Yazının girişində peşəkar yapçı Mübariz Qurbanlıya dərin təşəkkür bildirməyi özümə borc bilirəm.
Dünən internetdə “Mübariz Qurbanlı müxalifətçi gəncləri döyüşə çağırdı” başlıqlı yazıya rast gəldim.
Tez dilimi dişlədim ki, vəssalam, atəşkəs bitdi. Bütün YAP gəncləri döyüş bölgəsindədi, biz isə Demokratiya dərdindəyik. Belə bir gündə birlik lazımdı. Tez yazını oxumağa başladım. Sitat: “Biz gənclərimizi beynəlxalq miqyasda ermənilərlə mübarizəyə cəlb etmişik”. Bu cümlədən sonra lap utandım, qollarım yanıma düşdü. Fikirləşdim ki, yəqin yapçı gənclər təkcə səngərdə deyil, bütün dünyada məxfi tapşırıqla ermənilərin gəlir mənbəyini darmadağın etmək üzrədi. Ancaq bu təəssüratım uzun çəkmədi. Sən demə, yapokratlar internet vasitəsilə dayanmadan mübarizə aparırmışlar.
Xocalı soyqırımını dünyaya tanıtmaq istəyirmişlər. Yuxarıdakı təşəkkürüm də Mübariz müəllimə ona görə idi ki, bu müsahibəni tam oxuyandan sonra xeyli stress atıb, yüngülləşmişəm. Sən demə, büdcədən ayrılan milyonları xaricdə xərcləmək “təbliğat” adlanırmış və bu təbliğatın nəticəsidir ki, 20 faiz torpaq əsarətdədi. Daha neçə il keçməlidir ki, bu “təbliğat” nəticə versin?
Cənab Qurbanlı, gənclərinizin Xocalını dünyaya tanıtması nədi, Xocalı faciəsini anmaq üçün bizə icazə verməməyiniz nədi?
Ilin 12 ayı Xocalıdan köçkün düşmüş insanlara 15 manat çörək pulu verməyinizi görə-görə sizin səmimliyinizə necə inanaq?
Yenidən Xocalı kimi faciələrimizi yaşamayaq deyə, hərbi xidmətə gedib, qeyri-döyüş şəraitində dünyasını dəyişən əsgərimizi anmaq istədiyimiz üçün bizi cərimələdiyiniz hara, Xocalıya ədalət istəməyiniz hara?
Qarabağdan köçkün düşmüş insanların problemlərini Qaçqınkoma çatdırmaq üçün keçirdiyi aksiyanı polis gücünə yatırdığınızı gördük, Qarabağ sevginizi harda görək?
Biz sizin gənclərin bu illər ərzində “rəhbərə tərif” missiyasından kənara çıxdığını görməmişik.
Artıq bu gün cəmiyyətdə elə bir mənzərə yaranıb ki, hər şey çox şəffaf görünür. Nə binokla ehtiyac var, nə də uzun-uzadı analizlərə.
Bu gün müxalif gəncliyi ittiham eləmək üçün bir arqumentiniz belə yoxdu.
Əgər bizlər pul, karyera, villa arzusunda olsaydıq, AXCP Gənclər Komitəsində deyil, YAP sıralarında olardıq. Yəni nağdı qoyub, nisyə dalınca düşməzdik.
Ancaq bizlər bütün məhrumiyyətləri gözə alaraq ölkəmizin və millətimizin işıqlı sabahı uğrunda vuruşuruq.
Cənab Qurbanlı çıxışının bir yeritndə bizləri “erməni dəyirmanına su tökənlər” adlandırıb.
Narkoman, antimilli, ünsür kimi YAP “kəlam”larından sonra “erməni dəyirmanına su tökənlər” ifadəsi təəccüblü deyil.
Sadəcə olaraq bir reallığı bilməkdə xeyir var; soruşanda yapokratlar deyirlər ki, 9 milyon əhalimiz var, ancaq bu əhalinin rejimdən narazı olan böyük əksəriyyətini “erməni dəyirmanına su tökən” adlandırırlar. Cənablar, xalqımızın 90 faizini ermənipərəst adlandırıb, eyni zamanda dünyadan ermənilərə təzyiq göstərməyi tələb etmək gülünc deyilmi?
Ölkənin bir gənci kimi sizdən sual edirəm. Sonuncu dəfə Qarabağ məsələsi Milli Məclisdə nə vaxt müzakirə edilib?
Mübariz müəllim, hansısa rayonun işğal ounduğu günün ildönümündə, qalstuk taxıb, ekrana çıxıb, “tezliklə torpaqlarımızı azad edəcəyik” kimi “dad”ını itirmiş ifadələr işlətməklə Qarabağ sevgisi olmur.
Heç Xocalı abidəsinin önünə yekə əklil qoyub, “kədərli sima” nümayiş etdirmək də sevgi üçün bəs deyil.
Xalqın faciəsinə münasibət, xalqa münasibətlə müəyyən edilir. Daxildə xalqı qəpik-quruşa möhtac qoyub, xaricdə təbliğat üçün milyonlar xərcləsən nə olacaq?
Daxildə inanları canlı heykələ çevirib, xaricdə milyonluq heykəl ucaltamaq nəyə yarayır?
Ölkədəki parklarda insanlar övladlarına istirahət bəxş edə bilmirsə, Avropada yüz park salsan da avtoritar mahiyyət dəyişmir axı.
Heç olmasa faciə günlərində imitasiya ilə məşğul olmayın. Biz sizlərin nəyə sevinib, nəyə kədərləndiyinizi çox yaxşı bilirik.
Atəşkəs bitdi
•