Nə günlərə düşdülər bunlar? Artıq hardasa qəbirlərin dağıdılmasını da siyasi şouya çevirirlər. Onu AXCP-nin ayağına yazmaq istəyirlər.
Təəccüblüdürmü? Deyil.
Şeyx Nəsrullahsayağı ölüləri “dirildib”, onların adlarını seçki siyahılarına daxil edən bir zehniyyət üçün bunda utanılacaq bir şey yoxdur.
Biz seçki ilində belə çirkin ssenarilərin, şərləmələrin hələ çox şahidi olacağıq. Qaldırdıqları hər daşın altından müxalifət partiyalarını, gənc aktivistləri, ictimai fəalları, tənqidçi qələmləri çıxarmaq köhnə mərəzləridir, amma seçki yaxınlaşdıqca bu daha idbar şəkil alacaq.
Heç birinə də heyrətlənməmək lazımdır, bunların başı buracan işləyir, şərləməkdən, çirkab atmaqdan, yalandan, böhtandan artığına isə nə ağılları çatır, nə mərifətləri.
Saatlıda qəbirlərin dağıdılması ilə bağlı rəzil şounu isə son vaxtlar yaşadıqları travma ilə əlaqələndirmək lazımdır: Azərbaycanı qəbiristanlıq sükutuna qərq etmək istəyirdilər, alınmadı.
Öz çağdışı rejimlərinin tarixə gömüləcəyini, keçmişə dəfn ediləcəyini hər gün daha aydın hiss edirlər.
Görürlər ki, artıq sistemi süni nəfəslə yaşatmaq mümkün deyil, fərqindədirlər ki, sistem indi yalnız özünə qəbir qazmaqla məşğuldur.
Hal-qəziyyə bu ikən durub hardasa qəbirlərin dağıdılmasını da öz kirli siyasi məqsədləri üçün yararlanmaq istəmələrinə nə qəzəblənək, nə təəccüblənək.
Əksinə, lütfən, anlayışla qarşılayaq. Lütfən…
O qərar bizə anlatmaq istədiyini…
Dünən Sumqayıt Apelyasiya Məhkəməsində Nigar Yaqublunun şikayətinə baxılmağa az qalmış sosial şəbəkələrdə yazılanlara bir göz atdım – hər kəsdə bir ümid vardı.
Hər kəs azad ediləcəyinə inanır, inanmaq istəyirdi.
Rejimin bir ailəyə savaş açmağı artıq özünə sığışdırmayacağını gözləyirdi.
Hətta Nigarın azad ediləcəyini əminliklə yazanlar da vardı. “Tofiq bəyi həbs edəndən sonra artıq qızını həbsdə saxlamazlar!” deyirdilər.
Bunca çirkinliyini, iyrəncliyini görəndən sonra da hələ də rejimdə insaf, humanizm aramaq nədən doğur görəsən? Sadəlöhvlüyümüzdənmi, hələ də necə bir sistemlə üz-üzə olduğumuzun fərqinə vara bilmədiyimizdənmi, rejimi hələ də yaxşı tanımadığımızdanmı, hədsiz xoşgörülü olmağımızdanmı, ya nədən?
Hər bir halda bu rejimdən yaxşı bir gözlənti içində olmaq heç bir məntiqə sığmır.
Artıq bunu yaddaşımızın bir yerinə yazaq: bunlar biz düşündüyümüzdən də çirkin və pisdirlər.
Anlayaq bunu artıq.
Necə ki, Sumqayıt Apelyasiya Məzhəkəsinin Nigarı həbsdə saxlamaq barədə qərarı da bir növ elə bunu bizə anlatmaq üçün idi.
Aydın Mirzəzadəyə siyasi rəng haqqında sual
Ey Aydın müəllim!
Nigar haqqında həbs-qətimkan tədbiri seçilərkən demişdiniz: “Məsələyə sırf hüquqi aspektdən yanaşanda həbs-qətimkan tədbirinin seçilməsi doğrudur. Qanunda məhz bu tədbir nəzərdə tutulub. Bu, təkcə Azərbaycan hüquq sistemində deyil, dünyanın əksər ölkəsində qəbul edilmiş normadır. Buna siyasi rəng verməyin, onun saxlanmasını siyasi fəaliyyəti ilə əlaqələndirməyin heç bir adı yoxdur. Biz məsələlərə hüquqi yöndən baxmalıyıq”.
Ey Aydın müəllim!
Bu sözlərinizin üstündən bir neçə ay ötdü və bu dəfə sizin öz adınız bir yol qəzasında keçdi.
Idarə etdiyiniz avtomobil piyada qadını vurdu. Qadın dünyasını dəyişdi.
Sonradan sükan arxasında sizin deyil, sürücünüzün əyləşdiyi açıqlandı.
Qəzanın səbəbkarı kimdir – sizmi, sürücünüzmü, fərq etmir. Mənim soruşmaq istədiyim başqa şeydir: üstündən bir aydan çox vaxt keçən o qəzaya görə barəsində həbs-qətimkan tədbiri seçilən varmı?
Axı özünüz deyirdiniz ki, məsələyə sırf hüquqi aspektdən yanaşanda həbs-qətimkan tədbirinin seçilməsi doğrudur! Axı hüquqi qaydalarda, qanunda məhz bu tədbir nəzərdə tutulub! Axı bu tədbirin seçilməsi təkcə Azərbaycan hüquq sistemində deyil, dünyanın əksər ölkəsində qəbul edilmiş normadır!
Indi bilmək istəyirəm ki, bu norma sizin işinizlə bağlı da işləyirmi? Sizin işinizə də Nigar hadisəsində olduğu kimi, “sırf hüquqi aspekt”dənmi yanaşıblar, yoxsa, ənənəvi “yapçısan, keç başa!” məntiqi iləmi baxıblar?
Cavabınızı maraqla gözləyirəm.

Yaxınlaşan dəfnin travması
•
•