şuşinski, Xan Şuşinski kimi qocaman sənətkarlar Abutalıbın musiqi qabiliyyətinə, çalğı texnikasına və ifaçılıq məharətinə yüksək qiymət vermişdilər.
Abutalıbı yaxından tanıyan və onunla uzun illər dostluq etmiş Seyid Şuşinski onun haqqında öz xatirələrində yazırdı:
“Bir gün Üzeyir bəy konservatoriyanın rektoru olanda məni çağırıb dedi:
– Ağa, bu qarmonçalanlar məni cana gətiriblər. O deyir “məndən olmaz”, bu deyir “Mən hamıdan yaxşı çalıram”. Ona görə bu hay-küyə son qoymaq üçün konkurs keçirmək lazımdır. – Mən Üzeyir bəyin məqsədini başa düşüb elan verdim və elanda göstərdik ki, respublikada qarmonda birinciliyi qazanmaq üçün filan ayda, filan gündə öz qarmonları ilə konservatoriyanın klubunda hazır olsunlar.
Nəhayət, konkurs elan olan günü Azərbaycanın hər yerindən əlliyə qədər qarmonçu yığışmışdı. Üzeyir bəy çıxdı səhnəyə, oturacaq stulun üzərinə 14 dilli bir qarmon qoyub dedi:
– Konkursun bircə şərti var. Kim bu qarmonda “Orta mahur” çala bilərsə, xahiş edirəm səhnəyə çıxsın. Üzeyir bəyin bu elanından sonra zalda qarmonçular arasında bir növ çaxnaşma düşdü. Bir çoxları da təəccüb edib bir-birinin üzünə baxıb mat qaldılar.
Nəhayət, Abutalıbdan başqa səhnəyə çıxan olmadı…
Bunu görən Üzeyir bəy təzədən səhnəyə çıxıb əli ilə bığını tumarlayıb dilləndi:
– Hə, qoçaqlar, necəsiniz? Tısa-bısanız yatdımı?!
Sonra üzünü mənə tutub dedi:
– Ağa, məsələ aydındır, yığıncağı bağla.
Mən Üzeyir bəyi yaxşı başa düşməyib ondan soruşdum:
– Ay bəy, bəs Abutalıb çalmayacaq?
O, başını bulayıb narazı halda dilləndi:
– Ağa, Abutalıbın çalğısına ehtiyac yoxdur. Məni, özlərindən razı qalıb “mənəm-mənəm” deyənlərin çalğısı maraqlandırırdı. Onların da qeyrəti bu gün aydın oldu. O günü mən də bir daha: “Abutalıbdan başqa qarmon çalan tanımıram” qənaətinə gəldim. Bax, Abutalıb belə Abutalıb idi. Analar bir daha onu doğmaz”.
Azərbaycan musiqisində unudulmaz ifa
“Abutalıbın mahir çalğısı qocaman müğənni Xan Şuşinskinin də diqqət mərkəzində olmuşdur. Abutalıbı həmişə hörmət və ehtiramla yad edən xanəndə həsrətlə dillənərdi: Mən əlli il musiqi məclislərində çalıb-çağırmışam. Bu müddət ərzində tanıdığım ən istedadlı və kamil musiqiçilərdən biri də Abutalıb idi. Bu adamın xəmiri musiqi ilə yoğurulmuşdu. Mən onun çalğısından doymazdım. Abutalıb bir havanı yüz dəfə çalsa belə adama xoş gələrdi. Çünki, o hər çalğısında dinləyiciyə yeni hiss aşılayardı. Onun ”Segah” da vurduğu barmaqlar yadıma düşəndə ürəyim titrəyir”(F.Şuşinski).
Qeyd etdiyimiz kimi, Abutalıb musiqi tariximizdə mahir tarçalan kimi də məşhur olmuşdur. O, ömrünün son on ilini əsasən tar çalmağa həsr etmiş, öz qarmonunu kiçik qardaşı Yusifə verərək onun qarmon çalmağına yardım etmişdir.
Abutalıb bir tarzən kimi uzun illər Segah Islam, Seyid Şuşinski, Mehralı oğlu Bahadır və Xan Şuşinski kimi məşhur xanəndələri müşayiət etmişdir. O dəfələrlə musiqi müsabiqələrində iştirak etmiş, fəxri yerlərə layiq görülmüşdür.
Abutalıb ömrünün otuz ilini Azərbaycan mədəniyyətinə həsr etmiş, onun inkişafında əvəzsiz xidmətlər göstərmişdir. Onun bir çox istedadlı şagirdləri də olmuşdur. Azərbaycan çalğı musiqisi tarixində Abutalıb qədər xalq musiqisini dərindən bilən, onu son dərəcə gözəl, şirin və əzəmətlə ifa edən ikinci bir qarmonçu olmamışdır. Kor Əhəd, Kərbəlayı Lətif, Məşədi Əli və Teyyub Dəmirov kimi görkəmli qarmonçular Abutalıb sənətindən çox şey öyrənmişdilər.
Istedadlı sənətkar Abutalıb Kərbəlayı Muxtar oğlu 1937-ci ildə Ağdamda vəfat etmişdir.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir