Sabah üçün heykəl dərsləri

Diktatura rejimləri inqilabla üz-üzə gəlib devriləndə diktatordan sonra ilk zərbəni alan doğma ailəsi, övladları deyil, hələ bəlkə özündən də qabaq onun heykəlləri, onunçün qoyulan və ya kiminçünsə qoydurduğu heykəllər devrilir, aşırılır, parçalanır. Diktatora olan bütün acıq, hirs, hayıf, onun cansız daş bədənindən alınır.
Bəzənsə elə olur ki, hətta diktator devrilir, heykəllər məhv edilir, ancaq rejim yenə də yerində qalır. Vay o xalqa ki, devirə bildiyi yalnız diktator və onun heykəlləri olur, yaratdığı siyasi rejim isə olduğu kimi can almaqda davam edir.
Inqilab başlayarkən heykəllərin devrilməsində insanların ibtidai təfəkkürünün izləri var. Ibtidai insan ova çıxmazdan öncə qayaüstü rəsmlər çəkər, ovunu necə ələ keçirəcəyinin məşqini edər, öz ovunu əvvəlcə daş “qələmlə”, daş “fırçayla” öldürər, sonra ovun özünə keçərdi.
Diktatorlar da belə devrilir. Öncə beyinlərdə, sonra heykəllərdə, ardıyca da özü və xanimanı.
Ukraynanın Poltav vilayətindəki Oktyabrsk kəndində Lenin və həyat yoldaşı Nadejda Krupskayanın heykəllərinin başları qoparılıb. Fevralın 15-də isə Leninin heykəli Sumsk vilayətinin Axtırka şəhərində aşırılıb. Ukrayna da Azərbaycan kimi o post-sovet ölkələrdəndi ki, Lenin və onun yaratdığı iyrənc rejim hələ də kökündən aşırılmayıb.
Mən hər bir halda heykəllərin aşırılmasının əleyhinəyəm. Sabah Azərbaycanda nə qədər heykəlin aşırılacağını, dağıdılacağını təsəvvürümə gətirəndə… gətirə bilmirəm, çünki o qədər heykəlin dağıdılması dəhşətli toz-torpaq deməkdi. O toz-torpaqda heç nə görə bilmirəm. Zənnimcə, hər rejimdən sonra hər heykəluçurma kampaniyası əslində xalqın sabahına xəyanətdən başqa bir şey deyil. Xalqa bütöv bir tarixi, həm də murdar tarixi unutdurmaqla onun yenidən o bəlaya düçar olacağına şərait yaratmaqdı. Heykəlləri uçurmaq yox, əksinə qorumaq və daha nəzərəçarpan etmək lazımdı. Diktatura zamanında məktəblilər o heykəllərin, muzeylərin seyrinə bir dəfə bayramlarda aparılırdısa, diktatura ləğv ediləndən sonra bu heykəl gəzintilərini tarix fənninin tədris saatına belə daxil eləmək lazımdı. Hər heykəlin yaxasından keçmiş canilər kimi bir lövhə asmaq və o lövhədə ən yığcam, ən təsirli, ən aydın cümlələrlə o heykəl sahibinin, onun yaratdığı antibəşəri rejim haqda yazmaq, seyrçiləri məlumatlandırmaq, millətin yaddaşını diktaturaya qarşı daim oyanıq halda saxlamaq lazımdı ki, bir daha unutqanlıq üzündən eyni girdaba yuvarlanma baş verməsin. Yəni hər bir diktator vandaldı, ama onların heykəlini amputasiya eləmək də vandalizmdi və Ukraynada baş verən əhvalat da göstərir ki, Lenin gerçəkdən hələ də sağdır. Onun başını kəsənlər elə onun özünün dost-doğma, mənəvi xələfləridi. Heykəl başı kəsənlər sabah özünün də başını kəsəcək.
90-cı ilin əvvəllərində sosializmin heykəlləri elə sürətlə yıxıldı ki, insanlara o heykəl sahiblərinin – Leninin, Kirovun, Şaumyanın, Orconokidzenin, Dzerjinskinin kim olduğunu anlatmağa imkan qalmadı. Gözü qızmış qəzəbli insanlar şüursuz şəkildə heykəlləri yıxdı və nə etdiyini, kimə etdiyini bilmədiyindəndi ki, sonradan onların xiffətini çəkməyə başladı. Onlardan biri yenidən hakimiyyətə gələndə də başına hansı bəlaların gələcəyinin fərqinə varmadı. O “heykəllər” yerində dursaydı və ya xüsusi bir heykəl parkına götürülsə, onların cinayəti yaxasına yazılsaydı, bunu oxuyanlar həmin faktlarla bu günkü həyatlarında qarşılaşanda ayıq olacaq, o cinayətlərin daha da artmasına imkan verməyəcəkdilər. Lakin dünəni unutdurmaqla sabaha ümidlə baxan gözləri kor qoydular ki, bu gün də o korluğun altını çəkirik.