Hüqo və Azərbaycan polisi

Ada, soyada baxırsan, şimşək kimi çaxır: Rasim Ildırımzadə!
Vəzifəsinə baxırsan, göz qaralır: Hava nəqliyyatında polis rəisi!
Rütbəsi ilə tanış olursan, bəh, bəh, maşallah olsun: polkovnik-leytenant!
Yan yörəsi ilə tanış olursan; qardaşı rayon prokuroru və ölkənin daxili işlər naziri ilə qohum.
Adamın məşğul olduğu işi görürsən və “vay halımıza”dan başqa bir söz demirsən.
Elşad Abdullayevin yaydığı videodan gördük.
Yuxarıda adını zikr etdiyimiz möhtəbər şəxs saxta pasport verməyin onun üçün su içmək qədər asan olduğunu bildirir. Təkrar edək: Polis məmuru istədiyi adama saxta pasport verə biləcəyini deyir. Özü də bir pasport yox, kefi istəsə 4-5-ni.
Həm də bu pasportu cinayətkar adama verir.
Burda biz ayaq saxlayıb vəziyyətin necə dəhşətli olmasına diqqət edək.
Birinci dəhşəti az da olsa şərh etdik. Bizim polis sistemi banditizmə qurşanmış adamlarla doludur. Onlar adam öldürür, adam oğurlayır, cinayəti ört-basdır edir, saxtakarlığlı çiçəkləndirirlər və s.
Elşad Abdullayevin yaydığı son video mənim Azərbaycan polisi barədə qənaətimi lap gücləndirdi.
Deməli, Azərbaycanda nə polis var, nə də onun rütbəsi…
Azərbaycanda uniformalı hacıməmmədovlar var. Sadəcə onları fərqləndirmək üçün belə demək olar; balaca hacıməmmədov, yekə hacıməmmədov, yemyekə hacıməmmədov.
Bu hökumət qondarma bəhanələrlə müxalifətin ən önəmli siması Əli Kərimliyə 7 ildir pasport vermir. Belə bir halda isə bəlli olur ki, əl altından, qara yolla nə qədər desək, elə polisin özündən pasport almaq olar. Bu bir mesajdır; Yəni Əli Kərimli və onun kimilərə demək istənilir ki, mafioz olun, sizə bir nədir, onbir pasport verək.
Azərbaycan hökuməti illərdir başımızı ölkədə təhlükəsiz şəraitin hökm sürdüyü ilə ağrıdır. “92-93-də küçəyə çıxa bilmirdik” deyənləri indi nəinki küçədə gəzə, heç evlərində sakit otura bilmirlər. Oğurlanırlar. Həm də heç demirlər ki, səni niyə oğurladıq.
Elşad Abdullayev dostu olan “hava polisi”nə dirəşir ki, axı qardaşının günahı nədir? Cinayət törədib? Yox. “Çaşıb?”. O da yox. Bəs nə? Yenə cavab yoxdur.
Yadıma illər uzunu bir “el ağsaqqalı”nın tövsiyəsi düşür. O deyirdi, ayda bir dəfə arvadı səbəb demədən döymək lazımdır. Soruşurdum, səbəbi gizlətmək neyçün?
Deyirdi, bəlkə arvad sənin bilmədiyin bir səhvi edib, qoy elə bilsin ki, ona görə döyülür.
Dövlət də, o “ağsaqqal”ın mağara təfəkkürü ilə idarə olunur.
Bu videoda daha nə öyrənirik?
Qanunun işləmədiyi yerlərdə insanlar arasında münasibətləri yazılmamış qanunlar idarə edir. Məsələn, əhdə vəfa, kişi sözü, mərdlik, din-filan. Bu videoda isə görünür ki, bu cür dəyərlər də hakimiyyətdəkilər üçün heç nədir. Polkovnik Elşad Abdullayevlə guya illərin dostudur. And içir, aman edir, kişilikdən danışa-danışa həm də yalan deyir, dostunu aldadır, onun qarət olunmasında rol alır.
Indi sadə sualları cavablamağa çalışaq: Bir ölkənin ciddi polis məmuru saxta pasport alverindədirsə, polis adam oğurluğunun təşkilatçısı, icraçısı, vasitəçisidirsə, o ölkə meşəyə daha çox oxşayır, yoxsa normal quruluşa?
Deysən, Hüqonun sözüdür. O deyirdi: “Mən olmasaydım bəşəriyyət bilmirəm nədən məhrum olardı, amma polis olmasaydı, çox şey itirilərdi”.
Görəsən, Hüqo Azərbaycan polisinin cinayət serialları ictimailəşdikcə qəbrində özünü söyür, ya bizi?