Cavid Qurbanov da Bəhram Yaradanquliyevin taleyini yaşaya bilər
Nəqliyyat naziri Ziya Məmmədov “Azəryolservis”in şefi Caviq Qurbanovu “vurmaq”da israrlıdır və qısa müddət ərzində bu niyyətini həyata keçirmək istəyir. Bu barədə “Azadlıq”a Nəqliyyat Nazirliyindəki mənbə məlumat verib. Mənbə bildirir ki, Cavid Qurbanovla məsələ də Ziya Məmmədovun köhnə dəsti-xətti açıq-aydın görünür.
“Ziya Məmmədov vaxtilə Bəhram Yaradanquliyevlə də eyni üsulla davranıb. Onun bu posta gəlməsində böyük əməyi olan Bəhram Yaradanquliyevin nüfuzu artdıqca Ziya Məmmədovun onu sıradan çıxarmaq haqqında düşünməyə başladı. Nəhayət, nazir iddiasını reallaşdırdı və Bəhram Yaradanquliyev ”vuruldu”. Ziya Məmmədov öz əyər-əskiklərini də onun üzərinə qoydu. Indi eyni plan Cavid Qurbanovla bağlı işə düşüb”, – deyə mənbə bildirib.
Məlumat üçün deyək ki, Cavid Qurbanovla Ziya Məmmədovun arası dəyib. Bunun kökündə “Azəryolservis” şefinin önə çıxması, özünün müstəqil qurumun rəhbəri kimi aparması, eyni zamanda fövqəladə hallar nazini Kəmaləddin Heydərova yaxınlaşması dayanır.
Mənbənin sözlərinə görə, Ziya Məmmədovun bir neçə gün əvvəl keçirdiyi kollegiya iclasında Cavid Qurbanovu sərt tənqid etməsi, ikincinin əsəbi şəkildə iclasdan çıxması və elə həmin gün “Yeni Azərbaycan” qəzetinə verdiyi müsahibədə bircə dəfə də Nəqliyyat Nazirliyinin adını çəkməməsi iki məmur arasında ziddiyyətlərin pik həddə çatması kimi dəyərləndirilməlidir: “Bundan sonra Ziya Məmmədovla Cavid Qurbanovun bir araya gəlməsi inandırıcı görünmür. Digər tərəfdən artıq nazir Cavid Qurbanovla bağlı komparamat qovluğunu hazırlayıb. Kollegiya iclasında Ziya Məmmədovun yollarla bağlı problemləri qabartması təsadüfi deyildi. Bu, ən çox şikayət edilən sahədir. Bəzi ehtimallara görə, Ziya Məmmədov əsasən bu məsələ ilə Cavid Qurbanovu sıradan çıxarmaq istəyir. Lakin komparamat qovluğunda ”Azəryolservis” şefilə bağlı başqa ilginc faktlar da var”.
Namiq