Bir neçə gün qabaq dostlardan birindən təəccüb dolu zəng gəldi. “Oxumusan? – dedi – ”Yeni Müsavat”da Xaliq bəyin yazısı çıxıb”. Dərhal internetə baş vurdum və musavat.com saytında “XALIQ BAHADIRDAN ƏKRƏM ƏYLISLIYƏ SANBALLI CAVAB” başlıqlı yazıyla qarşılaşdım. Təqdimatı oxuyanda lap çaşdım, “Allahım, nə günahın sahibiyik?” deyə özüm-özümdən soruşdum. Başlığın altında belə bir təqdimat vardı:
“Bir sıra media qurumlarında ”Azadlıq” qəzetinin yazarı Xaliq Bahadırın yazıçı Əkrəm Əylisliyə cavab olaraq yazdığı “Dönüklüyün dəli yuxuları” başlıqlı yazısı dərc olunub. Musavat.com bu yazını tirajlamağı məsləhət bilərək hesab edir ki, TANINMIŞ jurnalistin iri həcmli yazısı oxucular üçün maraqlı olacaq”.
Məsələ aydındı. Başqa bir tanınmış jurnalist Şahvələd Çobanoğlu ilə “Yeni Müsavat” arasında başlayan söz savaşı gedən vaxtda Xaliqin yazısı onlar üçün göydəndüşməydi. Üstəlik, yazı “Azadlıq”da çap olunmamışdı. Bunun qəzetə əlavə dividendlər gətirəcəyi ehtimalıyla yazının “oxucular üçün maraqlı” olacağını düşünüblər.
Musavat.com-dakı təqdimat yadıma keçənləri saldı. Müxtəlif adlar – Etibar Seyidağa, Elşad Məmmədli, Azər Ayxan və başqa ad altında yazılar yazan “Yeni Müsavat”ın baş redaktoru Rauf Arifoğlunun bir vaxtlar dediklərini xatırladım.
“…”Yeni Müsavat” qəzetinin sahibi və baş redaktoru Rauf Arifoğlunun X.Bahadırın onun barəsində dediklərinə münasibəti qısa olub: “Xəstə, problemləri olan adamdır…”.
“…”Azadlıq” qəzetinin müəllifləri Xaliq Bahadır, Seymur Həziyev və Sücəddin Şərifov ardıcıl olaraq şəxsimə yönəli təhqirlərlə dolu, “”Yeni Müsavat” Prezident Aparatından idarə olunur” ittihamlarını özündə əks etdirən yazılarından sonra cavab olaraq “Azadlıq” qəzetinin sahibi Əli Kərimliyə yönəli bəzi faktları dərc etdik. Bir sözlə, atəşi birinci “Azadlıq” qəzeti açıb”.
Bundan başqa, Xaliqin tənqidlərinə bu qəzet müxtəlif adamlardan təhqiramiz formada münasibət “alıb”. Məsələn, Gülağa Aslanlı: “Güman edə bilərəm ki, axırıncı mitinqdə döyüldükdən sonra Xaliq Bahadır xeyli geriyə çəkilib və bu, hakimiyyət qarşısında götürdüyü hansısa öhdəliklə bağlıdır”.
Yaxud başqa biri, bu dəfə AXCP-dən “cavab”. Fuad Qəhrəmanlı: “Belə güman edirik ki, artıq cəmiyyət də, oxucular da onun həmin bu tipli açıqlamalarını ciddiyə almır”. Mən şəxsən Fuadın bu cür açıqlamanı ləyaqətinə sığışdırdığını hələ də düşünmürəm.
Rauf Arifoğlunun başqa bu kimi təhqiramiz yazılarına heç vaxt münasibət bildirməmişəm. Xaliq qardaşım (həm də böyük) olduğu üçün subyektiv qəbul ediləcəyini düşünmüşəm. Bir də mənim aləmimdə siyasətdə, jurnalistikada qardaş anlayışı yoxdur. Çox yaxşı münasibətimiz olan Zərdüşt Əlizadə də bir neçə dəfə mənim yanımda Xaliqin yazıları, mövqeyi barədə heç də xoşuma gəlməyən sözlər deyib. Düşüncələrini bölüşməsəm də ona da cavab verməmişəm. Mübarizəni doğma qardaşlarımızı müdafiə üçün aparırıqsa, deməli, çox yanlış yoldayıq. Xalqa yalan satırıq. Alverlə məşğuluq…
“Facebook”dan başlayan Şahvələd Çobanoğlu – Azər Ayxan söz atışması saytlara, sonra qəzetlərə çıxdı. Onu da deyim ki, Azər Ayxanın adından “Azadlıq”a göndərilən yazının çapının əleyhinə olmuşam. Birincisi, yazını Rauf bəyin yazdığına zərrə qədər şübhəm olmayıb. Əleyhinə çıxmağıma bir səbəb bu: hər kəs öz adıyla yazmalıdır, ikincisi, Azər Ayxan öz qəzetində, Şahvələd bəy də “Azadlıq”da münasibət bildirib. Həm də yazıda bir neçə yönə ənənəvi şantaj elementləri görünür. Şahvələd Əli Kərimlinin arxasında gizlənməkdə ittiham olunur. Əli Kərimlinin arxasında qorunmaq belə asandırsa, orda bu gün türmədə olan qaynı yer almalıydı, hamıdan bir köynək yaxın olduğu üçün. Hələ pasportsuz qalmasını demirəm…
Xaliq Bahadıra görə narahat deyiləm. Əslində siz onu tərifləsəniz narahat olaram. Tələbəlik illərindən tanıdığım Şahvələdə görə də narahat deyiləm. Onun özünün o illərdən dediyi bir sözü var: “Böhtandan qorxub doğrunu deməyən böhtançının yanındadır”.
Şahvələd Çobanoğlu indi “Azadlıq”da aldığından çox qonorarla bir neçə il qabaq “Yeni Müsavat”da yazırdı. Oradan birdəfəlik getməsinin səbəbi “Yeni Müsavat”ın Ilham Əliyevin Dubay villaları barədə xarici mətbuatda yayılmış xəbəri “görməməsi” və qəzetin şərlənərək həbsə atılan Adnan Hacızadə, Emin Milli ilə bağlı hakimiyyətin mövqeyini əks etdirən, onlara “agent” damğası vuran yazı yazması oldu. Sonra bu tipli materiallar artmağa başladı. Yaxşı padşah, pis ətraf, işgüzar nazir obrazı və s. Bu gün hər şeyə – şərləmələrə, şantaja, müxalif düşərgədən olanlara çamur atmağa göz yumaq. Şahvələdi də bütün bəlalarımızın səbəbkarı elan edək. Axı, gündəlik çıxan “Yeni Müsavat” qəzeti, orda gedən yazılar, başlıqlar ortadadır.
Elə Elşad Abdullayevin yaydığı yeni videonun qəhrəmanı ilə bağlı mediforum.az-a məxsus “Rasim Ildırımzadə kimdir?” başlıqlı yazını vermisiniz, amma oradan polkovnikin Ramil Usubovun qohumu olması cümləsini çıxarmısınız (dəyişməyin, yazının şəklini saxlamışam).
Mən sizə qəzəbli deyiləm, nifrət də etmirəm. Sizi tanıtmağa da ehtiyac görmürəm. Onsuz da hamı tanıyır. Bu yazını da niyə yazdım? Bir tərəfdən demək istəyirəm ki, sadəcə adam bunları görəndə jurnalist olmağa, müxalifətçi olmağa görə utanır. Son sözüm odur ki, gedin açıq işləyin. Mübarizəyə bu qədər zərbə vurmayın, xalqı çaşdırmayın, müxalifəti parçalamayın. Bu ölkəyə, bu xalqa bu qədər qıymayın!
“Böyük sevgi” haqqında
•