Bir aksiomanın izi ilə

Lap “kor kora kor deməsə…” situasiyasıdır: yaptokratlar ATƏT-ə-zada qəzəbləniblər ki, niyə Ermənistandakı prezident seçkisi şousuna müsbət rəy veriblər, seçkinin nəticələrini tanıyıblar. 2010-da Azərbaycanda parlament seçkisi şousunun “qəhrəmanlar”ının belə qara-qışqırığı adamı dəhşətə gətirir: 21-ci əsrdə müxalifətsiz “parlament” formalaşdırarsansa, artıq düşmən ölkənin qeyri-azad seçkiləri haqqında danışmaq haqqını da itirərsən! Sən öz ölkəndə müxalifətçilərin nəinki deputat, heç deputatlığa namizəd olmasına da dözmədinsə, o zaman başqasının – bu hətta sənin torpaqlarını işğal edən ölkədirsə belə! – seçki adına qurduğu tamaşaya qaldırdığın etiraz səsini kim dinləyər, kim ciddiyə alar?
Sənin ölkən aylardır “mandat alveri” videosu ilə silkənirsə…
Avropa Insan Haqları Məhkəməsi sənin ölkəndə keçirilən seçkilərdə saxtakarlığın, haqsız mübarizənin olduğunu təsdiqləyən qərarlar çıxarırsa…
Sən özün aylar sonra keçirilməli olan prezident seçkisinə qanunsuz həbslərlə, etirazçı səsləri – fəalları, qəzetləri yüksək cərimələrlə susdurmaq, fərqli düşünən hər kəsi düşmən elan etmək yolu ilə gedirsənsə, o zaman hansı üzlə Ermənistandakı seçki komediyasına başqalarından ədalətli münasibət tələb edə bilərsən axı?
Mən tez-tez yazıram bunu: sən öz vətəndaşına ədalət verməsən, heç vaxt dünyadan Xocalıya ədalət istəyə bilməzsən!
Sən öz vətəndaşına yalan danışırsansa, heç vaxt dünyadan Azərbaycan həqiqətlərinə inanmağı gözləyə bilməzsən!
Bu aksiomadır. Sən bir dənə demokratik seçki keçir, gör onda Ermənistan qarşısında hansı mənəvi üstünlük qazanırsan, gör onda dünyanın sənə və Ermənistana olan münasibətində necə kəskin fərqlər yaranır, gör sənin mövqeyin nə qədər güclənir.
Yox, sən gücünü yalandan, saxtakarlıqdan, oğurluqdan alarsansa, onda haqlı ikən də haqsız duruma düşərsən. Öz xalqına o qədər yalan danışarsan ki, artıq dünya sənin torpaqlarının işğalına da inanmaz, quşqulanar ki, bunda yalan danışmadığın hardan bəllidir! Axı elə bu bizim xalqın ata sözüdür: yalançının evi həqiqətən yananda da ona heç kim inanmır.
Azərbaycandakı siyasi sistemin iyrəncliyi bundadır: o bizi haqlı olduğumuz məsələlərdə də haqsız göstərir, əlimizi zəiflədir, sözümüzü kəsərdən salır. Sonra da başqalarından tələb edir ki, bizə və işğalçıya münasibətdə haqlı olsun, dürüst olsun.
Bu ölkədə gücünü xalqdan və həqiqətdən alan bir hakimiyyət bərqərar olacaq ki, kimsənin sənin sözünə şəkk-şübhəsi qalmasın.
***
Bəli, mən düşünürəm ki, Ermənistandakı seçkilərin seçkinin “s”inə belə dəxli olmayıb, o artıq bizim də adət etdiyimiz, son 20 ildə Əliyevlərin quruluşunda öz siyasi səhnəmizdə də tez-tez izlədiyimiz bir tamaşa kimi keçib. Çünki mən 21-ci əsrdə başqa bir xalqın torpağına iddia edənlərin azad, adil seçki keçirə biləcəyinə heç vaxt inanmaram.
Amma dərd burasındadır ki, yalnız başqa xalqın torpağında gözü olanlar yox, həm də öz xalqının sərvətinə, büdcəsinə əyri gözlə baxanlar da azad, adil seçki keçirə bilməzlər. Istəyir başqa ölkənin torpağını qamarlayan olsun, istər öz ölkəsinin torpağının altındakı və üstündəki sərvətləri oğurlayan olsun – onların zehniyyəti ədaləti, dürüstlüyü inkar etməkdən başqa heç nəyə qadir deyil. Bu mənada Azərbaycandakı və Ermənistandakı rejimlərin bir-birinə deyəcək heç bir sözü, iradı ola bilməz. Onlar bir medalın iki üzüdürlər, başqa heç nə!
***
Artıq bunu anlamağın vaxtı gəlib, hətta bəlkə də çoxdan keçib: çoxlu pullar Azərbaycanın mövqeyini dünyada gücləndirə bilməz. Bizi Qarabağa yaxınlaşdıra bilməz.
Azərbaycan yalnız azadlığa, ədalətə, demokratiyaya qovuşmaqla…
21-ci əsr dəyərlərinə layiq bir dövlət və cəmiyyət qurmaqla…
Çağdaş sivilizasiyanın bir parçası olmaqla…
Hüququn, insan haqlarının, milli iradənin üstünlüyünü təmin etməklə qarşısındakı bütün əngəlləri aşa, dəf edə bilər.
Yoxsa üzdə plyonkaları, arxada da büdcəni sökməklə bir yerə varılmaz.
Dünya lap işğalçıya işğalçı dedi, hə, nə olsun? Amma sənə də korrupsioner deyəcəksə, nə mənası qalacaq bunun, nə nəticəsi olacaq?