“Gülər Əhmədova danışmaq istəyir”

Əvəz Zeynallının məhkəməsində yenə qalmaqal düşdü

Əvəz Zeynallı prokurora: «Kanalizasiya Idarəsinə müraciət edin, sizi ora işə götürsünlər, bu əxlaq, təfəkkürlə hüquq-mühafizə orqanlarında işləməyə layiq deyilsiniz»
“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının işi üzrə dünənki məhkəmə iclası da qalmaqalsız ötüşməyib. Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən dünənki məhkəmə iclasında Əvəz Zeynallı son sözlə çıxış etməli idi. Lakin məhkəmə iclası başlayan kimi baş redaktor hakimə müraciət edərək, vəsatəti olduğunu deyib. Məhkəmə prosesinə sədrlik edən hakim Ramella Allahverdiyeva isə bildirib ki, artıq məhkəmə istintaqı başa çatıb, bu mərhələdə vəsatətə baxılmayacaq.
Hakimin bu cavabına Əvəz Zeynallı sərt reaksiya verib: “Mənə prokuror 11 il iş istəyəndən cəmi bir saat sonra Gülər Əhmədova – iddiası ilə həbs olunduğum adam Cinayət Məcəlləsinin 178-ci maddəsilə həbs olunub. Yəni, vəziyyət dəyişib. Indi həmin Gülər Əhmədova da mənim kimi Bakı Istintaq Təcridxanasında saxlanılır. Güləri müayinədən keçiriblər – ürəyi saat kimi işləyir, şəkəri normaldır, təzyiqi də kosmonavt təzyiqidir. Indi siz, Ramella xanım, heç bir əziyyət çəkmədən, heç bir sifariş və təzyiq altında qalmadan sadəcə, təcridxanaya bir faks göndərəcəksiniz, Gülər Əhmədovanı da nəhayət burada dindirəcik. Siz mənim vəsatətlərimi dinləyin, lazım gələrsə, işi təkrar istintaqa göndərin”.
Əvəz Zeynallı bildirib ki, məhkəmə istintaqı yenilənməli və Gülər Əhmədova məhkəmədə müdafiə tərəfinin suallarına cavab verməlidir. Baş redaktorun digər vəsatəti isə bu iş üzrə məhkəmədə dövlət ittihamını müdafiə edən prokuror Ramazan Hadıyevin prosesdən uzaqlaşdırılması haqda olub: “Prosesə heç bir sifarişi yerinə yetirməyən, kimlərinsə qulu, köləsi, nökəri olmayan prokuror cəlb edilsin”.
Hakim isə bildirib ki, məhkəmənin yenilənməsi üçün əsas yoxdur.
Hakimin bu cavabına Əvəz Zeynallı belə reaksiya verib: “Mən Ramiz Mehdiyevin sifarişilə həbs olunmuşam. Prokuror bu proses müddətində bütün qanunlara hörmətsiz yanaşıb, belə adam dövlətin mundirini daşıya bilməz. Mən elə bilirdim ki, ötən prosesdən sonra bu prokuror bir daha məhkəməyə gəlməyəcək. Allaha and olsun ki, keçən iclas onu görəndə qurudum…”
Ə.Zeynallının dediklərinə prokuror “Mən sizi ifşa etmişəm…” cavabını verəndən sonra baş redaktor bir qədər də əsəbiləşib: “Əgər düşünürsünüzsə ki, məni ifşa etmisiniz, onda Kanalizasiya Idarəsinə müraciət edin, sizi ora işə götürsünlər. Çünki bu əxlaq, təfəkkürlə siz Azərbaycanın hüquq-mühafizə orqanlarında işləməyə layiq deyilsiniz. Heç bir əsas olmadan mənə 11 il cəza istəyəndən cəmi 1 saat sonra Gülər Əhmədova həbs olunursa, o zaman bu adam özünü asmalı idi.ÿInsanda abır-həya yaxşı şeydir. Ramazan Hadıyev kölə, nökər və quldur…”
Hakim isə bir daha qeyd edib ki, vəsatətlər qəbul olunmur və əlavə edib ki, Gülər Əhmədova məhkəməyə gəlməyəcək!
Əvəz Zeynallı da cavab olaraq soruşub ki, adı ağır cinayətdə hallanan bir adamın iddiası ilə necə adam tutdurmaq olar? Baş redaktor qeyd edib ki, Gülər Əhmədova məhkəmədə könüllü olaraq ifadə vermək istəyir: “Sizin nə marağınız var ki, Gülər Əhmədovanı məhkəməyə gətirmək istəmirsiniz? Gülər Əhmədova bu oyunun açılmasını istəyir. Deyir ki, mən danışmaq istəyirəm. Bu adam açıq deyir ki, o məni tutdurmayıb. Qulağıma çatıb ki, mənə 8 il iş oxumağı razılaşdırmısınız. Bu sifariş kimdən gəlir? Ramiz Mehdiyevdən? O zaman bu 11 aylıq məhkəmə şousu kimə lazım idi? Elə ilk gündən gəlib, hökmü oxuyaydınız da…”
Məhkəmə prosesi martın 6-da davam etdiriləcək.

Aytən