Tələbələr hakimiyyəti qorxu içində saxlayır

Əvvəlki günlərdə də xəbər verdiyimiz kimi bir qrup tələbə gənc “Facebook” sosial şəbəkəsində “Azərbaycanlı tələbələrin boykot günü” adlı tədbir yaradıblar. Boykot Azərbaycan təhsil sisteminin bərbad vəziyyətdə olması ilə bağlıdır. Gənclər bütün tələbələri 27 fevral günü dərsləri boykot etməyə çağırıb. Təşkilatçılar boykotun səbəblərini belə izah edilər: “Bizə küçədə etiraz etməyə icazə vermirlərsə, biz də evdən çıxmadan etiraz edək! Tələbələri ilin bir günü də olsa, birləşməyə və haqqımızı tələb etməyə səsləyirik. Gənc və təhsilli nəsil. Hər şey bizlərdən başlamalı. Biganə qalmayaq. Bizə təhsil lazımdı!”
Təşkilatçılar sosial şəbəkələrdə belə bir bəyanatla çıxış ediblər.
“Biz tələbəyik. Bütün fəaliyyət sahələri üzrə gələcəyə gedən yolun bələdçiləri, xalqımızın inkişaf tarixinin lokomotiviyik və 27 Fevral tarixində baş verəcək bu möhtəşəm etiraza qol qoymuş, daha mütərəqqi təhsil, daha ədalətli təhsil sistemi tələb edən mətin, dönməz tələbə yoldaşlarımızla fəxr edir, nadanlıq, cəhalət rəmzinə çevrilmiş “kreslo sevdalılarına” və birbaşa Təhsil Nazirliyinə, universitet rəhbərliklərinə, eyni zamanda cavabdehlik daşıyan bütün dairələrə etiraz edir, öz təbii hüququmuzu tam şəkildə tələb edirik. Tələblərimiz:
– Təhsildə rüşvətə köklü və birdəfəlik son qoyulsun;
– Cavan kadrlar müəllim kimi işə cəlb olunsun;
– Tələbələrin təkcə nəzəri deyil, eyni zamanda real və effektiv praktiki biliklərə yiyələnməsinə şərait yaradılsın;
– Tələbələrin işlə təmin olunmasına dair effektiv universitet daxili mərkəzlər istifadəyə verilsin;
– Dövlət sifarişli qəbul yerlərinin azalması tendensiyası dayandırılsın, təhsil haqları maksimum azaldılsın; (Bir halda ki, iqtisadi inkişafdan danışırsınız.)
– Nisbətən ağırlıqlı dərslər ilk kursların proqramına daxil edilsin. (Tələbəni kəsməyə deyil, tələbəyə təhsil verməyə istiqamətlənmiş bir sistem istəyirik.)”
Boykota 30 minə yaxın insan dəvət edilib və 3 minə yaxın gənc “gedirəm” deyə cavab verib. Bu boykotun reallaşmasından qorxan və təşvişə düşən təhsil nazirliyi bir sıra tədbilər görməyə başlayıb.
Redaksiyamıza gələn məlumata görə təşkilatçılardan birinin atasına təzyiq olub. Universitetlərdə isə dekanlar bir bir otaqlara daxil olaraq, tələbələri 27 fevral günü dərs buraxmamağı tapşırıb və həmin gün dərsə gəlməyəcək olanları hədələyiblər.