Hakimiyyət Xocalı yürüşünə də icazə vermədi

Hər il olduğu kimi bu il də Ictimai Palata fevralın 26-da Xocalı soyqırımının növbəti ildönümünü anmaq üçün “Amay” ticarət mərkəzinin qarşısından “Ana harayı” abidəsinin önünədək yürüş planlaşdırmışdı. Bununla bağlı Bakı şəhər IH-nə müraciət ünvanlanmışdı. Ancaq hakimiyyət həmişəki kimi ənənəsinə sadiq qalıb yürüşə icazə vermədi.
Icazə verilməmə səbəbini isə, həmin vaxt dövlət başçısının, millət vəkillərinin, diplomatların Xocalı abidəsini ziyarət edəcəyi, təhlükəsizlik baxımından yollarda məhdudiyyət yaranacağı ilə əsaslandırıblar. Başqa vaxt ümummilli məsələlərdə həmrəyliyin vacibliyindən danışan hakimiyyət, bu məsələdə də insanları parçalamaq mövqeyi tutdu. Görəsən hakimiyyət üçün həmrəylik hansı məqamlarda lazımdı? Ölkə başçısı belə bir gündə də xalqla birlikdə olmağı vacib saymırsa, bu, ciddi nöqsandı. Hakimiyyət bir daha sübut etdi ki, həmrəylik, vətənpərvərlik, ümumxalq maraqları onun üçün siyasi hakimiyyətinə təhlükə yarananda önəmli olur.
Əslində bu cür tarixlərin bir önəmli tərəfi də ondadır ki, xalq onu idarə edənlərin “səmimiyyətini” bir daha görür.
AXCP sədrinin müavini Gözəl Bayramlı hakimiyyətin bu addımına təəssüfləndiyini bildirdi: “Hakimiyyət göstərdi ki, onlar üçün heç bir halda ümumxalq maraqları əhəmiyyət kəsb eləmir. Bu cür tarixi günlərdə biz dünyaya xalq olaraq birliyimizi, ümumxalq maraqlarının hər şeydən öndə olduğunu göstərməliyik. Ancaq hakimiyyət öz avtoritar mahiyyətini yenə də ortaya qoydu”.
IP Koordinasiya Şurasının üzvü Mehriban Vəzir də bu addımın təəssüf doğurduğunu deyir: “Əgər hakimiyyət bunu təhlükəsizlik məsələsi ilə əlaqələndirirsə, yürüşün vaxtına dəyişiklik edib öz təklifini verərdi. Ancaq birmənalı şəkildə icazə verilməməsi onu göstərir ki, bu hakimiyyət sərbəst toplaşma azadlığına nifrət edir. Hətta matəm günlərində də insanların bir yerə toplaşmasından narahat olur”.

İlham Hüseyn