Əli Kərimlidən Xocalı çağırışı

“Hamı bilsin ki, bu hakimiyyətdən vətən, millət dərdi çəkən olmaz”

AXCP sədri Əli Kərimli Xocalı soyqırımının ildönümü ilə əlaqədar müraciət yayıb. Facebook səhifəsində paylaşdığı müraciətdə o, hakimiyyətin Xocalı qırğını və ümumiyyətlə Qarabağ mövzusunda saxta vətənpərvərlikdən uzağa getmədiyini, qeyri-səmimi olduğunu bildirib və bunun sübutlarından biri kimi İctimai Palatanın fevralın 26-na təyin etdiyi Xocalı yürüşünə razılıq verməməsini göstərib. AXCP sədri yazıb:

“Mənim Milli Məclisdə təmsil olunduğum 1990-cı illərin sonları -2000-ci illərin əvvəllərində parlamentdə Xocalı ilə bağlı çox mübahisələrimiz olub. O zaman YAP hakimiyyəti parlamentdən Xocalı ilə bağlı çox zərərli və saxta qərar keçirmək istəyirdi. Təqdim etdikləri layihədə Xocalıda baş verənlərə görə məsuliyyət daşımalı olan 17 nəfər azərbaycanlının adı var idi. Hökumət faciə baş verən zaman Azərbaycanda yüksək vəzifələrdə olmuş şəxsləri – Tamerlan Qarayevdən Ayaz Mütəllibova qədər faciəyə görə əsas günahkar elan etmişdi. Bununla da əsas cinayətkarları, erməni-rus hərbi birləşmələrini məsuliyyətdən uzaqlaşdırmışdı. Bizim təkidlərimizə baxmayaraq, qərar layihəsində Xocalıda insanlıq əleyhinə cinayətlərin əsas təşkilatçıları olan o zamankı Ermənistan prezidenti Köçəryan və indiki prezident Sarkisyanın məsuliyyət daşımaları haqda bənd qərar layihəsinə əlavə olunmurdu. Eləcə də Sovet Ordusunun 366-cı alayının bu qətliamda iştirakı barədə heç nə deyilmirdi. Biz çox çətinliklə bir neçə il həmin qərarın qəbulunun qarşısını aldıq. (O zaman parlamentdə 15-17 müxalifətçi var idi və biz iclas zalını tərk etdikdə YAP-çılarda qanunun qəbulu üçün tələb olunan say alınmırdı). Bir neçə ildən sonra kimsə bunları başa saldı ki, bu rüsvayçı qərarın qəbuluna təkid etmək lazım deyil. Beləcə də layihə qəbul olunmamış qaldı.

Bu hadisəni niyə indi xatırladıram? Hakimiyyət bir neçə ildir ki, vətənpərvərlik maskası taxıb, Xocalı, Qarabağ mövzularını maksimum istismar edir. Bəzi təcrübəsiz gəncləri də hiss edirəm ki, aldada biliblər. Amma hakimiyyətdəkiləri çoxdan tanıyan adamlar yaxşı bilirlər ki, bunların “Qarabağ sevgisi” heç vaxt səmimi olmayıb. Həmişə Qarabağ boyda dərdimizin olmasından rejimdən narazıları susdurmaq və sadə vətəndaşın gözündə ucuz xallar qazanmaq üçün sui-istifadə ediblər.

Əlavə sübut istəyənlərin nəzərinə: İctimai Palata 26 fevralda Xocalı soyqırımını yad etmək məqsədilə yürüş keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmişdi. Yürüşdə dinc Xocalı sakinlərinə divan tutmuş erməni cinayətkarların beynəlxalq hüquqi məsuliyyəti tələb olunacaqdı. Xocalı yürüşünə razılıq vermədilər. Belə bir anti-milli mövqeyin izahı varmı?

Hamı bilsin ki, bu hakimiyyətdən vətən, millət dərdi çəkən olmaz. Nəinki Qarabağ boyda, elə Azərbaycan boyda da dərdi bu millətin sərvətini yox, özünü sevənlər, bu millətin azad, ədalətli yaşayışı üçün tutulmağı, döyülməyi, ölümü belə gözə almış fədakar insanlar çəkəcək.

26 fevralda saat 14:00-da İctimai Palata olaraq “Xətai” metrostansiyası qarşısında toplanıb, Xocalı şəhidlərini yad etməyə gedəcəyik. Sən də qoşul! Şəhidlərimizi unutmayaq!”.