“Azadlıq” qəzeti baş redaktorunun birinci müavini Rahim Hacıyev fevralın 28-də Bakıdakı diplomatik korpus və beynəlxalq təşkilatların nümayəndələri ilə görüş keçirib. Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunda keçirilən görüşdə ABŞ, Böyük Britaniya, Norveç, Hollandiya, Almaniya səfirliklərinin, ATƏT, Avropa İttifaqı, USAİD və İREX-in əməkdaşları iştirak ediblər.
R.Hacıyev qəzetə qarşı məhkəmə iddiaları və qəzetin əməkdaşı Natiq Ədilovun yaxın qohumlarının həbsi barədə məlumat verib, redaksiyanın üzləşdiyi çətin vəziyyətdən danışıb. Baş redaktorun birinci müavini qeyd edib ki, bütün bunlar qəzeti susmağa və hakimiyyətlə bağlı tənqidi materialların dərcindən imtinaya məcbur etmək məqsədi güdür. O, bildirib ki, xüsusən İsmayıllı hadisələrindən sonra qəzetə qarşı təzyiq artıb.
Müzakirələr zamanı qəzetə mümkün dəstək yolları haqqında fikir mübadiləsi aparılıb və ölkədə prezident seçkiləri ərəfəsində ictimai-siyasi vəziyyətə qiymət verilib.
Vurğulanıb ki, “Azadlıq” ölkənin ilk müstəqil qəzetidir və onun bağlanması Azərbaycanda demokratiyanın məğlubiyyətini göstərən mənfi hal olardı. Tədbirdə “Azadlıq”ın müdafiəsi işinə ictimaiyyətin geniş şəkildə cəlb edilməsi də təklif olunub.