«Dövlət sifarişləri məmur-oliqarxlara yox, yerlərdəki sahibkarlara verilməlidir»
Dövlət başçısının sahibkarları incitməmək, onlara dəstək olmaqla bağlı çağırışının nə dərəcədə effektli olduğunu görmək üçün yerli sahibkarların vəziyyətinə nəzər yetirmək kifayət edir. Qeyri-neft sektorunu inkişaf etdirməkdən, bunun fonunda yerli sahibkarlara diqqəti artırmaqdan danışan hakimiyyətin bu “istəyi” əməli ilə üst-üstə düşmür.
Ötən saylarımızda ət istehsalı ilə məşğul olan fermerlərin üzləşdiyi çətinliklərdən bəhs etmişdik. Bildirmişdik ki, hərbi hissələri ətlə təmin etmək bu il tendersiz-filansız üç subyektə – ölkə rəhbərliyinin nəzarətində olan “Azərsun Holdinq”ə, Prezident Administrasiyası hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovun Rasim adlı yaxın qohumuna və ölkənin hərbi prokuroru Xanlar Vəliyevin Daşqın adlı yaxınına həvalə olunub. Bunlar da yerli fermerlərə bir kiloqram ət üçün 3, ən yaxşı halda isə 3,5 manat təklif edirlər. Qarşı tərəf də məbləğin bazar qiymətlərindən olduqca aşağı olduğunu deyərək təklifdən imtina edib. Əsasən Xaçmaz, Beyləqan, Ağcabədi, Cəlilabad və Mingəçevirdə faəliyyət göstərən bu sahibkarlar təsərrüfatlarını dövlətdən aldıqları yüzminlik kreditlər hesabına qurduqlarını, lakin vasitəçi şirkətlərin “xidmətləri” sayəsində məhsullarını sata bilmədiklərini deyirlər. Onların sözlərinə görə, əgər dövlət birbaşa onlarla müqavilə bağlasa, məhsullarını vasitəçi şirkətlərin təklif etdiyi qiymətə yox, bundan bir neçə dəfə baha satarlar. Bu halda həm dövlət təmiz məhsulla təmin olunar, həm xaricdəki mənşəyi bəlli olmayan şübhəli mənbələrə üz tutmağa ehtiyac qalmaz, həm də yerli sahibkar qazanmış olar.
Bugünlərdə redaksiyamıza növbəti dəfə müraciət edən sahibkarlar başqa maraqlı faktlar da açıqlayıblar. Sahibkarlar deyir ki, problem tək Müdafiə Nazirliyi ilə bağlı deyil. Eyni çətinlik Penitensiar Xidmətin, Səhiyyə Nazirliyinin, Təhsil Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində olan qurumlarla da bağlı yaşanır: “Məsələn, mal əti sifarişçiyə 60 kiloqramlıq norma ilə iki hissəyə bölünmüş şəkildə verilməlidir. Bu, ətin ekoloji cəhətdən təmiz olması və başqa standartlara uyğun olması baxımından vacibdir. Bizdə isə buna əməl olunmur və 20-30 kiloqramlıq hissələrlə təqdim edilir. Müdafiə Nazirliyinin ərzaq təchizatı ilə məşğul olan səlahiyyətliləri də həmin vasitəçi şirkətlərlə yaxşı münasibətlərdə olduqlarından buna göz yumurlar. Məsələn, Fuad Ələsgərovun qohumu olan şəxsin ət istehsalına heç bir aidiyyəti yoxdur. O əsasən market işi ilə məşğuldur. Buna baxmayaraq, hökumət nəinki ət, hətta balıq və pendir təchizatını da vasitəçi kimi ona həvalə edib. Bütün bunlara görə yerli sahibkarların vəziyyəti kritik həddə çatıb. Dövlətdən kreditlər alıb müəssisə qurmuşuq, amma sahib çıxan yoxdur. Məsələn, Ağcabədidə ət istehsal edən yerli müəssisənin açılışında Ilham Əliyev özü iştirak etmişdi. Amma o müəssisənin aqibəti də o birilərdən geri qalmır”.
Iqtisadçı Azər Mehtiyev sahibkarların öz iradlarında haqlı olduqlarını deyir: “Təəssüf ki, bütün bunlara Azərbaycanda qeyri-neft sektorunun, xüsusən kənd təsərrüfatının prioritet elan edildiyi vaxtda şahid oluruq. Fermerlərin, ayrı-ayrı sahibkarların istehsal etdikləri məhsulu sata bilməmələri ciddi problemdir. Problemin bir tərəfi məmur sahibkarların yaratdığı maneələrlə, o biri tərəfi bazarda dövlət sifarişlərinin formalaşması mexanizmlərinin düzgün işləməməsi ilə bağlıdır. Azərbaycanda böyük bir sektor var ki, dövlət satınalmaları əsasında ərzaq məhsulları ilə təmin olunur. Söhbət, ordudan, təhsil müəssisələrindən, sanatoriyalardan və müxtəlif müəssisələrdən gedir ki, onların ərzaq təminatı dövlət büdcəsi hesabına həyata keçirilir. Bu təminat yerli sahibkarlara sifariş əsasında həyata keçirilsə, ciddi bazarın formalaşmasına, yerli istehsalın inkişafına gətirib çıxara bilər. Biz bu məsələni zaman-zaman qaldırmışıq. Məsələn, ölkə boyu məktəblərin ərzaq təminatı ilə bağlı bir MMC yaradılır və hər şey onun nəzarətinə verilir”.
Iqtisadçı bu cür inhisarlaşma meyllərinin bütövlükdə ölkə iqtisadiyyatını bürüdüyünü deyir: “Problemin kökündə inhisarlaşma dayanır. Dövlət qurumlarının ərzaq təminatı bir neçə quruma həvalə olunub. Satınalmalar üzrə tenderlər elan olunur. Amma hamıya məlumdur ki, bu tenderlər formal xarakter daşıyır və göstəriş əsasında həyata keçirilir. Təbii ki, məmurlar bu işi özlərinə yaxın şəxslərə həvalə etməklə faktiki olaraq bazarda alıcı inhisarı yaradırlar. Bu da ona gətirib çıxarır ki, bölgələrdə heyvandarlıq və tərəvəzçiliklə məşğul olan fermerlər öz məhsullarını normal qiymətə sata bilmirlər. Istehsalçının məhsul üçün müəyyən etdiyi qiymət onun xərclərini ödəyə bilmir. Fermerlər əsasən zərərlə işləyirlər. Halbuki Azərbaycan bazarında ətdən tutmuş, digər məhsullara qədər hər şeyin qiyməti Avropa standartlarından da yüksəkdir. Bunun kökündə rəqabətin olmaması, dövlət sifarişlərinin məmur-oliqarxlara verilməsi dayanır”.
A.Mehtiyevin fikrincə, problemin kökü ilk növbədə məmur sahibkarlığına son qoyulmasından keçir: “Dövlət başçısı bu barədə nə qədər danışsa da, bu gün faktiki olaraq məmur sahibkarlığının ləğv edilməsi istiqamətində heç bir addım atılmır. Şirkətlərin təsisçiləri haqda məlumatlar gizlədilir və onların kimə məxsus olduğu qaranlıq qalır. Məmurların sahibkarlıq fəaliyyəti ilə məşğul olması, dövlət siyasətini həyata keçirən qurumların, nazirlərin daha çox iqtisadi fəaliyyət sahələrinə nəzarət etmələri bu sahədə rəqabətin formalaşmasının qarşısını alır”.