Son 20 illik Azərbaycan tarixi həm də siyasi qətllər tarixidir. Hər birinin üstünə qalın sirr pərdəsi çəkilən…
Şübhələrinsə hər şeydən və hamıdan öncə rejimin üzərinə yönəldiyi bu qətlləri bircə-bircə xatırlamağa ehtiyac yoxdur.
Onların açılmamış qalması, qatillərinin və sifarişçilərinin hələ də azadlıqda əlini-qolunu sallayaraq gəzməsi bu ölkədə hüququn, ədalətin, sabitliyin, can güvənliyinin olması barədə danışılan nağıllara ən tutarlı cavabdır. Azacıq ağlı və vicdanı olan bu nağılların arxasınca düşməz.
Indi isə sizə bir nümunə haqqında danışım.
Bilənlər bilir, bilməyənlərə də bildirək: günlər əvvəl “ərəb baharı”nın başladığı Tunisdə müxalifət lideri qətlə yetirildi.
Üstündən bir həftə keçməmiş qatil tapıldı və həbs edildi.
Indi gəlin bir anlıq təsəvvür edək ki, Tunisdə hələ avtoritarizm hökm sürür, Bin Əli hələ də arvadı ilə birgə xalqın pulunu xımır-xımır yeməkdədir. O vaxt müxalif siyasətçinin qatilinin tapılması mümkün olardımı? Çoxdan onun üstünü malalamış, uzaqbaşı “məişət zəminində baş verən cinayət” kimi qələmə vermişdilər.
Çünki Bin Əli hakimiyyəti dövründə bütün siyasi cinayətlər məhz rejimin özündən qaynaqlanırdı. Qatili, qətlin sifarişçisini kənarda axtarmaq axmaqlıq olardı.
Amma inqilabdan sonrakı Tunis hökuməti qətlin baş verdiyi günün ertəsi istefaya getdi, Daxili Işlər Nazirliyi isə müxalif siyasətçinin öldürülməsini “siyasi qətl və terror aksiyası” adlandırdı. Cinayətə sahiblənmədi, cinayətin üstünə yeridi. Qatili tapdı və həbsə atdı.
Beləcə, əlinin bir müxalif siyasinin qanına bulaşmadığını ortaya qoydu.
Bunu niyə yazıram?
Təkcə ona görə yox ki, inqilabdan əvvəlki və sonrakı Tunis rejimləri arasında idarəçilik, düşüncə fərqini göstərmək istəyirəm.
Həm də ona görə yazıram ki, bir rejimin əli hansısa müxalif səsin – siyasətçinin, jurnalistin qanına bulaşmayıbsa…
Hansısa səs-küylü qətldə onun iştirakı yoxdursa, onun barmağı yoxdursa, başqalarını o cinayətin suç ortağı olmadığına inandırmaq üçün min dərədən su gətirməyə ehtiyac qalmır, o cinayətin üstünü hansısa bəhanənin arxasında gizlənmədən, bunu “üçüncü qüvvənin işi”, “bizi sevməyən qüvvələrin əməli”-zad adlandırmadan açır və bütün şübhələr bitir!
Uzunçuluq lazım deyil.
Həqiqət bu qədər sadə və bəsitdir.
Rejimə qarşı yazmaqmı çətindir, rejimə yarınmaqmı?
Mən heç vaxt rejim əleyhinə yazmağın çətinliyindən gileylənmirəm.
Əlbəttə, bizim ölkədə bunun nə qədər təhlükəli olduğunu söyləmək artıqdır. Təhlükəlidir, amma çətin deyil.
Təhlükəliliyə qalsa, nəinki Azərbaycanda doğruları yazmaq, hətta doğru yaşamaq da təhlükəlidir.
Yalanla yaşamaq belə, qorxuludur – “Quska” ləqəbli Hüseyn Abdullayevin Ilham Əliyevə srağagünkü məktubunu oxudunuz. Sən ömrü boyu ata-oğul hakimiyyətinə qulluq elə, başının qoçu dəstəsi ilə rejimə qarşı duranları əzməklə, məhv etməklə məşğul ol, axırda da səni bir heç kimi kənara atsınlar, əlində-ovcunda qalanları da qamarlayıb alsınlar, sən də qal beləcə çabalaya-çabalaya.
Dediyim odur ki, bu cür rejimlərdə təhlükə hamı üçün var. O hamı üçün təhlükəlidir: yalançı üçün də, doğruçu üçün də, yaxşı üçün də, pis üçün də, aqil üçün də, cahil üçün də. Hərə onsuz da əvvəl-axır bu cür rejimlərin zülmündən payına düşəni alır.
Ona görə də rejim əleyhinə yazmağı xüsusi fərqləndirmək lazım deyil – bu rejim durduqca təhlükə hamı üçün eynidir.
Çətinlik isə, ümumiyyətlə, yoxdur.
Çətinlik onda olardı ki, sən rejimə qarşı yox, həqiqə qarşı yazardın. Rejimə qarşı yox, rejimə yarınmaq üçün yazardın. Bax bu doğrudan da ağır, məşəqqətli olardı.
Rejimə qarşı yazmaqdan asan nə var? Hara baxsan – onun eyibləri, çirkinlikləri. Hara əl atsan – onun iyrənc idarəetməsinin izləri. Hansı daşı qaldırsan, dəryalar mürəkkəb, meşələr qələm olsa, yenə də yazmağa kifayət etməyəcək qədər ifşa faktları. Daha hansı çətinlikdən danışırıq?
Çətin olan rejimə yarınmaq, onu mədh etmək, həqiqətə qarşı yazmaq üçün qələmə sarılanların işidir – arqumentsizdirlər, faktsızdırlar, həqiqətsizdirlər. Hər nə qədər bəzəkli cümlələr qursalar, intellekt nümayiş etdirməyə çalışsalar da, gülünc vəziyyətə düşməyə məcbur və məhkumdurlar.
Qısası, halından şikayətlənəcək biri varsa – o da rejimə yarınanlardır, rejimə qarşı yazanlar deyil.
Adamların işi çox çətindir, çox.

Tunisdən gələn həqiqət
•
•