Boynuma alım ki, Bakıdan aralıyam, bürokratik süründürməçilik və rüşvətxorluq üzündən yığışıb qalmış bəzi problemlərimlə savaşdayam, üstəlik, illərin stressinin yaratdığı zəhlətökən sağlıq sorunlarıma da çarə axtarıram, ona görə də bölgə xalqımız kimi paytaxtla bağlı bir az bilgisizəm. Ancaq yayılan şayiələrdən belə anladım ki, dövlət başçısı nə isə qeybə çəkilib, yerindən-yurdundan səs-soraq yoxdu. Hətta Seymur Həzi yazıb ki, qoy dövlət başçısı vətənə qayıtsın, görünsün, üzə çıxsın, bir daha onu tənqid eləmərəm. Belədi də, qeybə çəkilməsən, heç vaxt yerin görünmür, qədrin bilinmir.
Yaxşı, həmkarımız niyə belə yazıb? Yəqin görüb ki, Əliyev ölkədə olmayanda ədalətsizlik, haqsızlıq, amansızlıq baş alıb gedir. Məsələn, Masallıda baş verən qəddar hadisə. Milli Qəhrəman Səfərəli Məmmədovun atası Qurban Məmmədov Masallı rayon Icra Hakimiyyətində döyülüb.
Dövlət başçısı yerində olsaydı, belə bir hadisə baş verə bilərdimi? Şair demişkən, “o, xəbər tutsaydı, bütün sədləri, bütün cəbhələri vurub yarardı…”. Cəbhəni yarmağına yarıb, ancaq bu şoğərib sədləri yarmaq olmur. Ona xəbər vermirlər ki. Kim durub onun qərar tutduğu məchula yazacaq ki, cənab filankəs, sizin müşavirənin canına soyuq keçməmiş filan milli qəhrəmanın 75 yaşlı atasını yiyəsiz uşaq kimi çırpıblar (bundan qabaqsa bir başqasını da miokard-infarkt eləyiblər). Nədi-nədi, müşavirədən ürəklənib dərdlərini eşitdirmək istəyirlər.
Indi mən durub dövlət başçısını paytaxtda olmadığına görə qınaya bilmərəm. Çünki özüm də orada deyiləm. Camaat dövlət quruculuğu ilə uğraşarkən mən eqoistcəsinə öz problemlərim və öz canımla məşğulam. Bəlkə onun da mənim kimi hansısa problemləri var, canı ağrıyır, ya hansısa sənəd-sünəd işini illərdi uzadırlar, gedib həll eləsin. Yoxsa, dərhal bir müşavirə keçirib ayı-günəşi yerinə qoyardı, lazım gəlsə, milli qəhrəmanın atasını döyənləri işə qoyduğu kimi işdən də çıxarardı. Ancaq mən əminəm ki, o bunlardan xəbər tutacaq. Doğrudu, ona xəbər çatması üçün gərək qədim türk xəbərləşmə üsulundan istifadə eləyəsən, çünki məmurların ona xəbər ötürəcəyinə dair heç umud yeri yoxdu. Gərək bir xəbərin ona çatması üçün tonqallar çatıla, bahalı avtomobillər, milyonluq villalar, “Çıraq”lar yandırıla, və ya iri məmur övladlarının silahlı çatışmasına səhnə ola. Yoxsa padşaha xəbər çatdırmaq asan iş deyil ki.
Bəli, bütün günahlar onun ətraflarındadı. Pis ətraflarında. O da çətin məsələ deyil. Ikisini işdən çıxarıb, korrupsiyaya qarşı mübarizə zəminində bir sürücünü yaxalatdırıb, artıq təkcə elə bunlar inkişafdan xəbər verir. Ətraf mühit təmizlənir. Avropa da görür ki, Azərbaycan dönməz islahatlar mərhələsinə qədəm qoyub. Öldü var, döndü yoxdu. Dövlət başçısı bütün məmurlarını özü kimi gözü-könlü tox, sadə, əli-ayağı təmiz, vətəndaşlarını sonsuz, hətta normadan artıq sevgi ilə sevən sadə, düpbədüz şəkildə görmək istəyir. Belə getsə, yaxın onilliklərdə onların hamısı işdən çıxarılar, millətin də, dövlət başçısının da canı belə şərəfsiz məmurlardan biryolluq qurtular.
Ancaq bir sual yaranır. Niyə bu məmurlar dövlət başçısının tapşırığına əməl eləmir? Belə çıxır ki, onu eşitmirlər. Bu isə qəti inandırıcı deyil. Inandırıcı deyilsə, deməli, əksinədi, yəni məntiqlə elə onun istədiyini eləyirlər. Ancaq o, açıq-aydın deyir axı: “Mənim kimi olun!”. Bəs niyə olmurlar? Çətin sualdı. Gələn müşavirədə bu suala cavab tapsalar, əla olar.

Əliyev xəbər tutsaydı
•
•