
Xocalı soyqırımı ilə bağlı Türkiyənin paytaxtı Ankarada etiraz aksiyası olub. Aksiya Azərbaycanlı Tələbələr və Məzunlar Birliyi tərəfindən təşkil olunub. Abdi İpəkçi parkında təşkil olunan aksiyaya minə yaxın etirazçı qoşulub. Aksiyaya Türk-Kamu Sen, Ülkü Ocaqları, Alpərənlər və Gənc Atsızcılar təşkilatları da dəstək veriblər. Əllərində Türkiyə və Azərbaycan bayrağı tutaraq Xocalıdakı soyqırımı lənətləyən aksiyaçılar Ermənistanın prezidenti Serj Sarkisyan əleyhinə də şüarlar səsləndiriblər.



Xocalı faciəsi ilə bağlı Ankaranın “Kızılay” səmtində də aksiya keçirilib. Lakin bu aksiya zamanı xoşagəlməz hadisə baş verib. Belə ki, faciənin soyqırım kimi tanınması üçün Qərənfil küçəsində stendlər qurularaq imza toplama kampaniyası təşkil olunub. Kommunist və kürdçü terror təşkilatı tərəfdarı olan 150-yə yaxın adam Gökbörü Türkçüler Derneğinin təşkil etdiyi aksiyaya hücum edib, stendləri dağıdıb, Azərbaycan və Türkiyə bayraqlarını ayaqlar altına salıb və imza toplayanlardan 7 nəfəri döyüblər.


Təcavüz edənlərin içində Türkiyənin ən məşhur universitetlərindən olan ODTÜ tələbələri də olub. Hücum edənlərin əllərində daş, şüşə və taxta parçaları olub. Bu isə hücumun əvvəlcədən planlaşdırıldığını göstərir. Hücum edənlər daha sonra şüarlar səsləndirərək hadisə yerindən qaçıblar.
Hücuma məruz qalıb xəsarət alan aksiyaçılar isə Ankaranın müxtəlif xəstəxanalarına yerləşdiriliblər.
Aydın Taş, Ankara


