Avropalaşmayan azərbaycanlılar

Avropa ölkələrində yaşayan azərbaycanlıların fəaliyyətinə diqqət yetirərkən bəzən mənə elə gəlir ki, onların çoxunu bura hakimiyyət göndərib. Yollayıb ki, səfirliklərin keçirdiyi tədbirlərdə onlardan dekorasiya kimi istifadə etsinlər. Çünki səfirliklərin, Diaspora Komitəsinin keçirdiyi hansı toplantıya baxırsan, bu “ştatdan kənar əməkdaş”lar orada görünürlər. Halbuki, bu insanlar Avropanın ədalətli qanunlarının hesabına oturum alıb, Avropa vergi ödəyicilərinin hesabına güzəranlarını düzəldiblər. Onların Avropada aldıqları yaşamaq izni isə məhz Azərbaycanda baş verən problemlərə görədir. Bütün bunların fonunda bu insanların yenidən gedib Azərbaycan səfirliyinin keçirdiyi toplantılarda adam sayı artırması, səfirə yaltaqlanması, Azərbaycandan gələn hansısa harın vəzifə sahibinin qabağına qaçıb əzilib-büzülərək “Biz də varıq” demələri sözün əsl mənasında iyrənc mənzərədir. Dəhşətli burasıdır ki, bu insanlar belə addımlarla yaşadıqları ölkənin aktiv təbəqəsinin azərbaycanlılara qarşı münasibətinin pisləşməsinə gətirib çıxarır. Soyuqqanlılıqla bu adamların əməllərini seyr edən qərblilər, mütləq öz daxili hesabatlarında bunu qeyd edirlər. Nəticə etibarilə xaraktersiz insanlara görə Azərbaycanda yaşayan topluma da xaraktersiz toplum kimi yanaşırlar. Faciəli odur ki, Avropada yaşayan azərbaycanlıların bir çoxu təkcə onu zülmə məruz qoyanların tədbirlərində iştirak etmirlər, həm də korrupsioner məmurlar Avropaya gələndə onlara bələdçilik edirlər. Qərbə gələrək “rəhbərlik etdiyim QHT-yə görə məni öldürürdülər, buna görə yaxınlarım xəstəlik tapdı” deyərək ağlayıb status alan birinin sonradan Avropanın mərkəzində fövqəladə hallar naziri Kəmaləddin Heydərovun müavininə tərcüməçilik edib, onu “qırmızı fənər”lərə qədər müşayiət etməsinə, gecə-gündüz onun oğlu Taleh Heydərova yaltaqlıq etməsinə nə ad verəsən? Yaxud, getdiyi hər bir idarədə Əliyev iqtidarını yamanlayan, özünü əzabkeş kimi təqdim edən birinin Almaniyada Heydər Əliyev Fondunun nümayəndələrinə yarınıb-yaltaqlanmasına nə deyəsən? Müxalifət partiyasının aktivi və ya fəal müxalifətçi adıyla status alıb, sonradan Hollandiyada Azərbaycan səfirinin, iqtidar dəstəkçilərinin böyründə mühafizəçi kimi dayanıb şəkil çəkdirən, bunu dilə gətirməkdən utanmayan zırpı tipləri və tipcikləri görəndən sonra avropalı azərbaycanlılar haqqında nə düşünməlidir? Ola bilsin ki, bu sətirləri oxuyaraq öz obrazını burada görənlər iddia edəcəklər ki, onlar Xocalı, 20 Yanvar və s. “ümummilli” tədbirlərdə iştirak edərək, vətənimizin dərdlərini əcnəbilərə çatdırırlar. Əslində isə bu, saxtakarların son sığınacaq yerinin vətənpərvərlik olduğunun təsdiqidir. Çünki vətənin dərdlərini avropalılara çatdırmaq istəyən özü icma olaraq, bir tədbir keçirər və faciələri tanıdığı qərblilərə çatdırar. Amma bunu etməyib saxtakarcasına səfirliyin, Diaspora Komitəsinin tədbirlərində dekorasiya rolunu oynamaq ən azı, özünü alçaltmaqdır. Və nəhayət, Avropada Azərbaycan müğənnilərin konsertlərinə axın edən milli “təəssübkeşlərə” sözüm odur ki, elə konsert tədbirlərində heç olmasa, kiçik bir xeyriyyə aksiyası da keçirin. 40 avro biletə verəndə, 5 avro da xeyriyyə qutusuna atın. O pulları Azərbaycanda çarəsizlik içində çırpınan xəstə insanlara göndərin. Çünki siz Avropada yaşayırsınız. Sosial güvəniniz var. Sonda isə xahişim budur ki, Avropanı azərbaycanlılaşdırmayın, yardım edin, Azərbaycan avropalaşsın!