İcra hakimiyyətində Milli Qəhrəmanın atasını döydülər

Hadisə illik hesabat toplantısına qatılan Prezident Administrasiyası rəsmisinin gözü qarşısında baş verib

Milli Qəhrəman Səfərəli Məmmədovun atası Qurban Məmmədov dünən Masallı rayon Icra Hakimiyyətində döyülüb. Bu barədə “Azadlıq”a məlumat verən Qurban Məmmədov bildirib ki, ötən gün rayon icra hakimiyyətində illik hesabatla bağlı toplantı olub. Toplantıda Prezident Administrasiyasının cənub bölgəsi üzrə kuratoru Vəfadar Bağırov da iştirak edib. Qurban Məmmədovun sözlərinə görə, onu da elə Vəfadar Bağırovun gözü qarşısında döyüblər.
“Icra hakimiyyətində işləyən Adəm Məhərrəmovla Vəli adlı şəxs polislərə göstəriş verdilər ki, məni zaldan çıxarsınlar. On nəfərə qədər polis gəlib məni zorla çıxartdılar, sonra rayon polis idarəsinə apardılar”, – deyə Qurban Məmmədov bildirib.
79 yaşlı ağsaqqalın sözlərinə görə, onu həm icra hakimiyyətinin həyətində, həm də polis idarəsinə apararkən yolda döyüblər: “Içəridə halım pisləşdi, məni buraxdılar, getdim xəstəxanaya, iynə vurdular, dərman atdım, sonra evə qayıtdım”.
Qurban Məmmədov ona qarşı zorakılığın səbəbini belə izah edir: “Qorxurdular ki, Bakıdan gələn qonağın yanında problemləri dilə gətirərəm. Ona görə də məni zaldan çıxartdılar”.
Əldə etdiyimiz məlumata görə, icra hakimiyyətində illik hesabat üçün baş tutan toplantı zamanı vətəndaşları zala siyahı əsasında buraxıblar.
Ramin DEKO