cavid-ziya

Ziya Məmmədov Cavid Qurbanovu qəzəbləndirib

cavid-ziya«Azəryolservis» şefi nəqliyyat nazirinin keçirdiyi iclası əsəbi şəkildə tərk edib

“Azəryolservis”in şefi Cavid Qurbanov nəqliyyat naziri Ziya Məmmədovun fevralın 21-də keçirdiyi kollegiya iclasını əsəbi şəkildə tərk edib. Bu barədə “Azadlıq”a daxil olan məlumatlarda deyilir ki, Cavid Qurbanovun bu demarşı yol işçilərinin peşə bayramı günü Ziya Məmmədovun iclasda onu tənqid etməsinə cavab olub. “Azəryolservis” şefi iclası tərk edən kimi hakim Yeni Azərbaycan Partiyasının saytına müsahibə verib.
Həmin müsahibədə bircə dəfə də Nəqliyyat Nazirliyinin adını çəkməyib. Sanki “Azəryolservis” müstəqil qurumdur. Nəqliyyat Nazirliyində də bu belə qiymətləndirilir.
Biz hələ bir müddət əvvəl məlumat vermişdik ki, Ziya Məmmədovla Cavid Qurbanovun münasibətləri pozulub. Bunun bir səbəbi Cavid Qurbanovun özünü Ziya Məmmədovun tabeliyində olan digər məmurlarla müqayisədə müstəqil aparmasıdırsa, başqa bir səbəbi fövqəladə hallar naziri Kəmaləddin Heydərovla yaxınlaşmasıdır. Indi Ziya Məmmədov Cavid Qurbanovu “vurmağa” çalışır. Cavid Qurbanov isə bunu bildiyindən “Azəryolservis”i müstəqil quruma çevirmək istiqamətində iş aparır.
Məlumatlarda bildirilir ki, Ziya Məmmədov fürsət düşmüşkən öz əyər-əskiklərini də Cavid Qurbanovun ayağına yazmaq niyyətindədir. Hətta nəqliyyat nazirinin “Azəryolservis” şefi barədə komparamat qovluğunu yaxın vaxtlarda ölkə başçısına təqdim edəcəyi bildirilir.
Xatırladaq ki, Ziya Məmmədov fevralın 21-də kollegiya iclası keçirib. Nazir çıxışı əsasən yollarla problemə həsr olunub.