Saatlıda qəbir daşlarının sındırılmasını bu partiyanın ayağına yazmaq istəyirlər
Şamil Hacıbəyli: “Şöbəmizin deyilən adlarda üzvləri yoxdur, biz bu adamları tanımırıq”
Fevralın 23-dən 24-nə keçən gecə Saatlı rayonunun Musalı kənd qəbiristanlığında naməlum şəxslər 60-a yaxın qəbrin başdaşılarını sındırıb. Hadisəni törədənlər, Musalı kənd sakinləri, heç bir yerdə işləməyən 1987-ci il təvəllüdlü Əliyev Nəsimi Arif oğlu və 1989-cu il təvəllüdlü Məmmədov Ədalət Səxavət oğlu şübhəli şəxs qismində saxlanılıblar. Onlar hadisəni sərxoş halda törətdiklərini etiraf ediblər. Faktla bağlı cinayət işi açılıb və hazırda istintaq aparılır.
Bu barədə artıq ölkə mediasında xəbərlər yayılıb. Xəbəri aktuallaşdıran isə hakimiyyətin bu hadisəni AXCP-nin ayağına yazmaq, bu partiyaya qarşı növbəti təxribat hazırlamaq istəyinin sezilməsidir.
Hər halda hökumətyönlü agentliklərdən biri – “Trend”in bu hadisə ilə bağlı ölkənin bütün KİV-ində yayılan məlumata belə bir əlavə etməsi təsadüfə oxşamır: “Əldə edilmiş ilkin məlumatlara görə, hadisəni törədən şəxslər Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) rəhbərliyi tərəfindən bu işə cəlb edilmiş və rayonda sabitliyi pozmaq, rayon sakinləri arasında süni narazılıq yaratmaq məqsədilə insanların mənəvi dəyərlərinə toxunan bir hərəkətə təhrik etmişlər”.
Məsələ ilə bağlı müracitə etdiyimiz AXCP Saatlı şöbəsinin sədri Şamil Hacıbəyli “azadlıq.info”ya bunalrı dedi:
– Adları çəkilən şəxslərin heç biri AXCP üzvü deyil. Bunun araşdırmaq müvafiq dövlət orqanları üçün çətin deyil, şöbə üzvlərinin adlı siyahısı var, şöbəmizin deyilən adlarda üzvləri yoxdur. Şöbənin sədri kimi şəxsən mən bu adamları tanımıram.
Bütün bunları AXCP Saatlı şöbəsinin martın 3-də keçirəcəyi tədbiri pozmaq istəyi ilə əlaqələndirirəm. Tədbiri pozmaq üçün müxtəlif planlar qururlar, bu da onlardan biridir. Qarşıda başqa təxribatların olacağını da istisna etmirəm.
AXCP Saatlı şöbəsi olaraq bu iyrənc təxribatı pisləyir və təxribsatçıların məsuliyyətə cəlb olunmasını tələb edirik.
AXCP Saatlı rayon şöbəsi Məclisinin sədri Ziyafət Hüseynli də “Turan”a bildirib ki, qəbir daşlarının dağıdılmasında şübhəli şəxs qismində tutulan Nəsimi Əliyev və Ədalət Məmmədov heç bir zaman AXCP üzvü və ya tərəfdarı olmayıb. “Onların AXCP tərəfindən öyrədilməsi ilə bağlı yayılan məlumatlar tamamilə böhtandır”, deyə o qeyd edib. Z.Hüseynlinin özü də Musalı kəndindədir və dağıdılan qəbirlər arasında onun qohumlarının da qəbri var. “Doğma əmim oğlunun qəbir daşı aşırılıb”.
Məclis sədri, saxlanan hər iki şəxsin içkiyə meylli olduğunu bildirib. “AXCP hesab edir ki, bu iki şəxs 80-90 qəbir daşını dağıda və aşıra bilməz. “Birincisi, iki nəfər 90-a yaxın qəbir daşını dağıtmaq gücündə deyil, ikincisi isə dağıdılan və aşırılan ağır qəbir daşlarına iki nəfərin gücü çata bilməz. Bu qabaqcadan məqsədli hazırlanmış bir fəaliyyətdir. Qəbir daşlarının dağıdılıb, aşırılmasında ən azı bir qrup insan iştirak edib”, deyə o qeyd edib.