Xəbəriniz var xəbərdən? Heç mən də bilmirdim, dünən xəbər tutdum: sən demə, bizim orta məktəblərin 8-ci sinfi üçün “Orta əsrlər tarixi” dərsliyində məhz bu haqda yazılıb: Amerikanın kəşf edilməsində Azərbaycan elminin böyük rolu olmasından!
Dərsliyin 88-ci səhifəsində yazılanlara görə, Kolumbun Amerikanı kəşf etməsindən hələ 200 il əvvəl bizim Nəsrəddin Tusi öz riyazi hesablamaları ilə belə bir materikin olduğu qənaətinə gəlib. Dərslik müəllifləri Kolumbun müəllimi Toskanellinin Tusinin əsərlərindən çox şey öyrəndiyini, bu öyrəndiklərini öz şagirdinə də öyrətdiyini yazır və buradan belə bir nəticə hasil edirlər ki, Amerikanın kəşf edilməsində Azərbaycan elminin böyük rolu olmuşdur.
Adam bilmir gülsün, yoxsa ağlasın?
Ona görə yox ki, dərslik müəllifləri bununla ən sadə tarixi bilgiləri təhrif ediblər, keçmişi barmaqlayıblar. Yox, əsla yox! Ona görə ki, bu, həm də gələcəyimizə vurulan növbəti zərbədir: bu yanlış düşüncə nə qədər məktəblinin beyninə işləyəcək, onlar bu yanlışla yola çıxacaq, əsl həqiqətlə üzləşəndə isə onların nə yaşayacaqlarını, nə hisslər keçirəcəklərini təsəvvür etmək çətin deyil. Əsl həqiqəti həzm etmək asan olmayacaq onlar üçün. Ya sarsılacaqlar, ya da yalanla, uydurma ilə zəhərlənən beyinlərini yeni miflər qondarmağa zorlayacaqlar.
Axı az-çox oxumuş hər kəs bilir ki, Kolumbun Amerikanı kəşfi heç bir riyazi hesablamaya, elmi təhlillərə-zada əsaslanmırdı, üstəlik, o, kəşf etdiyi torpaqların Hindistan olduğunu zənn edirdi. Indi belə çıxır, Tusi Kolumbu aldadıbmış ki, Hindistan Amerikadadır… Belə də rüsvayçılıq olar? Bu yazılanları oxuyan başqaları haqqımızda nə fikirləşərlər? Qarabağ haqqında hansı həqiqətimizə inanarlar?
Başqa vaxt erməniləri asıb-kəsirik ki, tarixi həqiqətləri təhrif edir, hər şeyi öz adlarına çıxmağa çalışırlar. Bəs indi biz niyə onların yolu ilə gedirik?
***
Yeri gəlsə, mən heç ona da inanmıram ki, dərslik müəllifləri “Amerikanın kəşf edilməsində Azərbaycan elminin rolu”ndan basıb-bağlayarkən bunu savadsızlıqdan, bilgisizlikdən ediblər. Əsla! Bu, sadəcə, kiçik xalqlara xas bədbəxtçilikdir: onlara elə gəlir ki, bütün dünya bunların alimlərinin, yazıçılarının ətrafında dövr edir, amma heç kim də bunu etiraf etmək istəmir, çünki bütün dünya onların paxıllığını çəkir, onları yer üzündən silməyə, onların elmini, mədəniyyətini (!) yox etməyə çalışır.
Yalnız öz gücünə, potensialına inamını itirmiş, özündən əmin olmayan, təkcə keçmişi ilə deyil, gələcəyi ilə bağlı da kompleks yaşayan xalqlar bu cür miflərin girovuna çevrilir. Belə miflərlə təsəlli tapmağa, “böyüməyə” çalışır.
Və biz məlum tarix dərsliyindəki məşum biabırçılığı da bununla əlaqələndirməliyik. Bütün kiçik xalqlara xas mif xəstəliyinin görsənişi saymalıyıq. Yoxsa o yazılanların başqa heç bir adı yoxdur.
***
Onsuz da mənim bugünkü Azərbaycan təhsilindən heç bir gözləntim yoxdur. O, yeni nəslə yalan və yaltaqlıqdan başqa heç nə öyrətmir.
Bir təhsil ki, əl boyda uşaqlara fondpulu, süpürgəpulu adı ilə rüşvəti dadızdırsın…
Bir təhsil ki, bir nəfərin Azərbaycan xalqı üçün əvəzedilməzliyi, “sönməz günəş”, “ölməz rəhbər” olması barədə yalanlarla doldurulmuş dərsliklərin ümidinə qalsın, ondan sadəcə, qorunmaq, ona sadəcə, ikrah etmək lazımdır.
Amma yenə də adama ağır gəlir ki, axı hansısa kəşfi illah öz ölkənin adı ilə bağlamağa çalışmaq, bütün dünyanın bildiyi həqiqəti təhrif edib özümüzü el-aləmə gülünc etmək niyə belə vacib olub? Axı niyə mən də bütün kiçik xalqların xəstəliyinə yoluxmalıyam? Niyə mən də onlar kimi, miflər, nağıllarla böyük görünməyə çalışmalıyam?
Axı bir əcnəbi çıxıb “Yaxşı, tutaq ki, Amerika sizin sayənizdə kəşf edilib, amma niyə siz hələ də corab istehsal edə bilmirsiniz?” desələr, nə cavab verərik?

Corab istehsal edə bilməyən ölkənin Amerikanın kəşfində rolu
•
•