«Dövlət Sosial Müdafiə Fondunda məsələlər vətəndaşların xeyrinə yox, kimlərinsə istəyinə uyğun həyata keçirilir»
Milli Məclisdə “Əmək pensiyaları haqqında” qanunun müzakirəsi zamanı deputat Bəxtiyar Əliyev Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fəaliyyətini kəskin tənqid edib.
APA-nın xəbərinə görə, deputat Sosial Müdafiə Fondunda vətəndaşların ciddi çətinliklərlə üzləşdiyini söyləyib: “Əmək pensiyası ilə bağlı məsələ meydana çıxanda Dövlət Sosial Müdafiə Fondunun əməkdaşları qanuna öz yozumlarını verirlər. Istəyəndə yeni qanunu, istəyəndə köhnə qanunu tətbiq edirlər. Bu məsələni araşdırmışıq. Dövlət Sosial Müdafiə Fondunda bu məsələlər vətəndaşların xeyrinə, qanunun aliliyinə yox, kimlərinsə istəyinə uyğun həyata keçirilir. Qanunlar yalnız vətəndaşların vəziyyətinin yaxşılaşmasına xidmət etməlidir. Bu məsələyə yenidən baxılmalıdır. Azərbaycan məhkəmələri süni surətdə bu tipli məsələlərlə əlaqədar şikayətlərlə yüklənilir. Belə çıxır ki, vətəndaşlar məqsədli şəkildə dövlətdən narazı salınır”.
Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli də bildirib ki, həqiqətən belə məsələlər ortaya çıxır: “Bəzən burada bürokratik əngəllər meydana gəlir. Əlbəttə, problemlər var, bunu etiraf etməliyəm. Amma fərdi qaydada məşğul olanda bu məsələləri aradan qaldırmaq olur”.
Qeyd edək ki, dəyişiklik “Əmək pensiyaları haqqında” qanunun “Sosial xidmət haqqında” qanuna uyğunlaşdırılması məqsədi daşıyır.
Dövlət Sosial Müdafiə Fondundan məsələ ilə bağlı “Azadlıq”a bildirilib ki, Fond hər bir deputatın qaldırdığı məsələlərə diqqətlə yanaşır: “Millət vəkilinin qaldırdığı məsələ hərbi qulluqçuların pensiya təminatı ilə bağlıdır. 1992-ci ildə qəbul olunmuş ”Hərbi qulluqçuların pensiya təminatı haqqında” qanuna əsasən, 20 il və daha çox xidmət etmiş hərbi qulluqçuların pensiya təminatı hüququ var idi. 2004-cü ildə həmin qanuna edilmiş dəyişikliyə əsasən isə, 20 il 20 təqvim ili ilə əvəzlənib. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” qanununun normaları müvafiq qaydada “Əmək pensiyaları haqqında” qanuna inteqrasiya olunub. 2007-ci ildən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərin məcburi dövlət sosial sığortasına cəlb edilməsi, fərdi uçotla əhatə olunması, həmin şəxslərin əmək pensiyaları ilə təminatına keçilib. Bu tədbirlər nəticəsində hərbi qulluqçular və xüsusi rütbəli şəxslərin yeni sığorta-pensiya sisteminin üstünlüklərindən istifadə etmələrinə imkan yaradılıb.
2004-cü ilədək qüvvədə olmuş normalara əsasən, hazırda əmək pensiyası təminatı məsələsinə şərh verilməsilə bağlı Konstitusiya Məhkəməsinə müraciət olunacaq”.
Nigar


