Hara gedirik?

Dünən cəmiyyətimiz Xocalı qurbanlarının xatirəsini yad etdi. Azərbaycan xalqının sərvətlərini illərlə yağı kimi dağıdanlar hamıdan öncə bu faciənin acılarının simvolu olan abidəyə gül qoymuşdular. Bu incə təzad haqda, bu saxta acı və saxta göz yaşları barədə çox yazıblar, məqsədim həmin mövzuya yenidən qayıtmaq deyil. Amma o adamlar, elə cəmiyyətdə çoxları anlamır ki, gələcəkdə bu qanlı, dəhşətli faciəni törədən Ermənistan dövlətinin təmsilçiləri də həmin abidəyə baş əyib, gül qoyacaqlar. Bu faciəyə görə üzr istəyəcəklər. Mən əminəm ki, bir gün bu cinayətdə ermənilərə kömək edən Rusiya dövlətinin başçısı da həmin cinayətdə ölkəsinin iştirakına görə üzr istəyəcək. 
Inanmaq çətindir, amma bilin ki, onlar bunu öz gələcəkləri naminə, özləri üçün edəcəklər. Tarixin gedişi, yaxın gələcək diktə edir: həqiqətin, ədalətin olmadığı cəmiyyətlər bəlalara məhkumdur. Bu gün Ermənistan və Rusiya, nə etsələr də, bəlalardan qurtulmurlar. Çünki yalanla idarə edilirlər. Xoş güzəran üçün, hətta məhv olmaqdan qurtulmaq üçün onlar ədalətə və həqiqətə gəlməyə məcbur olacaqlar. Onda Xocalı həqiqəti də qəbul ediləcək. Arxivlər də açılacaq. Şahidlər də yenidən danışacaq. Tökülən qanların həqiqəti də qəbul ediləcək.
Məsələn, Rusiya demokratik dövlət olmağa məhkumdur. O zaman bu dövlətin demokrat başçısı rus hərbçilərinin Xocalı faciəsindəki iştirakını qəbul edə biləcək və edəcək də. Sovetlərin məhvindən sonra çox həqiqətləri qəbul etmədilərmi?! Həqiqəti qəbul etməyin əsas mərhələsi – demokratik dövlət olmaq mərhələsi qabaqdadır.
Gələcək bunu vəd edir bizə. Ümumiyyətlə, indiki gedişatın bizə hansı gələcək vəd etdiyini anlamaq çətin deyil. Məsələn, əminliklə deyə bilərik ki, Azərbaycanın mövcud hakimiyyəti bizim tariximizə qara ləkə kimə düşəcək. Bir vaxtlar bizi qınayır, heç nəyi anlamamaqda günahlandırırdılar. Az qala hər gün eşidirdik ki, əşi, özünüzü yormayın, heç nə dəyişməyəcək, hətta balaca Heydər də hakimiyyətə gələcək. Amma vaxtilə bu sözü deyən elə adamlar var ki, indi tezliklə ölkədə dəyişimin olacağını bizə söyləyirlər.
Tarix açıq cəmiyyətlərə doğru dəyişiklik yolundadır. Bunu gec yaşayan toplumlar çox acılar çəkəcək, lakin elə bu acılar da dəyişikliyin gerçək səbəbi olacaq. Hansı toplum az acı çəkərək bu yolu qəbul edəcəksə, onlar gələcəyi daha asan, daha rahat qarşılayacaqlar. Amma gözlənilən gələcəyi xoşluqla qarşılamayan toplumlar onu dərdlərinin, problemlərinin, acılarının diktəsi ilə qəbul etməli olacaqlar. Bu mənada, bütün toplumlar, elə Azərbaycan da, onun yerləşdiyi region da dəyişməyə məhkumdur.
Ona görə də heç kim deyə bilməz ki, filan xalq bacardı, özünə işıqlı gələcək qurdu, amma biz və ya başqası bunu edə bilməyəcəyik. Gürcülər bunu etdi, amma biz edə bilmirik. Ərəblər bacardı, amma biz bacarmırıq. Xeyr, bu işi indi bacarmayanlar da elə bacara bilməməsi ilə eyni gələcəyin vacibliyinə gəlib çıxacaqlar. Çünki demokratiya, azad cəmiyyət qurmaq bir dəb deyil, bir ideya deyil, artıq çıxış yoludur, məcburiyyətdir, həqiqət olanıdır. Həm də müasir dövrdə xeyli dərəcədə ekspress bir məcburiyyətdir. Gözləyə bilmir toplumlar. Çox gözləyə bilmir yeni gənclik.
Çünki yalanla yaşamaq indi heç cür mümkün olmur və yalanla heç bir problemi həll etmək olmur. Bu günlərdə yazıçı Seymur Baycan mənə böyük ədib Taqorun bir deyimini yollamışdı – çox xoşladığı üçün. Elə mən də sevdim bu deyimi: “Yalan nə qədər qüdrətli olsa da, həqiqət ola bilmir!”.
Ən qüdrətli hakimiyyətlər nə özünə, nə toplumuna xoş gələcək nəsib edə bilir. Odur ki, məhvə məhkumdurlar və müasir dövrdə tarix onların məhvini olduqca sürətləndirib. Çünki yalana söykəniblər.
Odur ki, gələcəyin də necə olacağını bilmək olur. Gələcək həqiqətdən yanadır. Azərbaycanın da ən böyük tələbatı budur: həqiqətlə idarə edilsin, həqiqətlə yaşasın.