NƏ VAXTADƏK?!
Mən şair deyiləm. Ən azından, Ramiz Rövşən, Musa Yaqub kimi söz nəhənglərinin yanında bu iddiaya düşəcək qədər reallıq hissini itirməmişəm. Diqqətinizə təqdim etdiyim bu parçanı da şeir kimi yox, misralara köçürülmüş düşüncələrim, duyğularım, etirazım kimi dəyərləndirməyinizi rica edəcəyəm.
Bu parçanı qələmə alanda mənim 19 yaşım vardı. O zaman, Xocalı faciəsinin bir illiyi yaxınlaşırdı və içimdəki gənclik maksimalizmi ilə hələ də Xocalının qisasını ala bilmədiyimizi heç kimə, birinci də, elə özümə bağışlaya bilmirdim. İçimi düşməndən daha çox millət olaraq öz acizliyimizə nifrət hissi gəmirirdi. O vaxt kimsə mənə desəydi ki, aradan 20 il keçəcək və 20 ildən sonra bölgənin lider dövləti olan, hərbi büdcəsi düşmən dövlətin büdcəsini diz üstə qoyan, artıq həkimini, müəllimini, təqaüdçüsünü, əlilini, qaçqın və köçkününü yəqin ki, artıqlaması ilə doyuzdurub xaricə kapital ixrac etməyə başlayan neft və milyardlar səltənəti ölkəm, nəinki işğal olunmuş bir kəndini belə azad edə bilməyəcək, əvəzində ermənilərin Xocalıda tikdikləri hava limanından Azərbaycan səmasına qalxacaq erməni mühərrikinin uğultusunun səksəkəsi ilə yaşayacağıq, heç şübhəsiz, o adama da nifrət edəcəkdim. Bəlkə də, hələ ürəyimdə onu sapı özümüzdən olan balta, düşmən dəyirmanına su tökən manqurt da adlandıracaqdım. O zaman belə fikirləşirdim. İndi isə nə fikirləşəcəyimi də bilmirəm. Bir yandan da ümid bağladığımız neft milyardları ümidlərimizi puç etdi, üstəlik, gələn ildən neft gəlirlərində kəskin azalma başlayacaq. Düzdür, Avrovijn keçirdik, Rihanna, Şakira və Cennifer Lopesin üçünü bir arada qarşılayıb-yola salmaqdan xeyli xoşbəxt olduq. Bəzi başqa şeylər də oldu. Bəs Qarabağ nə oldu? Bəs bir milyon insanımızın 20 ildir çəkdiyi zülmü kimin ayağına yazaq? Bəs “oğlum nə üçün ölmüşdü?” soran şəhid analarını nə ilə ovudaq? Bəsit suallardır. Ancaq 20 ildir 9 milyon insan bu sualların əlində aciz qalıb. Sonda bir bəsit sual da verəcəyəm: nə vaxtadək?
Allahın balaca qızı
Bu körpənin əli bumbuz,
İsti yarası qan sızır…
…Dünyanın hansı qansızı
Ananın ahından keçib,
O bir Allahından keçib
Qətlinə qol qoydu, bala?
Sənə necə qıydı, bala?..
Bu bəxti Tanrı yazmayıb,
Göydə belə yazı yoxdur.
Allahın da ürəyi var-
Nə olsun öz qızı yoxdur!
Göydə belə zülm olmaz!
Göylər belə zalım olmaz!
Allah,
Bu körpəyə qıyan cəllad,
Görən sənin bəndəndimi?
İmandanmı, dindəndimi?
O da çörəyindən yeyib?
O da mı suyundan içib?
O da mı dara düşəndə
Əllərini sənə açıb?
O qansıza can verəndə,
Sən özün günaha batdın!
Bu qızı yaradan Allah,
Bəs onu niyə yaratdın?
Körpə bala,
Səndən çox-çox uzaqlarda,
İki qəbir od götüüb yanır indi.
Atanın da, ananın da,
O dağların, daşın üstdə,
Bəlkə elə başın üstdə,
“Bala” deyib haraylayan
Ruhu sərgərdandı indi.
Rahat-rahat uyu, bala
Dərd etmə ki,
Bu yadların arasında anan yoxdur.
Yaralarını sarıyan,
Sənə laylay çalan yoxdur.
İndən belə,
laylayını
Yazda baharın yelləri,
Payızda yağış çalacaq!
Tufanıyla, boranıyla qış çalacaq!
İndən belə torpaq – anan,
Sən- torpağın qızı, bala!
Daha sənə zaval yoxdur,
Yazıq bala, quzu bala…
O anaya baxma, bala,
Bu ananın qucağında,
Güllə səni tuta bilməz,
Ən amansız düşmən belə,
Bura güllə ata bilməz!
O anaya baxma, qızım,
Indən belə qorxma, qızım!
Bu körpənin gözlərində,
Nə hiddət var
Nə nifrət var.
Bu körpənin gözlərində
Bircə sual donub qalıb.
O bir sual mənliyimi məndən alıb,
Beynimdən, qanımdan,
Ruhumdan, canımdan
Bəlkə yüz biçimdə keçib,
Sıyrılıb, içimdən keçib
Ürəyimi dəlir, dəlir…
O sualın cavabında…
Adamın ölməyi gəlir…
…Ürəyində oyanmamış neçə istək,
Neçə-neçə cücərməmiş arzu qalıb.
Barmağında taxmadığı üzük yeri,
Gözlərində kimlərinsə gözü qalıb…
Gözəl balam,
Bu dünyanın
gecəsindən, səhərindən,
xeyrindən, şərindən
Nə gördün, nə götürdün ?
Sən hələ sevəcəkdin axı!
Sən hələ seviləcəkdin!
Bir gün özün də kiməsə “balam” deyəcəkdin…
Bu körpənin əli bumbuz,
İsti yarası qan sızır.
Kimi gözünün yaşıyla,
Kimi ahı, qarğışıyla,
Bir yanda kəfənin biçir,
Bir yanda qəbrini qazır…
Uyu, yerin yumşaq olsun,
Allahın balaca qızı,
Allahın doğmaca qızı…
26 yanvar, 1993.